kosmetika

Kosmetika vasitələri alarkən nələri bilmək lazımdır?

Baxış sayı: 2. 289

Kosmetik vasitələrin istehsalında istifadə olunmuş xammal və materiallar Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə təsbit edilmiş tələblərə cavab verməlidir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istinadən bildirir ki, kosmetik vasitələrin mikrobioloji, toksikoloji, klinik-laborator göstəriciləri, tərkibində olan maddələrin xüsusi çəkisi normativ-texniki sənədlərdə göstərilmiş normaları aşmamalıdır.
.
İstehlakçı olaraq, hər kəs bu vasitələri alarkən onların qablaşdırılmasına, markalanmasına, saxlanma şəraitinə və temperaturuna diqqətlə yanaşmalıdır. Kosmetik vasitələrin etiketi üzərindəki mətn başqa dillərlə yanaşı, mütləq dövlət dilində olmalıdır. İstehlakçıya zəruri və düzgün məlumat verərək, onun düzgün seçim etməsinə şərait yaradılmalıdır. Etiketdə məhsulun adı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun xalis çəkisi, həcmi, miqdarı, effektiv, zərərsiz istifadəsi qaydaları, istehsal tarixi, yararlılıq müddəti və digər məlumatlar əksini tapmalıdır. Kosmetik vasitə alarkən məhsulun tərkibi haqqında məlumatları diqqətlə oxumaq lazımdır: “Əgər etiketdə bu haqda heç bir məlumat yoxdursa və ya məhsulun tərkibi tam göstərilməyibsə, belə məhsulu almaq məsləhət deyil. Bu vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas məhsullardan hesab edilir. Xüsusilə, tərkibinə alümin, butan, dietanolamin, propan, mineral və ya texniki yağ daxil olan kosmetik vasitələri alarkən istehlakçılar diqqətli olmalıdırlar. Kosmetik vasitənin üzərində onun hipoallergen olduğu barədə qeyd varsa, bu, məhsulun tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını göstərir. Kosmetik vasitələrlə bağlı istehlakçıların diqqət etməsi zəruri olan digər mühüm məqam məhsulların saxlama müddəti və saxlama şəraitidir. Xüsusilə, allergiyaya meyilli şəxslərə uzun saxlama müddətinə malik vasitələrdən istifadə etməmələri tövsiyə olunur. Belə ki, məhsulların uzun saxlama müddətini təmin edən konservantlar kosmetik vasitənin tərkibində nə qədər çox olarsa, allergik reaksiyanın əmələ gəlməsi riski bir o qədər çoxdur.
.
Kosmetik vasitələrin saxlama müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilir və bu müddət ərzində malların keyfiyyətinə təminat verilir. Məsələn, göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem, sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay saxlama müddətinə malikdir.
.
İstehsalçının müəyyən etdiyi saxlama şəraitinə riayət olunmaması, kosmetik vasitənin göstərilən saxlama müddəti bitmədən korlanmasına səbəb olan mühüm amillərdəndir. Kosmetik vasitələr 0-25 dərəcə temperaturda, qaranlıq, yaxşı havalandırılan, nisbi rütubətin 70%-i aşmadığı yerlərdə saxlanmalıdır. Tərkibində səthi aktiv maddələr və spirt olan kosmetik vasitələr isə 20 dərəcəyədək temperaturda saxlanmalıdır.
.
Saxlama müddəti ötmüş və ya saxlama şəraitinə əməl olunmadığından korlanmış kosmetik vasitələri rəngi, qoxusu, qatılığı və homogenliyi kimi bir sıra zahiri əlamətlərinə görə müəyyən etmək mümkündür.
.
Kosmetik vasitələrin saxlama müddətilə bağlı digər bir amil onların qablaşdırılma şəklidir. Hava ilə təmas səthi daha kiçik olan qablaşdırmada kosmetik vasitələr daha yaxşı saxlanır. Məsələn, tübikə qablaşdırılmış krem geniş ağzı olan qaba və ya bankaya qablaşdırılarsa, bu onun saxlama müddətini azaldacaq. Həmçinin əgər kosmetik vasitənin üzərinə qoruyucu plastinka (lövhəcik, təbəqə) çəkilmişdirsə, o atılmamalıdır və bir miqdar kosmetik vasitəni götürdükdən sonra üzəri yenidən örtülməlidir. Kosmetik vasitələrin satışı zamanı malın qablaşdırılması sellofan örtük və ya lentlə bərkidilmişdirsə, alıcının onun açılaraq yoxlanmasını tələb etmək hüququ var. Alıcı öz istəyi ilə bundan imtina edə bilər. Malın aerozol qablaşdırması alıcının iştirakı ilə satıcı tərəfindən yoxlanılmalıdır. Lakin lazımi keyfiyyətlərə malik kosmetik vasitə hər hansı səbəbdən istehlakçının xoşuna gəlməmişdirsə, alıcı bu malı başqa analoji malla dəyişdirmə imkanına malik deyildir. Belə ki, Nazirlər Kabinetinin 21 may, 1998-ci il tarixli, 114 N-li qərarına əsasən, qüsursuz və lazımi keyfiyyətə malik parfümer-kosmetik mallar pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxildir. Bu səbəbdən parfümer-kosmetik mal almış istehlakçı yalnız malda qüsurlar aşkar edildiyi və ya alğı-satqı zamanı mal haqqında həqiqətəuyğun məlumat verilmədiyi halda, malı geri qaytarmaq hüququna malikdir.İstehlakçılara satışda saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən kosmetik vasitələrlə qarşılaşdıqda aidiyyəti üzrə dövlət orqanlarına müraciət etmələri tövsiyə olunur”. (“Zaman Azərbaycan” qəzeti)



1 şərh “Kosmetika vasitələri alarkən nələri bilmək lazımdır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir