Laminat döşəmələrə, adətən, çox az qulluq tələb olunur. Bəzi laminat növləri var ki, onlar sudan qorxmur və onları hətta hamam otağında istifadə etmək olar. Lakin əksər laminat döşəmələr su sevmir və onları nəm əski ilə daha gec-gec silmək lazımdır.
Suya laminat döşəmələri üçün olan vasitə əlavə edə bilərsiniz. Suya sirkə də əlavə etmək olar (1 l suya 1 xörək qaşığı sirkə götürülür). Bu təbii və ziyansız vasitə çox yaxşı dezinfeksiya edir. Döşəmə yuyan əskini yaxşı sıxın. Bunu həftədə 1-2 dəfə etmək olar. Digər günlərdə laminat döşəmələri tozsoranla təmizləyin. Yuyan tozsorandan istifadə etməyin.
Laminat döşəmələri nəmişlik sevmir və bu səbəbdən nəmişlik olan otaqlarda bu döşəmələr çox tez korlanır.
Flomaster, marker, dodaq boyasından qalan ləkələri aseton və ya metil spirtlə aparmaq olar.
Laminat döşəmələrə qulluq edəndə, döşəməni sürtmək üçün mumdan, pardaxlama vasitələrdən, yaxud döşəməyə qulluq etmək üçün başqa bu kimi vasitələrdən istifadə etməyin, çünki onlar laminat döşəmələri üçün yararlı deyil.