Cəmiyyətdə kurikulumla bağlı fikirlər birmənalı deyil. Müəllim və valideynlər dəfələrlə kurrikulum sistemi ilə bağlı narazılıqlarını bildiriblər. Elm və Təhsil naziri Emin Əmrullayev də bu yaxınlarda kurikulumla bağlı problemə toxunaraq bildirdi ki, yerli kurikulumla bağlı islahatlar aparılmalıdır.
Problemlər nədən qaynaqlanır və hansı islahatlar icra olunmalıdır?
Təhsil eksperti Kamran Əsədov bildirir ki, kurikulum bir çox ölkələrdə, xüsusən də ölkəmizdə keyfiyyətə təsir etməyib və bunun da müxtəlif səbəbləri var. O bildirir ki, bu metodlar sırasında təhsil verənlərin bu metoda inanmaması, şəhər və kəndlərdə kurikulumun tətbiqində ümumi bir proqramın icra edilməsi, terminlərin anlaşıqlı formada olmaması, təhsilverənlərin müxtəlif yaş qrupunda olması, məktəblərdə İKT ilə bağlı təminatın zəif olması dayanır.
Bəs hansı addımlar atılmalıdır?
Kamran Əsədov deyir ki, təhsilverənlərə təlim vermək əvəzinə onlara metodları necə tətbiq edə biləcəkləri barədə debatlar vasitəsilə praktiki dərslər təşkil etmək və bunu izləmək daha yaxşı olar: “Bundan başqa, şagirdlərə başa düşə biləcəkləri formada kurikulum terminlərini izah etmək, onlarda təhsil sahəsində qazana biləcəyi uğurlara inam yaratmaq lazımdır”.
Ekspert deyir ki, şəhər və kəndlərdə fərqli metodlar tətbiq etmək lazımdır: “Bundan başqa, müəllimləri təlimlərə cəlb edən zaman yaş fərqləri nəzərə alınmalıdır. Məsələn, yaşı 40-dan yuxarı olanların əksəriyyəti təlimlərdən gileylənirlər. Təbii ki, bu amil də keyfiyyətə mənfi təsir edir”.
O bildirir ki, kurikulumun müsbət təsirlərini görmək üçün məktəblərin İKT bazasının güclənməsi mütləqdir.
Ekspert deyir ki, kurikulumun tətbiqində əsas problemlərimizdən biri də budur ki, biz cəmiyyət olaraq dəyişikliyə və yeniliyə o qədər də yaxşı baxmır, isti yanaşmırıq: “Biz müəllim, şagird və valideynlərə bu dəyişikliyin, təhsil proqramının faydalı və gərəkli olduğunu qəbul etdirə bilsək, bu zaman daha çox müsbət nəticələr görəcəyik”.
Məktəblərdə effektivliyi artırmaq üçün nə etmək lazımdır?
O qeyd edir ki, məktəb mühitində kurikulumun səmərəli təmin olunması üçün məktəblərdə dəyişən dünyanın tələblərinə cavab verən müəllim heyətinin olması vacibdir:
“Şagirdin dərsi qavraması üçün bilikdən əlavə, bacarıqlara da ehtiyac var. Bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyət tədris prosesinin qarşısında duran əsas vəzifədir. Bunun üçün şagird müəllimin qoyduğu suallara cavab tapmağı öyrənməlidir. Bütün bunlar şagirddən fəal, yaradıcı iş, alınmış məlumatı təhlil etmək bacarığı tələb edir. Bunun üçün müəllim dərs keçərkən həmişə problemli situasiya yaratmalıdır”.
Ekspert deyir ki, bu amil şagirdi dərsi düşünülmüş şəkildə qavramağa, yaradıcılığını inkişaf etdirməyə məcbur edir: “Müəllimin savadlılığının, yeni pedaqoji texnologiyalardan istifadə etmək bacarığının, ünsiyyət qabiliyyətinin, kompüterdən istifadə etmək bacarığının, yaradıcı təfəkkürdən törəyən bilikləri bir-biri ilə əlaqələndirərək yeni bir bilik yaratma qabiliyyətinin, müəllim-şagird ünsiyyətini ən gözəl formada qura bilmək bacarığının olması çox vacibdir”.
“Məlumatın mexaniki mənimsənilməsi, formul və təriflərin şüurun iştirakı olmadan əzbərlənməsi biliklərin formal mənimsənilməsinə səbəb olur. Bilik olmasa şagird bacarığını formalaşdımaqda çətinlik çəkər. Bacarıq şagirddə əmək vərdişlərini formalaşdırır, onu müstəqilliyə və yaradıcılığa alışdırır”, – deyə ekspert əlavə edir.
Kurikulumun daha səmərəli olması üçün nələr edilməlidir?
İki məqama diqqət çəkən ekspert bildirir ki, ilk olaraq dərsliklər kurikulumun tələblərinə uyğun hazırlanmalıdır: “Hazırda müvafiq yeni dərs vəsaitləri və tədris-metodik vasitələrin hazırlanmasına böyük ehtiyac var. Bundan başqa effektivliyi artırmaq üçün müəllimləri bu sistemə ciddi şəkildə hazırlamaq önəmlidir”.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirir ki, bu gün cəmiyyətdə belə bir düşüncə var ki, kurikulumda çoxlu çatışmazlıqlar var: “Kurikulum sistemini tətbiq etməzdən öncə müəllimləri buna hazırlamaq lazım idi. Öncəki təhsil naziir Mikayıl Cabbarov da bildirmişdi ki, müəllimləri lazımi səviyyədə kurikulum sisteminə hazırlaya bilməmişik. 13-14 il ötməsinə baxmayaraq kurikulumun mahiyyəti cəmiyyətdə tam olaraq başa düşülmür. Bu səbəbdən düşünürəm ki, kurikulumla bağlı mütləq şəkildə islahatlar aparılmalıdır”.
İ.Orucov bildirir ki, müəllimlər kurikulum sistemindən istifadədə çox çətinliklər çəkirlər: “Bu çətinlikləri aradan qaldırmaq üçün müəllimlərlə iş aparılmalıdır. Bundan başqa, dərslklər də bu sistemə cavab verməlidir”.
“Hazırki vəziyyətdə təhsilverən qurumla təhsilinn nəticəsini, səviyyəsini ölçən qurum arasında da ziddiyət var”, – deyə o əlavə etdi.
Nigar İsgəndərova