Mədə göynəməsi ağır yeməkdən, mədənizə ziyanlı qidaların qəbulundan və ya həddən çox ədviyyatlı yemək yedikdən sonra rastlanan bir problemdir. Bu tip mədə göynəməsinin olmaması üçün ziyanlı yeməklərdən uzaq durmalısınız.
Mədə göynəməsi tək qidalarla deyil, mədə xorası, qida allergiyası, öd kisəsi problemləri və stresslə də əlaqədar baş verir. Yediyiniz ağır qidaların həzm olunmasında çətinliklər yaranır və əgər mədə xorası kimi probleminiz varsa, bu səbəbdən mədə göynəməsi olur. Mədənin ifraz etdiyi mədə turşusu qida borusunu yandırmağa başlayır. Kəklikotu və zəncəfil çayının dəmləmələri mədə göynərtisinə çox xeyirlidir. Dəmlədikdən sonra soyuq halda qəbul edin. Tərkibinə bal da qata bilərsiniz. Bal mədə turşuluğu və mədə xorasına qarşı xeyirlidir. Hər səhər darçınla qarışdırıb 1 çay qaşığı bal qəbul etməniz mədənizi rahatladacaq. Əgər mədə yanması qaz səbəbindən olursa, arxaya söykənmiş halda oturub mədənizi yavaş-yavaş masaj edin.
Stress də mədə göynəməsi, mədə turşuluğu və spazmasına səbəb olur. Buna görə stressdən uzaq olmağa çalışın. İdman edin. Nəfəsalma qaydalarını öyrənin. Mədə göynəməsinə qarşı xeyirli olan meyvə banandır.
Onu da qeyd edək ki, yeməkdən sonra uzanmayın. Yatmazdan 2-3 saat öncə yemək yeməyin. Mədə yanmasının qarşısını almaq üçün çoxlu çay, qəhvə, kola kimi içkilərdən, fast food-dan, çox ədviyyatlı, çətin həzm olunan yeməklərdən uzaq durun. Bununla yanaşı siqaret çəkmək, spirtli içki içmək və yuxu pozğunluğu da mədə göynəməsinə səbəb olur. Bunlara əməl etməklə problemi yüngülləşdirə bilərsiniz. Ancaq bundan arxayınlaşıb həkimə müraciət edərək müalicə almaq yaddan çıxmasın.