Son aylarda Qarabağ İqtisadi zonada surətlə inkişaf edən həm tikinti, həm də sosial rifahın inkişafı üçün görülən işlər, eləcə də, 30 il öncə məcburi köçkün həyatı yaşamış vətəndaşların öz doğma torpaqlarına qaytarılması siyasəti surətlə icra edilir. Zəngilan, Füzuli, hazırda da Laçın şəhərinə mərhələli şəkildə məcburi köçkünlərin geri qaytarılması prosesi həyata keçirilir.
Belə olan halda ortaya bir sual çıxır, məcburi köçkünlər dövlət tərəfindən onlara verilən mənzilləri tərk etdikdə və Qarabağ İqtisadi zonasına köçdükdə, onların illərlə qaldıqları ev kimə təhvil verilir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi, istismarı və s. qaydasını müəyyən edir. Həmin Qaydaya əsasən, məcburi köçkünlər müvəqqəti yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun istifadə etməlidirlər. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq qurumu tərəfindən, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, ev boşaldılaraq, komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məcburi köçkünlərə müvəqqəti istifadə üçün verilmiş mənzillər xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansındadır.
Dövlətin balansındakı mənzildə yaşamaq üçün kirayə müqaviləsi bağlamış məcburi köçkün vəfat etdikdə həmin mənzildə müvəqqəti məskunlaşdırma hansı qaydada aparılır?
Məcburi köçkünlər müvəqqəti məskunlaşdıqları yaşayış sahələri Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə aiddir və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansındadır. Məcburi köçkünlərə verilən mənzillər onların müvəqqəti istifadəsinə verilir. Həmin mənzillər satıla, dəyişdirilə və özəlləşdirilə bilməz. Odur ki, məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərində məcburi köçkünlərə verilən mənzillərdə yalnız həmin mənzil üçün departamentlə məcburi köçkün arasında bağlanan kirayə müqaviləsində adları göstərilən şəxslər yaşamaq hüququna malikdir. Müqavilə ailə başçısı ilə bağlanır. Ailə başçısı vəfat etdikdən sonra ailənin digər üzvlərinin həmin mənzildə yaşamaq hüququ saxlanılır.Əgər mənzil bir nəfər məcburi köçkünə verilibsə və həmin şəxs vəfat etdikdən sonra həmin mənzil Komitənin köçürülmə ilə bağlı yaradılmış komissiyasının qərarı əsasında ehtiyacı olan digər məcburi köçkün ailəsinə verilir. Qeyd edirik ki, həmin mənzildə yaşayan şəxs vəfat etdikdən sonra onun qohumlarının və tanışlarının bu mənzildə məskunlaşması qanunvericiliyin tələblərinə ziddir.
Vətəndaşın məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu hansı hallarda itirilmiş hesab edilir?
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir:
- əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə;
- bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
Bəs məcburi köçkün 30 il öncə qeyri-qanuni zəbt etmiş əmlakdan çıxarıla bilərmi?
Sovet İttifaqının yenicə dağılmasından sonra və ölkələrin hər birinin özünün müstəqil hüquq və idarəetmə sisteminin formalaşdırılması prosesi aparılmasına baxmayaraq, mülkiyyətin özəlləşdirilməsi anlamı mövcud deyil idi və vətəndaşlara evlər Mənzil fondurndan ayrılaraq order və ya sərəncamlar əsasında verilirdi. Bu ərəfələrdə, yəni 30 il öncə 1-ci Qarabağ müharibəsi başlayanda və məcburi köçkünlər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşanda, onlardan əksəriyyəti həm Bakı şəhəri, həm də digər şəhərlərdə boş olan və yaxud müvəqqəti yaşayış olmayan evləri zəbt etməklə oraya daxil olub yaşayırdılar və bəziləri indiyədək də orada yaşayırlar. Lakin onların orada yaşamaları qeyri-qanunidir və həmin mənzilin mülkiyyətçisi tərəfindən çıxarla bilər.
01.10.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Zülfəli Hüseynov Azərbaycana qarşı” işi üzrə Avropa Məlakəməsinin hüquqi mövqeyinə görə isə ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyətdən dinc istifadə hüququna qarşı məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsi hüququnun tarazlaşdırılmasının təmin edilməsi üçün yerli səlahiyyətli orqanların öz öhdəliklərini yerinə yetirməsinə yönəlmiş hər-hansı xüsusi tədbirlərin görülməsi nə yerli məhkəmə proseslərində, nə də ki, məhkəmədə müəyyən edilməmişdir…Ərizəçi həddən artıq fərdi yük daşımağa məcbur edilmişdir. Məhkəmə hesab edir ki, bu ağır duruma görə hər hansı kompensasiya verməməklə dövlət orqanları məcburi köçkünlərin müvəqqəti olaraq yaşayış yerləri ilə təchiz edilmələrində təcəssüm olunan cəmiyyətin ümumi marağı ilə ərizəçinin əmlakından maneəsiz istifadə hüququnun müdafiə edilməsi arasında ədalətli tarazlılığı təmin edə bilməmişlər.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarda orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir.
Vəkil, Vəkillər Kollegiyasının üzvü Qumru Eyvazova
Eger ev sehid ailesine verilibse, amma şehid ailesi kimi yox, məcburi köçkün kimi verilibse, isgaldan azad olunmus erazilere kocurulende o ev de alinacaqmı?