Lale Azertas

Lalə Azərtaş: ” Elə bir sual verdiniz ki, sanki o anı yaşadım” – MÜSAHİBƏ

Baxış sayı: 2. 084

Ana olduqdan sonra xanımlar özlərini unudur və həyatlarını övladlarına həsr edirlər. Gecələri yatmayıb, “balam üşüyürmü, yatarkən üstü açılıbmı, görəsən acdırmı, susuzdurmu, rahatdırmı” deyə düşünürlər. Ana dünyaya gətirdiyi övladı ilə bərabər yenidən böyüyən bir varlıqdır. Onun üçün dünyada ən əziz neməti övladıdır. Övlad qoxusunu, təbəssümünü isə heç nə ilə əvəz etmək mümkün deyil. Biz də “Mənim balam” rubrikamızda məşhurların övladlarını onlardan xəbər alırıq. Rubrikamızın qonağı tanınmış xəbər aparıcısı, gözəl səsə və simaya malik olan Lalə Azərtaşdır.
Onun 2 qız övladı var. Böyük qızı Gülarənin 10, kişik qızı Solmazın isə 7 yaşı var.
Söhbət zamanı müsahibimin “anam” deyərkən ürəyinin döyüntülərini hiss etməmək mümkünsüz idi. Hər nə qədər valideyin olursan-ol, ancaq yenə də analarımızın gözündə uşaq kimi qalmışıq. Aparıcımızın sözlərindən buna bir daha əmin oldum. Müsahibimizin ailəsində ana ən müqəddəs varlıq hesab edilir və ona hər zaman hörmətlə yanaşılır. Belə ki, Lalə Azərtaş dünyaya gətirdiyi şirin payının ilkinə öz qaynansının adını – Gülarə, ikinci qızına isə doğma anasının adını – Solmaz adlarını verib. Hesab edib ki, övladları həyatda var olduqca böyüklərini xatırlayacaqlar. Hətta Lalə xanım yarızarafat deyir ki, bir evdə iki quda böyüyür…

–        
  Lalə xanım, uşaqlarınızı hansı tərbiyə üsulu ilə böyüdürsünüz? Valideyinlərinizdən aldığınız tərbiyəni övladlarınızın üzərində tətbiq edirsiniz, yoxsa sizin ayrı metodlarınız var?
–            Mən qızlarımı tərbiyə edərkən həm valideynlərimdən gördüyümləri onların üzərində tətbiq edirəm, həm də bir qədər öz bildiklərimdən istifadə edirəm. Uşaqların şəxsiyyət kimi formalaşmasında valideynlərin rolu çox böyükdür.  Dünyaya övlad gətirdikdə, çalışırıq ki, onu cəmiyyətimizə layiqli şəkildə yetişdirək. Mənim üçün dünyaya gətirdiyimiz uşağın sayı deyil, onun təhsili, savadı, tərbiyəsi daha çox önəmlidir. Cəmiyyətimizin yaxşı və ya pis olması biz valideynlərin verdiyi tərbiyədən asılıdır. Ona görə hər zaman deyirəm ki, əgər övladımız varsa, biz cəmiyyət qarşısında böyük məsuliyyət daşıyırıq. Övladlarımızı tərbiyə edərkən heç bir boşluğa yol verməməliyik. Çünki bunun nəticəsini uşaqlarımız çəkir. Valideynin məsuliyyətsizliyinin fəsadı çox böyük olur. Belə ki, uşaqlar yaxşı tərbiyə almadıqda, sabah cəmiyyət üçün bir yükə çevrilir. Tərbiyə də valideynin uşağına olan sevgisindən doğur. Əslində valideynlər istəyir ki, övladları onların idarəetmə sisteminə itaət etsin və onların cızdığı yollarla getsinlər. Uşağım belə təhsil almalı, bunu geyinməli və bunları mütləq etməlidir – deyə düşünürlər. Düşünməliyik ki, qarşımızdakı uşaqdır. Onların da öz istəkləri olmalıdır. Ancaq əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir.
Mənim iki qızım var. Onlara “qızını döyməyən, dizini döyər” prinsipi ilə yanaşıram. Düzdür, döymək mənə bir qədər yad hərəkətdir. Maksimum səs tonunu yüksəldirəm. Bizdə hər şey mərhələ şəklində gedir. Birinci mərhələdə xəbərdarlıq edirəm ki, “bunu etmə”. İkinci mərhələdə “axı demişdim olmaz”. Üçüncüdə isə artıq səs tonu yüksəlir və məsələyə nöqtə qoyulur. Çalışırıq ki, qarşılıqlı anlaşma halında hər şeyi yoluna qoyaq.

–       
   Siz də övladlarınızı rejimlə idarə edən valideynlərdənsiniz?
–          Bəli. Bizim ailədə uşaqlar tam rejimlə hərəkət edirlər. Uşağı tam çərçivəyə salmağın da əleyhinəyəm. Hərdən sərbəstlik verməyin tərəfadrıyam. Misal üçün, yay tətilində iki ay onların üzərində olan məhdudiyyəti götürürəm. Təbii ki, əgər mən deyirəmsə, yatıb-durmaq saatlarında sərbəstsiniz, bu o demək deyil ki, gecə saat 1-də, 2-də yata bilərlər. Əsla. Əgər dərs vaxtı saat 10-da yuxudadırlarsa, yayda bu, saat 11-12 də ola bilər. 2 ay uşaqlar sərbəst rejimdə böyüyürlər. 9 ay təhsil vaxtı isə günlərini tam ciddi rejimlə idarə edirik. Uşaqların zamanı elə bölünüb ki, hər şey zəncirvari şəkildədir – məktəb, ev, yemək fasiləsi, dincəlmək və əlavə məşğuliyyətlər. Mən uşağı çox yükləməyin tərəfdarı deyiləm. Ancaq hesab edirəm ki, uşağı götürə bildiyi qədər yükləmək lazımdır.

–        
  Lalə xanım, bütün günü xəbərin içərisindəsiniz. Yəqin ki, Bərdədə 14 uşaqlı ailə haqda məlumatlısınız. Nədənsə çoxuşaqlı ailə cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmadı. Kimisi övladlarını saxlaya bilməyəcəyi təqdirdə, valideynlərin nə üçün belə hərəkət etdiyini qınadı, kimisi də uşaqların gələcəkdə bir-birilərinə dayaq olacağını deyib onlara haqq qazandırdı. Bu məsələyə münasibətiniz necədir?
–          Bu məsələyə iki prizmadan yanaşmaq olar. Doğrudur ki, çoxuşaqlı ailə olmağın yaxşı tərəfləri çoxdur. Onlar gələcəkdə bir-birilərinə arxa-dayaq olacaqlar, bir-birilərinə kömək edəcəklər. Ancaq əgər onların hamısını mükəmməl yetişdirə bilməyəcəyiksə, o zaman buna ehtiyac yoxdur. Biri olsun, ancaq cəmiyyətə yararlı olsun. Çox üzr istəyirəm oxuculardan, çox uşağı dünyaya gətirməyə nə var ki. Hər bir qadın dünyaya istənilən sayda övlad gətirə bilər. Ancaq düşünək  ki, övlad ananın şah əsəridir. Bir valideynin övladına verə biləcəyi ən gözəl şey onun təhsili və tərbiyəsidir. Mən təbii ki, 14 uşağın hamsıına istədiyim kimi təhsil verə bilmərəm. Mənə görə, yetişdirə biləcəyin qədər övlad sahibi olmaq daha məqsədəuyğundur.

–          Deyirlər ki, insanı yalnız 2 nəfər ömrü boyu sevə bilər – anası və övladı. Bu fikirlə razılaşırsınızmı?
–          Razıyam. Deyirlər, ana övladını qarşılıqsız sevən yeganə varlıqdır. Doqquz ay bətnində, üç il qucağında, ömrü boyu da qəlbində gəzdirir. Lazım gələndə məktəbin, universitetin qapısında durub övladı ilə  bərabər imtahan verir. Yenidən məktəbə gedir, parta arxasında oturur. Oğlu ilə bərabər əsgər gedir. Övladı ilə bərabər son günlərinə qədər yaşayan yeganə varlıq anadır. Övlada qalanda isə, sən də həmin övladın anasısan. Cənnət anaların ayaqları altındadır.

–          Övladlarınızın gələcəyi ilə bağlı nələr düşünürsünüz? Onları hansı sahələrdə görmək istəyirsiniz?
–           Bu barədə hər təhsil ilinin əvvəlində uşaqlarla söhbətimiz olur. Hələ onları  müəyyənləşdirmək çox tezdir. Qızlarımı gələcəkdə hansı sahədə görmək istəyim o qədər də önəmli deyil. Çünki seçimlərini özlərinin ixtiyarına buraxmışam. Onlara sadəcə, istiqamət verə bilərəm. Məcburi heç nə etdirə bilmərəm. Məndən olsa, istəyərəm ki, biri humanitar, digəri dəqiq elmlər sahəsi üzrə təhsil alsın. Ona da uyğun iş tapsınlar. Təbii ki, valideynlər öz övladlarını ən yaxşı yerlərdə görmək istəyərlər. Təkcə sənətə yiyələnməklə iş bitmir. Gərək sahib olduğun işi sevəsən. Bu gün mən işimi sevərək görürəm. Çox zaman valideynlər “övladım televziyaya getməsin” deyərək uşaqlarını öz arzularının dalınca getməyə qoymurlar. Ancaq mənim valideynlərim “sevdiyin işdə uğurun olacaq” dedilər və mənə dəstək oldular. Övladlarıma da eyni şeyi məsləhət görəcəm. Görsəm ki, onların seçimi mənim istəklərimlə ziddiyyət təşkil edir, uyğun bir dillə istiqamət verəcəm. Hansı sənəti seçirlər-seçsinlər, yetər ki, seçdikləri sahədə peşəkar olsunlar.

–          Sizin sənətinizi davam etdirmək istəsələr necə, onlarla razılaşarsınızmı?

–        Seçdiyiniz sənət bəlkə də kənardan asan görünən, ancaq dərinliyinə varanda, çox məşəqqətli bir peşədir. Valideynlər övladlarının çətin peşədə çalışmasını istəməzlər…

–          Niyə də olmasın?
–        Onlar istəyərlərsə, qarşı çıxmaram. Hər bir sənətin öz çətinlikləri var. Asan iş yoxdur. Uğur qazanmaq üçün işə sevgi mütləqdir. Mən öz işimi o qədər sevirəm ki, o sevginin arxasındakı çətinlikləri görə bilmirəm.  Bütün çətinliklər sevgi pərdəsinin arxasında itib-batır. Televziyaların qəribə bir mühiti var. Televiziya bir batalıqdır, insan batdıqca batmaq istəyir. Bəlkə də yeganə yerdir ki, görürsən boğulursan, ancaq yenə də boğulmaq istəyirsən və oradan uzaqlaşmırsan.

–          Peşələrimiz yaxın olduğu üçün işinizin çoxluğundan xəbərdarıq. Həm iş xanımı, həm də ana olaraq övladlarınıza zaman ayıra bilirsinizmi?

–          Burada müəyyən problemlər yaşayırıq. Bilirsiniz ki, işimizlə əlaqədar olaraq səhər gedib, axşa gəlirik. Mən olmayanda uşaqlarıma sağ əlim, köməkçim, həyatımdakı ən dəyərli varlıqlarımdan biri olan anam nəzarət edir. Ana övladı ilə bərabər bir də ana olur. Anam övladlarıma məndən çox baxır, onların dilini məndən yaxşı başa düşür. Qızlarım nənələri ilə daha yaxındırlar. İşləyirəm deyə, bu məsələdə özümə haqq qazandırmıram. Çalışıram ki, istirahət günlərimi onlarla keçirim. Bundan başqa, əgər məzuniyyətdəyəmsə, bütün günümü onlara həsr edirəm.

–           Siz daima xəbərin içində, bəzən də tam mərkəzində olursunuz.  Xəbəri tamaşaçıya çatdırarkən nə zamansa olubmu ki, öz övladınızın hansısa ixtirasını, ölkəmizi haradasa təmsil etməsini gözləriniz önündə canlandırasınız?
–           Elə bir sual verdiniz ki, sanki o anı yaşadım. Ola bilər və bu mənim yaşamaq istədyim ən böyük arzularımdan biri olar. Ana üçün reallaşmasını istədiyi bundan gözəl arzu ola bilməz. İnşallah, gün gələr, sizə həmin an nə hisslər keçirdiyimi deyərəm.
–          İnşallah.

 

Xəyalə Rəis




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir