yemek

Ləvəngi qutabı, 12 dəqiqəyə bişirilən xaş – Azərbaycanda yeni yemək NÖVLƏRİ

Baxış sayı: 1. 484

Azərbaycan dünyanın ən zəngin, ən dadlı mətbəxinə malikdir. Milli mətbəximiz təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Min illərlə tarixi olan mətbəximizdə yeni xörək növləri yaranmaqdadır.

Bu barədə fikirlərini bildirən Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov bildirib ki, yeni yaranan yemək növləri çoxdur:

 

“Ləvəngi qutabı baş kulinarın adına patentləşdirilib”

“Yeni yemək növləri çox yaranır. Amma o dəqiqə hamısını yaymırıq Yaratdıqca, öz adıma patentləşdirirəm. Artıq ləvəngi qutabı Tahir Əmiraslanovun adına patentləşdirilib. 72 otdan ibarət Mirzəyi ədviyyatı Şah Qacarın ailəsinin sirri idi. Otların adı məlum olsa da, ölçüləri bəlli deyildi. Onları çox çətinliklə müəyyən etdik. Bir-iki il əvvəl ikiqat dolma hazırlandı, Sumqayıtda üzüm yarpağının üstündən kələm də bükdülər. Bu kimi yeniliklər baş verir. Belə xörəklər həddindən çoxdur, amma o yeməklər yaşayır, mətbəximizə daxil olur ki, çoxluq tərəfindən qəbul olunur və milli mətbəxin stilinə, ruhuna uyğundur. Ləvənig də bizə məxsusdur, qutab da. Ləvənginin tərkibi soğan, qoz və lavaşana, duz və istiotdan ibarətdir. Biz bunları çörəklə yeyirdik. Qutabın da üstü çörəkdir. Düşündüm ki, bu ləvəngi ki, çörəklə yeyilir, onu yuxanın arasına da qoymaq olar. Adi göyərti, ət qutabını hazırladığımız kimi hazırladıq və çox gözəl alındı. Bundan başqa, yeni bir yemək növü də hazırlamışam. Amma o hələ patentləşdirilmədiyindən adını açıqlamaq istəmirik”.

 

“Xörəklərin hazırlanma texnologiyası dəyişir”

Baş kulinarın sözlərinə görə, yeni xörək növləri həm də beynəlxalq yarışlarda yaranır:

“Xörəklərin modern formaları yaranır, onların bişirilmə, süfrəyə təqdim edilməsi dəyişir. Leninqradda keçirilən tədbirdə mən xaşın hazırlanmasının yeni texnologiyasını təqdim elədim. Biz həmişə xaşı 8 saata bişirirdik. Amma indi əvvəl saat yarıma, sonra bir saata, daha sonra isə 45 dəqiqəyə hazırlaya bildik. İndi isə xaşı 12 dəqiqəyə hazır edə bilirik. Bunlar inkişafda olan sahədir. Amma yalandan özümüzdən nələrsə ortaya ataq ki, yeni yemək növü yaratmışıq, bu, doğru olmaz”.

 

12 dəqiqəyə hazır olan xaş…

T.Əmiraslanov xaşın 12 dəqiqəyə hazırlanmasının bəzi detallarını da açıqlayıb:

“Müasir texnologiya imkan verir ki, biz bu xörəyi tez bir zamanda hazır edək. Amma bir çox şeylər sirdir. Texnologiyadır, su təzyiq altında daha tez qaynayır. Bunu fizikadan bilirlər, amma xörəyə tətbiq edən yox idi. Xaşı ev şəraitində 12 dəqiqəyə hazırlamaq təbii ki, mümkün deyil. Çünki bunun üçün xüsusi aparatlar lazımdır.Yüksək təzyiq altında hazırlanmasına baxmayaraq, yeməyin keyfiyyətinə, dadına hər hansı xələl gəlmir. Əksinə, xaş 8 saat qaynayanda tərkibində yaxşı heç nə qalmırdı. 45, 12 dəqiqə qaynayırsa, daha çox vitamin qalır yeməkdə. Biz bunların hamısını nəzərə alırıq. Mən ixtisasca aşpaz deyilən, mühəndis-texnoloqam. Aşpazlıq dərəcəsini sonradan almışam. Mən birinci növbədə qida mühəndisiyəm, qidanın içinə girirəm. Ona görə də xörəklərin hazırlanmasına xüsusi yanaşıram. Biz yeməyin vitaminlərini, inqridiyentlərini saxlamaq şərtilə bişiririk”.

 

“Tahir Əmiraslanov nənələrinin bişirdiklərini ortaya çıxartsın”

Baş aşpazın sözlərinə görə, Azərbaycanda 4 mindən çox xörək növü var:

“Bunların hamısına nə vaxt yiyə çıxdıq ki, indi yeni nəsə icad edək. Bizim əsas işimiz xalqın icad etdiklərini qoruyub saxlamaqdır, nəninki bizim ambisiyalarımız ki, desinlər “Tahir Əmiraslanov yeni xörək növü yaradıb”. Bundan sonra Tahir Əmiraslanov nənələrinin bişirdiklərini ortaya çıxartsın ki, onlar itməsin. Qədim kitablarımızda olan xörəklərimizin bir çoxunu “Xanədan” restoranında bərpa etmişik. Niyə dolma kabab sıradan çıxmalı idi? Biz onu yenidən süfrələrimizə qaytardıq. Məncə, bu daha vacibdir, nəninki Tahir Əmiraslanovun yaratdıqları. Tahir Əmiraslanov minlərdən biridir, amma millətin böyük bir tarixi ənənələri, bacarıqları var. Necə ki, əlində olan qızılı, brilyantı qoruma, get küçədən mis axtar satmağa… Elə şey olarmı?”

Məsələn, çinlilər yarım ovuc düyü ilə doyurlar, biz bir sini düyü ilə doymuruq. Onlar çubuqla bir-iki düyünü götürüb tam çeynəyirlər. Qida gedib mədəyə çatana qədər parçalanır, ağız suyu ilə tam islanmış olur. Biz loxmanı az qala bütöv uduruq, quru-quru. Ona görə də mədə onun yalnız üst hissəsini həzm edir. Yeməyin üstündən su içən kimi də qida bağırsağa ötürülür və zülallar orada çürüyür. Bu, orqanizmə diskomfort yaradan durumdur, belə durumda insanın beyni də yaxşı işləmir. İbn Sina yazırdı ki, suyu çeynəyin, qidanı isə için, yəni o, suya dönənə qədər. (Modern.az)