Standart kekslərdən biraz kənara çıxaraq sizə limon ətirli keksin reseptini hazırladıq. Dadı qədər ətri də sizi valeh edəcək. Çay süfrələrinizin əvəzolunmaz şirniyyatına çevriləcəyinə əminik.
Tərkibi
2 stəkan un
4 ədəd yumurta (Yumurta böyük olarsa, 2 ədəd)
1/2 stəkan duru yağ
1 stəkan şəkər tozu
1 stəkan ilıq süd
Vanil
Qabartma tozu
1 çimdik duz
Əvvəlcə bizə lazım olan ərzaqlarımızı hazırlayırıq. Daha sonra yumurtaları dərin bir qaba qırıb mikserlə çalırıq. Yavaş-yavaş şəkər tozunu əlavə edirik. Tam ağarana qədər çalmağa davam edirik.
Daha sonra alınan qarışıma südü və duru yağı əlavə edib biraz qarışdırırıq.
Limon ətri gəlməsi üçün limonun qabığını rəndədən keçirib qarışıma əlavə edirik.
Qabartma tozunu və vanili una əlavə edib, ələkdən keçiririk. Ələnmiş unu qarışıma yavaş-yavaş tökərək qarışdırırıq. Un tam qarışana qədər qarışdırmağa davam edirik.
Keks qablarımızı hazırlayırıq. Qabların içərisinə kekslər yapışmasın və qabdan rahat çıxsın deyə keks üçün olan hazır kağız qabları düzürük. Daha sonra qabların içini doldururuq. Əvvəlcədən qızdırılmış sobamızda 180 dərəcədə 10-15 dəqiqə bişiririk.