“Gencaile.az”ın “Kişi sözü” rubrikasının budəfəki qonağı idmançı, tanınmış cüdoçu, dünya kubokunun 5 qat sahibi, hərbçilər arasında dünya çempionu, məşqçi Elxan Rəcəblidir.
E.Rəcəbli də əksər idmançılar kimi çox danışmağı xoşlamır. Məsələ, 4-5 dəqiqəyə həll olunmalı idi – sanki tatami vaxtı ilə hesablanmışdı hər şey. Ancaq hər halda söhbəti bir az uzada bildik. Dağınıq bir söhbət etdik, idmandan, uğurlardan, uşaqlıqdan, uşaqlardan və s.
– Elxan Rəcəbli idmana gələrkən qarşısına qoyduğu məqsədlərə nail oldumu?
– İdmanda uğurlarım çox olub, amma deyim ki, çatmadığım məqsədlər də oldu.
– Məsələn, hansı məqsədlər?
– Olimpiya çempionu olmaq. Təəssüf ki, bu titula yiyələnmək qismət olmadı.
– İdmançı olmayan dostlarınız varmı?
– Əlbəttə var.
– Hansılar daha yaxşıdır: idmançı dostlar, yoxsa qeyriləri?
– Dostu seçərkəb buna baxmamışıq. Dostluq etdiyim insanların hamısı yaxşıdır.
– Qadının idmançı olmasına necə baxırsınız?
– Pis baxmıram. Normaldır. Qadın da idmanla məşğul olmalıdır, eləcə də peşəkar idmançı ola bilər.
– Küçə davalarına düşməmiş deyilsiniz…
– Olub, amma təfərrüatları yadıma gəlmir.
– Uşaqlıqda məhəllədə, sinifdə necə idi vəziyyət?
– Çox gözəl idi.
– Kiməsə güc göstərmək zərurəti hiss etdiyiniz vaxtlar olurdumu?
– Yox, açığı, davakar deyildim, belə hallar da olmayıb.
– İdmançılardan kimlərlə ailəvi dostsunuz?
– Tələbəm İlham Zəkiyev və dünya mükafatçısı Rəsul Səlimovla yaxın, ailəvi dostuq.
– Nə cür adamları tatamidə əzmək istərdiniz?
– Mən rəqibləri əzməyə çalışmıram, udmağa çalışıram.
– Övladlarınızın davamçınız olmasına münasibətiniz necədir? Onlar nəyə meyillidirlər?
– Münasibətim yaxşıdır. Əlbəttə, ola bilər. Oğlum cüdoya gedir, hiss edirəm ki, çox həvəslidir, qızım isə yaxşı oxuyur, məktəbdə əlaçıdır.
– Facebook-dan necə, nə məqsədlə istifadə edirsiniz?
– Xaricdə dostlar var – “Facebook”dan da daha çox onlarla əlaqə saxlamaq üçün istifadə edirəm.
– İdmana qayıtsanız, hansı idman növünü seçərdiniz?
– Seçimimdə peşman deyiləm, yenə cüdonu seçərəm.
– 2014-cü ili necə keçirdiniz?
– Şükür Allaha ki, yaxşı.
Söhbətləşdi: Vüsal
Salam alaykum biz seninle fəxr edirik qardaş.