dollar

Kredit borcu hansı məzənnə ilə qaytarılmalıdır?

Baxış sayı: 1. 900

Mərkəzi Bankın qərarı ilə Manatın Dollar və Avro daxil bir çox xarici valyuta qarşısında kəskin ucuzlaşdırması dollarda banklardan götürülmüş kreditlərin hansı məzənnə ilə ödəniləcəyi gündəmə gəldi.

Götürülən borcun kredit götürülən zaman mövcud olmuş məzənnə ilə, yoxsa yeni məzənnə ilə ödəniləcəyi geniş müzakirə olunur.

Gencaile.az-ın məlumatına görə, “CLC” hüquq şirkətinin rəhbəri Pərviz Məmmədov “Marja”ya bildirib ki, bu münasibətlər Mülkü Məcəllə və bank ilə borcalan arasında bağlanılan müqavilə ilə tənzimlənir. Əgər, müqavilədə borcun məzənnə dəyişikliyi baş verərsə yeni məzənnə ilə ödəniləcəyi barədə bir maddə nəzərdə tutulmamışdırsa, borc, kredit götürülən zaman mövcud olmuş məzənnə ilə ödənilməlidir. Yox, müqavilədə borcun ödənişlər həyata keçirilən zaman mövcud olan məzənnə ilə ödənilməsi barədə maddə varsa, təbii ki borc yeni məzənnə ilə icra edilməlidir.

“Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Bizim müşahidələrimizə görə, xeyli müddətdir Dollar/Manat məzənnəsi sabit qaldığından banklar kredit müqavilələrində belə bir maddə nəzərdə tutmurdular. Yəni, əhali və şirkətlər xarici valyutada, o cümlədən dollarda götürdükləri kreditlər üzrə borclarını borcu götürdükləri və ya müqaviləni bağladıqları tarixə mövcud olmuş məzənnə ilə ödəməli olacaqlar. Tələbə görə, borc dollarda ifadə olunsa da, ödəniş manat ilə aparılmalıdır. Qısası, yaranmış vəziyyət borcu dollarda götürənlərin çoxlarının xeyrinədir. Tutaq ki, indiyədək banka aylıq 100 dollar kredit borcu olan şəxs kassaya 79 manat ödəyirdisə, bu gün 105 manat deyil, yenə 79 manat (83 dollar- Marja) ödəyərək aylıq borcunu bağlaya bilər. Bunu Mülki Məcəllə deyir”.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsinin 1.05 AZN, Avronun isə 1.1950 AZN səviyyəsində müəyyən edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir