Hələ məktəb illərindən ölkə xaricində çalışmaq kimi bir marağı olur. Universitet təhsilini bitirir, hərbi xidmətə gedir, qayıtdığında bu istək onda daha da artır. İmkanları araşdırmağa başlayır, eyni zamanda “Green card”a müraciət edir. Elə ilk cəhdində qəbul alır və ABŞ-a köçür. Söhbət hazırda “Meta” şirkətində kompüter və IT sistemlər dəstəkçisi üzrə mühəndis olaraq çalışan həmyerlimiz Orxan Mustafayevdən gedir. O, bundan öncə ABŞ-da “Netgear”, “Linkedin”, “TikTok” kimi şirkətlərdə çalışıb.
Qeyd edək ki, O.Mustafayev 1993-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilə 240 nömrəli məktəbdə başlayıb. 5-ci sinifdə isə texniki humanitar liseyinə keçib. Memarlıq və İnşaat Universitetində İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi üzrə bakalavr təhsili alıb.
“İlk cəhdimdə “Green card” uddum”
– Orxan bəy, Azərbaycanda 3-4 il çalışandan sonra Amerikaya getmisiniz. Karyeranın ilk dövründə Amerikaya getmək qərarı verməyiniz necə oldu?
– Mən universiteti bitirəndən sonra Bakı 2015 Avropa Oyunlarında çalışdım. Sonra hərbi xidmətə getdim, qayıdanda da İslam Həmrəylik Oyunlarında İT mühəndis olaraq dəstək verdim. Sonra bir yerli şirkətdə işlədim. Ancaq hələ məktəb vaxtından bilirdim ki, ölkə xaricində daha böyük şirkətlər var və orda da çalışa bilərəm. Əsgərlikdən qayıdandan sonra məndə xaricdə özümü yoxlamaq marağı, arzusu artmışdı. Bəxtim onda gətirdi ki, ilk cəhdimdə “Green card” uddum və 2018-ci ildə Amerikaya köçdüm.
– Ölkə xaricində çalışmaq deyəndə, elə hədəf Amerika idi?
– Amerika istəyərdim, amma sənəd məsələsi çətin olduğu üçün Avropadan başlamaq fikrim var idi.
– “Green card”la getsəniz belə, fərqli ölkənin mühitinə düşürsünüz…
– Bacımgil Amerikada yaşayırlar, onların mənə böyük dəstəyi oldu. İş həyatı cəhətdən yanaşanda isə, “Green card”la gəlsəniz belə, burada sıfırdan başlayırsınız. Əslində, “Green card”ın müsbət cəhətləri çoxdur, Amerika vətəndaşı kimi olursan, yalnız seçkilərdə səs vermək hüququn olmur. Ancaq iş mühitinə düşmək lazımdır.
“Amerikaya gələndən 3 ay sonra işə başladım”
– Getdikdən 3 ay sonra Amerikada öz sahəniz üzrə iş tapmısınız. Azərbaycandakı təcrübə ilə işə qəbul etdilər?
– Azərbaycanda olanda Amerikanın iş mühiti ilə bağlı müəyyən məlumatlarım var idi, bilirdim ki, rəqabət böyükdür. Ancaq iş mühitinin içinə düşəndə Amerikadakı rəqabətin böyüklüyünü daha çox hiss etdim. Azərbaycanda hardasa 4 ilə yaxın iş təcrübəm var idi. Amerikaya yeni gəldiyimdə müxtəlif şirkətlərə CV göndərirdim. Əlaqə saxlayırdılar, amma çoxu Amerika təcrübəsi istəyirdi. Düşündüm ki, mən Amerikada müəyyən sertifikatlar almalıyam. Beynəlxalq sertifikatların varsa, Amerikada sənə iş verməsələr də, şans verirlər, müsahibəyə dəvət edirlər. İlk sertifikatımı “Google” şirkətindən aldım. CV-yə onu əlavə edəndən sonra müraciət etdiyim şirkətlərdən daha çox zəng gəldi. Bu zənglərdən biri də “Netgear” şirkətindən oldu. Amerikaya gələndən 3 ay sonra bu şirkətdə işə başladım.
– 6 ay sonra o işdən niyə ayrıldınız?
– “Netgear” müqavilə ilə işləyirdi, daimi işçiləri yox idi. Layihələrə görə işçi götürürdülər. Layihəni icra etmək üçün mənə 40 gün vaxt vermişdilər. Mən 20 günə bitirdim. Onların xoşuna gəldi və müqaviləni 5 ay uzatdılar. Müqavilənin bitməsinə bir neçə gün qalmış artıq “Linkedin” şirkətindən təklif aldım və bu şirkətə keçdim.
“Qərar verdim ki, sistem inzibatçısı olmaq istəyirəm”
– Bir çox şirkətlər işə qəbulda “Linkedin” profilinə baxırlar. Bəs “Linkedin” işə qəbulda bu sosial şəbəkədəki profilinizə baxdımı?
– Digər şirkətlər kimi onlar da baxırlar, amma fərqli nəsə sual olmadı. “Linkedin”ə işə qəbulda Azərbaycandakı təcrübəm rol oynadı. Avropa Oyunları və İslam Həmrəylik Oyunlarında işləməyim onları cəlb etdi. “Linkedin”də 2,5 il işlədim və bu şirkət karyerama çox yaxşı təsir göstərdi, bütün maraqlarımı dəyişdirdi. Mən İT sistemləri üzrə mühəndis olaraq başladım, sonra baş mühəndis oldum. Ancaq bu şirkətdə qərar verdim ki, sistem inzibatçısı olmaq istəyirəm. Çünki orada daha maraqlı proqram və sistemlərlə işləyirsən.
– Növbəti iş yeriniz “TikTok” olur. Amma oradan tez ayrılmısınız.
– Əslində, “Tiktok”um yoxdur, istifadə etmirəm. Bu şirkətdə işləmək hədəflərim arasında deyildi. Mənə özləri yazdılar. Onların təklif etdiyi iş mənim sahəmdən bir qədər fərqli idi, bunu bildirdim. Daha sonra sahəmə uyğun vakansiya təklif etdilər. Mən də CV-mi göndərdim. Dedilər ki, maraqlı bir layihə var. “Linkedin”də 2,5 il idi işləyirdim, yenilik istəyirdim. Bu səbəbdən o layihədə işləmək təklifini qəbul etdim. Məndə İT mühəndisliyi idi, bu şirkətdə İT infrastruktur və sistemləri üzrə layihə menecmenti işini görürdüm. Maraqlı layihə idi, çox şey öyrəndim.
“Meta” və “Google”da işləmək arzum idi”
– Amma “Meta”da işləmək hədəfləriniz sırasında olmamış olmaz.
– “Meta” və “Google”da işləmək arzum idi. Özümü bu şirkətlərdə işləyən təsəvvür edirdim. İki gündən bir “Meta” və “Google”a CV göndərirdim. Çünki bu şirkətlərə milyonlarla CV gəlir. Sizi görmə ehtimalları çox azdır. Bundan öncə “Meta” mənə iki dəfə iş təklif etmişdi. Birinci dəfə mən “Linkedin”də işə başlayandan bir-iki ay sonra idi. Müsahibə etdilər, ikinci mərhələdə kəsildim. Səbəbini demədilər. Sonra təcrübə yığdım, müəyyən özünə əminlik qazandım. 2021-ci ildə mənə “Linkedin”dən yazdılar. O vaxt Bakıda bacımın toyuna gəldim, ona görə alınmadı. Həm də yaşadığım şəhərdən uzaq idi. Keçən il onlar işçi axtarırdılar, mən də işlərə baxırdım. Müraciət etdim, CV-mi bəyənmədilər, mən də əl gəzdirib təkrar müraciət etdim və beləliklə, “Meta”da işə başladım.
– CV-də nəyi bəyənmədilər?
– CV-də məlumat çoxdur, onların vaxtı azdır. Onlar qısa CV-ləri daha çox sevirlər. Ancaq lazımlı məlumatları saxladım. Bəzilərini əlavə etdim, bəzilərini sildim.
“Mən burda hər gün yeni nələrsə öyrənirəm”
– “Meta” arzuladığınız iş yeri olub. Necə bir iş mühitindəsiniz?
– Mən burda hər gün yeni nələrsə öyrənirəm, bu, çox yaxşıdır. Eyni zamanda, bu mühit sənin qarşına gələcəklə bağlı məqsədlər qoyur. Gələcəkdə nə olmaq istəyirsən? Onlar bu sualın cavabını sizdən tələb edirlər. Bu, mənim profilimə uyğun idi. Müdirim bilir ki, nə istəyirəm, məni yönləndirir, köməklik edir. Burada işə başlayanda iki həftə treninq oldu. Dedilər ki, bizə sual verəndə, sevinirik, kömək etmək istəyirik. Bu, xoşuma gəldi. Bir də burada gördüyüm kollektivi heç yerdə görməmişəm. İnsanları çox seçirlər. Aura, atmosfer başqadır.
– Seçilmişlərin çalışdığı mühitdə rəqabət necə gedir?
– “Amazon”dan başqa Amerikanın bütün qlobal kompaniyalarının əsas ofisi Silikon Vadisində yerləşir. Çox rəqabətli mühitdir. Sənə kiminsə “özünü inkişaf etdir” deməyinə ehtiyac qalmır. Səndən çox və səndən az bilənlər var. Görürsən ki, az bilən sənə çatmaq istəyir, sən də səndən çox bilənə. Bu sizə böyüməyə köməklik edir. Sanki bir-birinizlə yarışırsınız. Amma sağlam rəqabətdir. Məsələn, mən pandemiya dövründə “MacBook”ların sistem inzibatçılığı üzrə (Jamf Pro) sertifikatını almışdım. Onu bizdə iclaslarda deyəndə, o birilərin gözləri yandı. Mənə yazdılar, maraqlandılar. Onlarda da nəsə olanda, mən tez maraqlanıram.
“Amerikada sistem, baxışlar fərqlidir”
– Artıq Amerikada bir neçə böyük şirkətdə təcrübəniz var. Sizcə, yeni getdiyinizdə niyə Amerika iş təcrübəsini istəyirdilər?
– Əslində, Azərbaycanda olanda da bunu bilirdim, amma mühitə düşməyənə qədər adam tam da qəbul etmir. Amerikada sistem, baxışlar fərqlidir. Azərbaycanda çox önəmli hesab edilən məsələ Amerikada iş mühitində o qədər də önəmli olmur. Yaxud əksinə. Məsələn, Amerikada baxırlar ki, bu gün sən neçə problem həll etmisən, neçə dəqiqəyə həll etmisən və müştəri ilə problem yaşandımı? Bununla işçinin performansını yoxlayırlar. Azərbaycanda işinizin keyfiyyətinə və şikayətlərə baxırlar. Əgər kimsə şikayət etdisə, sizinlə danışırlar. Azərbaycanda əsas odur ki, problem vaxtında həll olunsun, uzanmasın.
– “Google” da işləmək arzusunda olduğunuz iki şirkətdən biri olub. Hazırda o şirkətə CV göndərirsiz?
– (Gülür) Hələ ki “Meta”da öyrənəcəyim şeylər çoxdur. Sistem inzibatçısı vəzifəsinə keçmək fikrim var və artıq “Linux” əməliyyat sistemi üzrə beynəlxalq sertifikatım var. İndiki əsas planım odur ki, özümü inkişaf etdirim, müəyyən sertifikatlar alım və sistem inzibatçılığı vəzifəsinə rahat keçim.
Aygün Asimqızı