Yayın isti günlərində hər kəs istirahət etmək, səyahətə çıxmaq istəyir. Bəzilər ölkə daxilində bölgələrə, bəziləri isə xaricə üz tutur. Xaricə gedənlərin bir çoxu turizm şirkətlərinə müraciət edərək, kreditlə tur paketlər alır. Amma təəssüf ki, bu kreditlərin ödənilməsində bir sıra problemlər yaşanır. Belə ki, kredit verən turizm şirkətləri bildirir ki, vətəndaş krediti götürüb səyahətə gedir, amma sonradan ödəniş etməkdə çətinlik çəkir Yəni açıq desək, ödəmək istəmir. Və buna görə də bir sıra turizm şirkətləri son dövrlər kredit sistemi ilə işləməkdən imtina ediblər. Kreditlə çalışanlar isə müəyyən şərtlərlə fəaliyyət göstərirlər. Məsələn, tur-paketi götürən ilkin olaraq pulun 30 faizini ödəyir, qalanını isə səyahətə çıxana qədər ödəyib bitirməlidir. Əgər vətəndaş pulu səyahət vaxtına qədər ödəyə bilmirsə, bu zaman tur-paket ona təqdim edilmir. Bəzi turizm şirkətləri isə krediti bir neçə illik verdiyini bildirir. Bu zaman yaran problem isə artıq turizm şirkəti ilə yox, vətəndaşla ona kredit verən bank arasında olur.
Məsələ ilə bağlı turizm şirkətləri ilə əlaqə saxlayıb vəziyyətin nə yerdə olduğunu öyrənməyə çalışdıq. Əlaqə saxladığımız bir sıra turizm şirkətlərinin əksəriyyəti artıq kreditlə işləmədiklərini qeyd etdilər. Amma bazarda az da olsa, kreditlə tur-paket təklif edən şirkətlər mövcuddur. Onlardan biri də “Luna Travel” şirkətidir. Şirkətin direktoru Rəhman Quliyevlə təklif etdikləri kreditlə bağlı həmsöhbət olduq. Müsahibimiz deyir ki, krediti verməzdən öncə vətəndaş haqqında məlumat əldə edirik: “Çünki biz bilməliyik ki, o, götürdüyü krediti ödəyə biləcək, ya yox. İlk olaraq vətəndaşdan hansı istiqamətdə getmək istədiyini, necə bir tur-paket lazım olduğunu soruşuruq. Daha sonra onun sosial vəziyyətini xəbər alırıq. Yəni harada işlədiyini, nə qədər maaş aldığını, krediti ödəyə bilib-bilməyəcəyini araşdırırıq. Bunları müəyyənləşdirdikdən sonra bəzi sənədlər var ki, onları tələb edirik. Bu sənədlər isə iş yerindən arayış, şəxsiyyət vəsiqəsi və xarici pasportdur. Vətəndaşların bütün sənədləri qaydasında olduğu təqdirdə, şirkətin adından bir məktub yazırıq və onu əməkdaşlıq etdiyimiz banka yönəldirik. Bank da bizim məktuba əsasən vətəndaşa kredit verir. Onu da qeyd edim ki, kredit də limiti aşmamalıdır. Maksimum 10 minə qədər kredit verilir və götürənin istəyindən asılı olaraq 1 və 2 illik olur. Müştəri bankdan götürdüyü pulu gətirib bizim turizm şirkətinə ödəyir və tur paketini alır. Bu zaman onunla şirkətimiz arasında heç bir məsələ qalmır. Artıq o, növbəti mərhələdə pulu bizə yox, banka ödəyir. Yəni bundan sonra bütün məsələ bankla vətəndaş arasında həll olunur”.
Həmsöhbətimiz bildirir ki, şirkətləri daxili kredit sistemi ilə də işləyir: “Müştərinin istəyindən asılı olaraq, daxili kredit sistemi də tətbiq edirik. Və bu daxili kreditlər faizsizdir. Bacardığımız qədər, vətəndaşa güzəştə getməyə çalışırıq. Yəni insanların maddi vəziyyətini göz önündə saxlayaraq, onları sıxışdırmırıq. Götürülən krediti bir neçə aya ödəyirlər. Hələ ki, bu məsələdə ciddi bir problemlə qarşılaşmamışıq”.
Amma qaçılmaz faktdır ki, bəzi hallarda vətəndaş götürdüyü krediti ödəmir və istər-istəməz bır sıra problem yaranır. Bəs bu problemlərin həlli yolu nədir, yaranmış bu kimi problemlər turizm sahəsinin inkişafına necə təsir göstərir?
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri, turizm üzrə ekspert Müzəffər Ağakərimov deyir ki, bu sahədə problem yaşamamaq üçün müqavilənin bağlanması şərtdir: “Turizm şirkətləri vətəndaşlarla münasibətdə sivil qaydalara riayət etməlidir. Bu, hər iki tərəf üçün müsbət qiymətləndirilir. Bu kimi işləri icra edəndə mütləq müqavilə imzalanmalıdır. Müqavilədə həm turizm şirkətinin, həm də vətəndaşın hüquqları, qeyd edilməlidir. Müqavilədən əlavə olaraq da, şirkətin nümayəndəsi müştəri ilə söhbət edib, ona detallı izah verməlidir. Mövzu ilə bağlı bir məsələni də qeyd edim ki, turizm şirkətlərinin reyestri yaradılmalıdır. Həmin qurum bu kimi hallara nəzarət etməlidir. Şirkətlə müştəri arasında problem yaranmasının səbəbi hər iki tərəfin hüquqlarını bilməməyindən irəli gəlir. Müştəri turizm şirkətinə müraciət etdiyi zaman ilk olaraq hər iki tərəfin hüquqlarının əks olunduğu müqavilə hazırlanmalıdır. Müqavilədə bütün şərtlər və şərtlərə əməl olunmadığı təqdirdə, hər iki tərəfi də hansı cərimələrin gözlədiyi qeyd olunmalıdır. Əgər vətəndaş götürdüyü krediti ödəməsə və ya turizm şirkətinin xidmətində nə isə bir yanlışlıq olsa, bu zaman həmin müqaviləyə əsasən, hər iki tərəf məhkəməyə müraciət edə bilər. Bu gün üçün bu problemin həllində ən optimal yol budur”.
Günel Azadə