Ölkəmizin hüquq sistemi Kontinental Avropa hüquq sisteminə uyğun olmaqla Roman-German hüquq ailəsinə aiddir. Burada ictimai münasibətlər əvvəlcədən yazılmış və dərc edilmiş qanunlarla tənzimlənir.
Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-1325-ci maddələri vərəsəlik məsələlərinə həsr olunmuşdur. Həmin məcəllənin “Vərəsəlik anlayışı” adlanan 1133-cü maddəsində göstərilir ki, “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Lakin praktikada elə hallara rast gəlirik ki, şəxs vəfat etdikdən sonra, onun qanuni vərəsələri arasında mübahisələr düşür və bir vərəsə digərini “ləyaqətsiz vərəsə” adlandırararaq, onun vərəsəlik payında hüququnun olmamasına iddia edir və onu məhkəmə qaydasında bu hüquqdan məhrum edəcəyi ilə təhdid edir.
Bəs ləyaqətsiz vərəsə nə deməkdir?
Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13.12.2011-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir.
Bu cür işlər məhkəmədə hansı şəkildə öz həllini tapir?
Məhkəmə hər bir baxılan mübahisə üzrə qeyd olunan maddənin dispozisiya şərtlərini, yəni cavabdehin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, yaxud onun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halları müəyyən etməlidir. Əgər bu kimi hallar öz faktını tapmırsa, o zaman bu tip iddialar rədd edilir. Yəni, iddiaçının dedikləri qanunvericiliyin tələbləri uyğun gəlmirsə, rədd edilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
«Qavazov Bolqarıstana qarşı» iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qüvvədə olan qanunvericiliyə əsasən hər bir tərəf öz iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etməklə iddiasını əsaslandırmalıdır. İddia tələbini əsaslandıran halları sübutetmə yükü iddiaçının üzərinə düşür.
Hər bir halda, vtəndaş məhkəməyə müraciət edərkən və hər hansısa bir şəxsi/vərəsəni “Ləyaqısiz vərəsə” elan etdirmək istəyərkən, həmin şəxsin həqiqətən də o xüsusiyyətlərə malik olması və bu barədə iddiaçının əlində kifayət qədər sübutedici sənədlərin olmasına əmin olmalıdır. Əks halda, məhkəmədə iddia təmin edilməyəck və iddiaçının həm vaxtı və də maddi cəhətdən pulu boşuna sərf olunacaqdır.
Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova