Qanı qanımızdan, dini dinimizdən olduğu kimi, incəsənəti də bizə çox yaxındır. Bəlkə də öz aktyorlarımızdan daha çox onları əzbər bilir, onları sevirik, desəm, yanılmaram.
Həmsöhbətim öz qaradənizli kültürüylə türk teatrına möhür vurmuş məşhurlardan biri, yaratdığı hər rolda bizim də dilimizə gəlməyənləri ürəyimizdən tikan çıxarırcasına roluna gətirən Hüseyn Avni Danyaldır.
– Müsahibə təklifimizi qəbul elədiyiniz üçün çox sağ olun, Hüseyn bəy. Suallarımıza gəlincə, bir incəsənət adamının yaradıcılığında öz dəsti-xəttini yaratması nə qədər professionaldır?
– Aktyorluq sənətinin təməl prinsipi elə budur. Yaradacağınız obraz üçün araşdırma aparanda təcrübənizdən və özünüzdəki oxşar hadisələrdən yola çıxarsınız. Beləcə rolunuz yaranar. Aktyorun öz xasiyyətini və həyat tərzini oynadığı rolda əks etdirməsinə gəlincə, mənə görə bu professionallıqdan uzaqdır. Rolumla eyniləşdim demək mənə inandırıcı gəlmir. Ya da aktyor oynadığı və bəyənilən hər hansı bir rolu sadəcə populizm xatirinə gündəlik həyatında davam elətdirməməlidir. Əgər canlandırdığımız hər rola öz xarakterimizi qoysaq, o rol başa çatanda gündəlik həyatımızda özümüzü haraya qoyacağıq? Aktyor oynadığı hər rola bölünsə, bu, onda psixoloji problemlərə gətirib çıxarar. Ən yaxşısı yaratdığın obrazı, oynadığın rolu professional bir şəkildə oyna, orda da burax və normal həyatına dön. Ümid edirəm fikrimi çatdıra bildim.
– Azərbaycandan baxınca Türkiyə serial aktyorları sıralamasında ilk beşlikdə gələn oyunçulardansınız. Bunu nəyə borclusunuz?
– Aktyorluğu sevirəm və sənətimə ciddi yanaşıram. İnandırım sizi ki, bunun üçün həqiqətən çox çalışıram. Rola əvvəlcə özüm inanmalıyam. Əks təqdirdə bunu tamaşaçıya təqdim edə bilmərəm. Rol xatirinə də olsa. Əsərin mövzusu və səmimiyyət əsas şərtdir. Tamaşaçı səmimiyyəti və inandırıcılığı sevir. Məncə səbəbi elə budur.
– Hansı rolunuz sizə daha yaxındır?
– Bir neçə il bundan əvvəl “Fırtına” serialındakı Besim rolundan zövq almışdım. Mənə elə gəlir ki, əgər Hüseyn Avni Danyal aktyor olmasaydı və Trabzonda qalıb balıqçılıqla məşğul olsaydı, hər halda o adam olardı.
– Hüseyn Avni Danyal özünü necə xarakterizə edər? Onu heç tanımayan birinə özünü necə tanıtdırar?
– Azadlıq və demokratiya aşiqi, işini, sənətini dəlicəsinə sevən bir adam…
– Türk olmaq, TÜRK doğulmaq ayrıcalıqdırmı?
– Mən türk doğulduğum üçün özümü irqçi, milliyyətçi hesab etmirəm. Türk doğulmaq mənə bu haqqı vermir. Yer üzündə mənimlə eyni düşüncədə olan insanlara münasibətim eynidir. Amma türk olmağın verdiyi bəzi insani dəyərlərdən də əsla vaz keçmərəm. Misal üçün, insanpərvərlik, qonaqsevərlik kimi.
– Öz mədəniyyətini sənətə daşımaq, onu qorumaq hər aktyorun işi deyil. Hüseyn Avni Danyal mənə görə oynadığı hər rolda bir türk kişisi xarakterini layiqincə nümayiş elətdirdiyinə görə tamaşaçılar tərəfindən çox sevilir. Sizin tanıdığınız Hüseyn bəy bunun öhdəsindən necə gəlir?
– Bir az əvvəl də qeyd elədiyim kimi səmimi və inandırıcı olmaq məcburiyyətindəyəm. Ətrafımdakı insanları yaxşı müşahidə elədiyimi düşünürəm. Küçədə gedərkən və ya tətil zamanı insanları seyr edirəm. Sonra da yeri gələndə yığdıqlarımdan faydalanıram.
– Azərbaycandan bəhs edərsinizmi? Azərbaycan mədəniyyəti, Azərbaycandakı sənət, teatr…
– Azərbaycanla ilk bağlılığım anamın ata tərəfinin azərbaycanlı olmağıdır. Evimizə gələn qonaqlarla anamın danışıqlarından qulağımda bir azəri dili yaranmışdı. Sözün düzü, Azərbaycan mədəniyyəti haqqında yaxşı bilmirəm. Eyni zamanda Azərbaycan və Türkiyə mədəniyyətləri arasında elə də fərq olduğunu düşünmürəm.
– Tanıdıqlarınızdan kimlərin adını deyə bilərsiniz? İncəsənət aləmindən…
– Türkiyədə bir çox əsərləri nümayiş olunan Üzeyir Hacıbəyovu, “Yuğ” teatrının rəhbəri Vaqif İbrahimoğlunu. Biz onunla Bursa Dövlət Teatrında Məşədi İbadı oynamışdıq. Bir də ki, indilərdə “Zəngin kız, fakir oğlan” serialında birlikdə işlədiyimiz aktyorların adlarını çəkə bilərəm.
– Niyə məhz teatr?
– Dünyagörüşümü, həyata baxışımı, siyasi düşüncəmi, qısacası insan olmağın məsuliyyətini ölçüb-biçəcəyim yerin səhnə olduğunu düşünürəm. Çünki adamlar sizdən nəsə almaq, sizdə fərqli nələrsə görmək üçün teatra gəlirlər. Səhnə aktyorun tribunasıdır. Səninsə oradan insanların səndən gözlədiklərini dilinə gətirmək şansın var.
– Bir az şəxsi həyatınızdan bəhs edəkmi? Təbii ki, icazənizlə…
– Ailəliyəm. Böyük qızım 23 yaşındadır. Bir qızım da may ayında dünyaya gələcək. Şəxsi həyatım haqda danışacaq elə də bir şey yoxdur. Bilirsinizmi, teatr, kino, televiziya arasında qaçaqaçda sənə şəxsi həyat üçün vaxt qalmır.
– Sözünüz və ya bizdən eşitmək istədikləriniz…
– Mənə elə gəlir ki, özümə aid olan bütün sualları cavablandırdım. Bütün Azərbaycana salamlarımı və hörmətimi çatdırın.