mektebli

Kriminal kabusu – Məktəblilərin bu aləmə marağı necə yaranır?

Baxış sayı: 550

Ötən həftə Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında “Oxu Günü-8” sərgi-festivalı baş tutdu. Fürsətdən istifadə edib övladlarımla kitab bayramına qatıldım, onlara da mənə doğma olan mühiti tanıtmağa çalışdım. Gözəl təşkilatçılıq, izdihamlı tədbir üzümü güldürdü. Hiss etdim ki, uşaqlar da bu tədbirdən zövq alır. Yorulana qədər gəzdik, kitablarla tanış olduq, tətildə oxumaları üçün kitablar seçdik, naşirlərdən, kitabçılardan hədiyyəmizi aldıq, dostlarla şəkil çəkdirib, dincəlmək üçün parkın sakit bir guşəsinə çəkildik.

Bu dəfə sərgi-yarmarkada məktəblilərin çoxluğu diqqətimi çəkdi, eyni zamanda tədbirə gələnlərin böyük əksəriyyətinin əlində kitab görmək məni sevindirdi.

Kitaba qayıdışı gördükcə özümü xoşbəxt, bəxtəvər hiss etdim. İllərdir cəmiyyətə kitabı sevdirmək, gənclərin, yeniyetmələrin kitaba maraq göstərməsi üçün çalışmışıq. Hər keçən gün mütaliə həvəskarlarının sayı artır, cəmiyyətin kitaba marağı çoxalır. Artıq insanlar kitabdan qorxmur.

Bu prosesdə ürəkdən iştirak edən, məhz bu tədbirlərin keçirilməsi üçün təşəbbüs göstərən, təşkilatçılıq edən insanların sayəsində cəmiyyət işığa, aydınlığa, kitaba doğru gedir. Proses nə qədər yavaş getsə də, dayanmır. Bu yolda yorulmadan çalışan bütün insanlarımıza ürəkdən təşəkkür edirəm. Bütün bu gözəlliklərlə yanaşı, övladlarımızın başı üstündə çox təhlükəli bir kabusun dolaşdığının fərqindəyəm…

***

Kitab üçün parka toplaşanların əksəriyyətinin məmnunluğu, gənclərin, uşaqların, yeniyetmələrin üzündə bayram ovqatının olması nə qədər gözəldir. Amma, bu gözəl məmləkətimdə sonacan sevinmək mənə qismət olmayıb. Bütün sevinclərim ya yarımçıq olur, ya da “qursağımda qalır”. Ətrafımızda sağa-sola qaçışan yeniyetmələrə baxıram: əksəriyyəti oğlumun yaşıdlarıdır. Bəzilər sərgi-yarmarkanın keçirildiyi tərəfə ikrahla, nifrətlə baxır. Bəziləri avtoritetlərin, “vorzakonların” həyatı haqda kitabların satılmamasından gileylənir.

Danışıqlarında istifadə etdikləri jarqonlar, bir-birinə müraciət formaları ovqatımı təlx edir. Oğluma baxıram, öz aləmindədir, aldığı kitablara göz atır. Uzun müddətdir Elçibəylə maraqlanır, onun həyatı ilə bağlı axtardığı kitabı tapmadığı üçün kefi pozulsa da, yazıçı həmkarımın hədiyyə etdiyi Atatürklə bağlı kitabı vərəqləyir. Elçibəylə bağlı kitabxanamda 5-6 kitabın olduğunu müjdələyirəm, sevinir.

“Vorzakon”lar haqda oxumaq istəyi olmasa da, bu jarqonları, bu müraciət formalarını istifadə edib-etmədiyini, edirsə bu ifadələrin hansı mənada işləndiyini soruşuram. Əvvəlcə qızarır, sonra bəzi məktəb yoldaşlarının da parkdakı uşaqlar kimi zarafatlaşdığını, “oğrular” haqda kitab axtardığını, oxşar jarqonlarla zarafatlaşdığını deyir. Sonra isə ciddiləşir:

“Bilirsən, ata bəzi oğlanlar tarixə yox, “oğru dünyası”na maraq göstərir. Kişilər belə şeylərlə maraqlanmalı deyil?”

…Hə, söhbət burada düyünə düşür. Oğlumla uzun-uzadı bu mövzunu müzakirə edirik. Kriminal aləmdən, avtoritetlərdən, “oğru dünyası”ndan, cinayətkar aləmin məşhurlarına həsr olunmuş meyxanalardan, kitablardan danışır, suallar verir. Səbirlə bu kimi şeylərin təhlükəli olduğunu, insanın dürüst, təmiz, cinayətdən uzaq həyat yaşamalı olduğunu izah edirəm. Başa düşürəm ki, bu mövzunu oğlumla müzakirə etməyə bir qədər gecikmişəm.

Ailədə bütün bu söhbətlərdən uzaq böyüsə də, məktəbdə, dost mühitində istər-istəməz bu söhbətlərdən yan keçə bilməyib. Əndişəmi dəf etmək üçün onun seçdiyi və hədiyyə edilən kitablara baxıram. Bir qədər sakitləşirəm. Atatürkün, Əhməd bəy Ağaoğlunun, Elçibəyin həyatına maraq göstərən, Osmanlı tarixini araşdıran oğlumun “kriminal kabusu”ndan uzaq olacağını düşünürəm. Kitabların onun yolunu işıqlandıracağına, təhlükələrdən qoruyacağına ümid edirəm. Bəs bütün uşaqları bu zərərli və təhlükəli tendensiyadan qoruya bilərikmi?

***

Bu günlərdə Gəncədə 9-cu sinif şagirdi öz həmyaşıdını, bir gün sonra isə 15 yaşlı oğlan anasını bıçaqlayıb. Bəli, 15 yaşlı oğul ana qatilinə çevrilib. Bir müddət öncə Qazaxda 11-ci sinif şagirdi başqa bir məktəblini bıçaqlamışdı. Kifayət qədər narahatlıq doğuran vəziyyətdir. Övladlarımızı kriminal aləmə meyilləndirən səbəblər çoxdur. Hər şeyin təməli ailədən başladığı üçün, bu məsələlərdə də birinci ailə institutu sorğulanmalıdır.

Atanın söyüşü, ananın ah-naləsi ilə yuxudan oyanan uşaqların psixi durumu pozulur, ailədən diqqətsizlik görən uşaqlar bu diqqəti kənarda axtarmağa başlayır. Yanlış dost, yoldaş seçimləri psixi durumu normal olmayan uşaqların tez təsirə düşməsinə səbəb olur. Cinayətkar aləmə, avtoritetlərə maraq bir az da gücə olan heyranlıqdan doğur.

Evdə sıxışdırılan, təzyiq görən oğlan uşaqları bu cür çevrələrdə güclənəcəyinə, avtoritet sahibi olacağına inanır. Fiziki cəhətdən güclü, davakar, cinayət aləmi ilə əlaqəsi olan gənclər zəif iradəli oğlan uşaqlarının idoluna çevrilir. Onlar kimi geyinmək, onlar kimi gəzmək, onlar kimi danışmaq “cool” görünür. Üç il əvvəl oğlum məndən cavanların əlində gördüyü təsbehdən istəmişdi və o zaman anlamışdım ki, təhlükə qapını döyür.

Sonra düşünüb-daşındım, çıxış yolu olaraq onu idmana və musiqiyə yönləndirdim. Mütaliəyə erkən başladığı üçün kitablarla arası yaxşı idi. Ancaq hiss edirdim ki, onun ciddi rol modelinə ehtiyacı var. Ayrı yaşadığımız üçün onun üzərində təsirim azdır. Ancaq onun azadlığına və fikirlərinə hörmətlə yanaşdığımdan görüşəndə istənilən məsələni müzakirə edirik. Hər halda əminəm ki, boşanmaların, eyni zamanda gərgin ailə mühitinin də uşaqlara çox ciddi mənfi təsirləri var.

***

Məktəb yaşlı uşaq və yeniyetmələrin bu cür mənfi təsirlərə düşməsində sosial şəbəkələrin və informasiyanın rolu da az deyil. Biz uşaqlığımızda roman qəhrəmanlarına, kosmonavtlara, generallara, müəllimlərimizə, dastan qəhrəmanlarına bənzəmək arzusuyla böyüyürdük. İndiki nəsil “vurub-tutan”, “asıb-kəsən”, “söhbət həll edən” cayıllara bənzəmək istəyir. İnternetlə evimizə soxulan bu informasiyaların da uşaqların formalaşmasında rolu danılmazdır.

Bütün bunların qarşısını almaq üçün övladlarımıza alternativlər təqdim etməli, onların təhsilə və faydalı işlərə yönəlməsinə çalışmalıyıq. Bu baxımdan məktəbin, müəllimlərin, ümumilikdə təhsil sistemimizin məsuliyyəti böyükdür. Məktəblərdə faydalı dərnəklər, klublar fəaliyyət göstərsə, yeniyetmələrimiz maraq dairələrini genişləndirə və təkmilləşdirə bilərlər. Hesab edirəm ki, gənc nəslin təlim-tərbiyəsi, formalaşması üçün diqqətli valideynlərlə yanaşı, vicdanlı və məsuliyyətli müəllimlər olmalıdır.

***

Təhsilin keyfiyyəti və səviyyəsinin getdikcə aşağı düşməsi, sosial şəbəkələrin populyarlaşması, dağılan ailələr, gərgin ailə münasibətləri övladlarımız üçün narahat olmağımıza əsas səbəblərdəndir. “Vorzakon”lara, avtoritetlərə nəğmələr qoşulan, meyxanalar yazılan bir cəmiyyətdə övladlarımızı qorumaq olduqca çətindir.

Sosial şəbəkələrdə ziyanlı, əxlaq və tərbiyədən uzaq, təhlükəli dərəcədə qərəzli kontentlərin çoxalması və əlçatan olması ciddi təhlükədən xəbər verir. Bunların aradan qaldırılması üçün mütəmadi olaraq müəllim, məktəb və valideyn üçbucağında ciddi işlər görülməlidir.

***

Bu işdə medianın da diqqətli olması vacibdir. “İP” xatirinə, reytinq toplamaq üçün hansısa “vorzakon” barədə, cinayətkar qruplaşmaların arasında baş verən qarşıdurmalar haqda xəbər vermək, “oğru dünyası”nın məşhur simaları barədə kontentlər təqdim etmək olduqca mənfi nəticələrə səbəb olur. Övladlarımızı, daha doğrusu gələcəyimizi qorumaq, onları düzgün istiqamətləndirmək vacibdir. Hər kəs – ailə, məktəb, media – öz məsuliyyətini dərk etməlidir. Övladlarımızı cinayətdən, kriminal aləmdən uzaq tutmaq üçün, hamımız səfərbər olmalıyıq. Hər kəs öz üzərinə düşənin daha artığını etməlidir. Çünki söhbət xalqın, məmləkətin, cəmiyyətin gələcəyindən gedir…

 

Cəlil Cavanşir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir