Ənənəvi sinif mühitində öyrənmək çox vaxt şagirdləri passiv dinləyici rolunda saxlayır. Ancaq layihə əsaslı öyrənmə şagirdləri yeni biliklərin əldə edilməsində, dərk edilməsində və tətbiqində fəal iştirak etməyə təşviq edir. Bu üsul şagirdlərə öz bilik və bacarıqlarını real dünya problemlərini həll etmək üçün istifadə etməyə imkan verir, beləliklə, öyrənmə təcrübəsini daha dərin və mənalı edir. Layihə əsaslı öyrənmə şagirdlərin müəyyən bir mövzu və ya konsepsiya ətrafında layihə hazırlamasını və bu layihəni başa çatdırmaq üçün zəruri olan tədqiqat, planlaşdırma və həyata keçirmə proseslərini idarə etməyi əhatə edir. Şagirdlər tez-tez bu layihələrdə problemin həllinə və ya yeni bir şeyin inkişafına diqqət yetirirlər və bu prosesdə öyrənmə real dünya kontekstində baş verir.
Layihə əsaslı öyrənməşagirdlərə müxtəlif bacarıqlar qazandırır. Bunlardan biri problemin həlli bacarıqlarıdır. Şagirdlər layihələr üzərində işləyərkən qarşılaşdıqları problemləri müəyyən etmək və həll etmək üçün yaradıcı və tənqidi düşünmə bacarıqlarından istifadə edirlər. Problemin həlli bacarıqları həyatın bütün sahələrində vacibdir və fərdlərin uğurlarına təsir göstərir. Bu bacarıqlar şəxsi və peşəkar inkişafı dəstəkləyir və fərdlərə daha güclü təməl quraraq daha dolğun həyat sürməyə kömək edir. Layihə əsaslı öyrənmənin digər bir faydası əməkdaşlıq və ünsiyyət bacarıqlarını inkişaf etdirməsidir. Layihə əsaslı öyrənmə çox vaxt qrup işi tələb edir ki, bu da şagirdlərin bir-biri ilə qarşılıqlı əlaqədə olmasına, fikir mübadiləsi aparmasına və ortaq məqsədlərə nail olmaq üçün birlikdə çalışmasına imkan yaradır. Digər bir tərəfdən özünüidarəetmə bacarığının inkişafınıda vurğulamaq lazımdır. Şagirdlər öz layihələrinin qrafikini yaratmaq, tapşırıqlar təyin etmək və layihə prosesini idarə etmək üçün öz intizamından və təşkilatçılıq bacarıqlarından istifadə edirlər. Son olaraq şagirdlər mənbələr araşdıraraq, məlumatları təhlil edərək və layihələrini tamamlamaq üçün optimal həllər taparaq tədqiqat bacarıqlarını inkişaf etdirirlər.
Layihə əsaslı öyrənmə həm də şagirdlərin motivasiyasını artıra bilər, çünki layihələr çox vaxt şagirdlərin maraqları və gündəlik həyatları ilə əlaqələndirilir. Şagirdlər öz öyrənmə proseslərinə nəzarət etdikdə və maraqlarına uyğun layihələr seçməkdəsərbəst olduqları zaman daha həvəsli olurlar.Bununla belə, layihə əsaslı öyrənmə bəzi çətinliklər yarada bilər. Qeyd etmək lazımdır ki, şagirdlər layihələri tamamlamaq üçün tələb olunan vaxt və resursları idarə etməkdə çətinlik çəkə, qrup işi zamanı ünsiyyət və əməkdaşlıq problemləri ilə üzləşə, bəzən qeyri-müəyyənliyin öhdəsindən gəlməkdə çətinlik çekə bilərlər. Burada əsas vəzifə müəllimin üzərinə düşür, müəllim düzgün fasilitatorluq etməlidir.
Nəticədə, layihə əsaslı öyrənmə şagirdlərə biliklərini real dünya kontekstində tətbiq etmək və anlamaq imkanı verir. Bu üsul şagirdlərə aktiv öyrənmə təcrübələrinə sahib olmağı və real həyatda qarşılaşacaqları problemləri həll etmək üçün lazım olan bacarıqlara yiyələnməyi mümkün edir.
İlhamə Axundova
Təhsil eksperti, təlimçi müəllim