Gündə bir söz eşitməsən, qulaqların Bakı-Ceyhan kəmərindən uzun olar. Dedilər ki, 70 yaşlı kişinin gözü bir arvada düşüb. Gedib çıxıb onların məhləsinə, soraqlayıb evlərini tapıb və…
Səhəri məlum olub ki, çox götür-qoydan sonra kişi o arvadın yiyələrinə deyib ki, zənəni elə-belə istəmir. Kreditlə versinlər. Yəni kişi o arvadı aparır evinə. Hər dəfə pensiyasını alanda faiz ödəyir.
Yox! Görürəm ki, bir şey anlamadınız. Ay qardaş, dükandan-zaddan məsəlçün divanı kreditlə almırsan? Ay sağ ol! Kişi də bu arada yiyələrindən kreditlə almaq istəyir dəə. Söz verib ki, faizi vaxtlı-vaxtında ödəyəcək. Neynəsin? Bu ölkədə banklara, dükanlara, ora-bura kredit borcu olmayan var? İndi kişi də o arvadı kreditə götürmək istəyib də, həm də çox yaxşı eləyib. Amerikan dollarnın qarnını doyuranacan, qoy o arvadı qohum-əqrabasına bir xeyir versin. Yəni deyərdilər haa, “xeyir vətənə qalsın”. Belə olanda həm arvadın canı rahat olar, həm də qohum-əqrabası beş-on manat pul qazanar.
Belə işlərin təməli çoxdan qoyulub. Bəzi evlənmələr, toylar kreditfason əməllərlə başa gəlib, şahidi olmuşuq. O toylara hətta ad da qoyublar – “lotu toyu”.
Hə! Məsəlçün, biri “evlənib-ayrılıb” statusu qazanmaq üçün arayıb-axtarıb yetimdən-yesirdən tapır. Danışıb razılaşırlar. Məsəlçün, filan qiymətə. Elə o gündən “gəlin” başlayır “bəyə” kredit ödəməyə.
Əvvəl-əvvəl cibinə xərclik qoyur. Sonra bərbəri göndərib saçını-saqqalını qaydaya salır. Daha sonra əynin-başını dəyişdir və… girir qoluna. Gədəni sürüyə-sürüyə aparıb soxur düşmənlərinin gözünə. Ona “gəzəyən” deyənlərin bağrını çatladır. Hələ qulaqları eşitsin deyə bərkdən deyir:
– Aaz, yox, aaz! Ondan icazəsiz heç su da içmirəm. Başımı it qibləsinə kəsər.
Bir vaxtlar kraska-pudra dükanına oxşayan “gəlin” dönüb olur başıaşağı, utancaq bir şeyə.
Elə ki, toy başlanır. Pahoo! Xalasından, bibisindən bir gecəliyə aldığı qızılları düzür ora-burasına ki, qaynanam alıb. Özləri də Türkiyədə, ya da elə Londonda işləyirlər deyə, toya gələ bilməyiblər.
Gədə də bic tərpənir. Deyir krediti bu saat bağlamasan, durub gedəcəm. “Gəlin” o saat xalasını çağırır ki, get o yığılan puldan filan qədər gətir. “Bəy” pulu alan kimi kefi kökəlir. “Gəlini” rəqsə dəvət eləyir. Hələ həddini də aşır.
– Bəlkə bu gecə doğrudan…
“Gəlin” də gülümsəyərək ona cavab verir:
– Ə, toy qurtaran kimi vızqırt burdan!
Beləcə “gəlin” təmizə çıxır, “bəy” qazanır, “kredit” bağlanır. İndi orası bizlik deyil ki, “gəlin” bir aylığına Masazırda, Bığırrıda, Ayranlıda… ya haradasa gizlənir və üzə çıxanda deyir ki, Antalyaya bal ayına geymişdim. Yoldaşım da Londondadır, üç-dörd aydan sonra gələcək.
Beş-altı aydan sonra “boşanır” və… yox! Şou-biznesə yox. Oradakılar həqiqətən bir uşaq və şəxsiyyət vəsiqəsindəki “evli” sözünə görə evlənirlər, sonra boşanırlar. Yəni ən tezi uşaq doğulandan sonra.
Bax belə! Bu kredit mənzilə, maşına, divana, yorğana… deyil, həm də belə şeylər üçün sərfəlidir və təhlükəlidir.
O ki, qaldı 70 yaşlı kişiyə, arvadı son anda verməyiblər. Fikirləşiblər ki, bunun hay-hayı gedib, vay-vayı qalıb. Birdən sabah, o biri gün yıxıldı öldü. Krediti kim ödəyəcək?
Ağıllı qohumlardan biri deyib ki, bax, elə buna görə də banklar kiməsə kredit verəndə zamin duracaq şəxsləri də qeydə alır. Yəni kreditin ödəməli olan qaçarsa, ya ölərsə, qalan faizi həmin zaminlər ödəyir.
Odur ki, kişi dünən gələndə soruşublar:
– Ay ağsaqqal, bir yaxın adamın-zadın var?
Ağsaqqal da başını bulayıb:
– Heç uzaq adamım da yoxdu.
Verməyiblər. Deyiblər ki, get öskürməyinin dalınca…
O da gedib.
Hidayət Elvüsal, “Modern.az”