linza

Linzaların kor etdiyi gözəllik

Baxış sayı: 1. 631

On ildən çoxdur eynəkdən istifadə edənlərin eynəyə əlvida deməsi üçün istehsal edilən linzalardan kosmetik məqsədlə də istifadə edilir. Amma gözəl görünmək və gözəl görmək üçün istifadə edilən linzalar gözlərin kor olmasına da səbəb ola bilirmiş. Türkiyə və Amerika mətbuatının yazdığına görə, sözügedən ölkələrdə linzalar ucbatından görmə qabiliyyətini itirən xeyli insan var. Dünyada hər gün 3 nəfər linzadan düzgün istifadə etmədiyi üçün görmə qabiliyyətini itirir. Tailand oftalmoloqlarının apardıqları araşdırma zamanı isə bəlli olub ki, kontakt linzalar və süni kipriklər səhhət üçün çox zərərlidir. Belə ki, dünyada hər il on minlərlə qadın məhz süni kipriklər və linzalara görə görmə qabiliyyətini itirirlər. Linzaların sağlamlığa vurduğu fəsad və linzadan sağlıqlı istifadə yolları barədə oftalmoloq Arzu Eyvazova ilə danışdıq. Həm də linza satılan apteklərdən öyrəndik ki, Azərbaycanda estetik linzadan istifadə edənlər əsasən hansı rəngə üstünlük verirlər?

 

Vaxtı keçmiş linzanın nəticəsi

Arzu Eyvazovanın sözlərinə görə, linzaların əksəriyyəti gözdə allergiyaya səbəb olur: “Estetik məqsədlərlə istifadə edilən kontakt linzalar nə qədər gigiyena qaydalarına riayət olunsa da, gözdə allergiyanın yaranmasına səbəb olur”. Oftolmoloqun sözlərinə görə, estetik linzadan istifadə edən xanımlar mütləq həkim müayinəsindən keçməlidirlər: “Çünki, linza həmin insanın gözünə uyğun olmaya bilər və nəticədə kontakt linzaların tərkibində olan kimyəvi maddələr gözdə reaksiyaya girərək ciddi fəsadlara səbəb olar”.

Qeyd edək ki, linzaların satışı və alışı zamanı xüsusi icazəyə ehtiyac olmadığından istehlakçılar heç bir yoxlamadan keçmədən rəngli linzaları alıb taxırlar. Hətta 1 aylıq linzanı 5-6 ay, 6 aylıq linzanı 1 il taxan istehlakçılar da var. Amma həkim deyir ki, istehlak müddəti bitən linzadan istifadə edərkən heç bir problem yaranmasa belə, bu cür linzalar təhlükəlidir. Çünki problem hər an yarana və gözə hər hansı formadasa təsir edə bilər. Bu, hətta gözün korluğuna da gətirib çıxara bilər. Qeyd edək ki, linzalar 1 günlük, 1 aylıq, 6 aylıq, 1 illik istifadə müddətinə görə fərqlənir.

 

Gözlər deşilə bilər?

Bəzi linza istifadəçiləri tənbəllik edərək yatarkən linzanı çıxarmağa ehtiyac görmürlər. Həkim dedi ki, kontakt linzaları davamlı şəkildə, yəni yatarkən də istifadə etmək olmaz. Bu zaman gözün bəbəyində oksigen çatışmazlığı səbəbindən problem yarana bilər. Nəzərə almaq lazımdır ki, linzalar gözləri rahat “nəfəs almağa” qoymur. Üstəlik davamlı şəkildə həm optik, həm də rəngli linzalardan istifadə gözün təbii özünüqoruma mexanizmini itirilməsilə nəticələnə və yaranan durum infeksiyalara yol aça bilər.

Oftolmoloqun sözlərinə görə, bəzi insanlar linzanıbir neçə dəfə taxandan sonra gözlərində qızartı, yanma hissləri yaranır. Bu halda da linzalardan istifadə yolverilməzdir: “Linzalar “sudumuna” və “akante mube” adlı mikrobları özünə cəlb edir. Bu mikroblar iki gün ərzində çoxalaraq, gözün irinləməsinə səbəb olur. Əgər linza istifadəçisi gözündə qırmızı ləkələr müşahidə edərsə, mütləq həkimə müraciət etməlidir. Çünki bu mikroblar çoxaldığı təqdirdə 24 saata gözü deşə bilər. Bu mikroblar həmçinin gözdə qaşınmaya da səbəb olur və bu zaman gözə dəyən ziyan daha da artır”.

A.Eyvazova bildirdi ki, kontakt linza vasitəsilə gözə düşən virus orada inkişaf edir və bu zaman həkimə müraciət olunmadığı təqdirdə, görmə qabiliyyətinin itirilməsi ilə nəticələnə bilər.

 

Başqasının linzasından istifadə etmək olmaz

Həkim linza istifadə edənlərin diqqət etməli məqamlardan da danışdı. Bildirdi ki, linzanı kran suyu və ya hər hansı bir suyla təmizləmək olmaz. Linzalı halda suya girmək, yaxud ağlamaq olmaz. Bu zaman linza gözdən düşə və yararsız hala gələ bilər. Gözdə linzadan istifadə edən zaman hansı bir narahatlıq olduqda həkimə müraciət etmək vacibdir. Oftalmoloq onu da qeyd etdi ki, bəzən qızlar linzalarını bir-birinə verirlər. Bu zaman digər istifadəçinin gözündə olan problem, xəstəlik digərinə keçə bilər. Bu problemlərdən sığortalanmaq üçün yalnız öz linzalarınızdan istifadə edin.

 

Mavi və yaşıl linzalar dəbdədir

Onu da xatırladaq ki, insan informasiyanın 90 faizini gözləri vasitəsilə alır. Belə bir deyim də var ki, “gözlər qəlbin aynasıdır”. Amma fərqli görünmək üçün rəngli linzadan istifadə edən qadınların gözləri heç də onların qəlbinin aynası olmur. Çünki rəngli linzalı gözlərdə məna olmur, yalnız parıltı gözə çarpır. Bu cür insanlarla üzbəüz söhbət zamanı onların gözlərindən hansı hissləri keçirdiyini bilmək mümkün deyil.

Bir neçə aptekdə və linza satılan mağazalarda apardığımız sorğu zamanı bəlli oldu ki, xanımlarımız əsasən mavi və yaşıl rəngli linzalara üstünlük verirlər. Onu da öyrəndik ki, rəngli linzaları alan təkcə qızlar deyil. Oğlanlar arasında da nadir hallarda olsa da, rəngli linzalar alanlar var. Optik linzaları isə qızlarla yanaşı oğlanlar da rahat şəkildə istifadə edirlər. Amma bu zaman yenə də çoxluq qızlar arasındadır. Qızlar arasında oğlanlara nisbətdə eynəyə deyil, optik linzalara üstünlük verənlər də var.

 

Aygün Cəfərli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir