Mədə xorası – mədənin selikli qişasında yaranan yaradır. Bu vəziyyət, mədənin öz turşusu və həzm fermentləri tərəfindən toxumaların zədələnməsi nəticəsində baş verir. Xora yalnız mədədə deyil, onikibarmaq bağırsaqda (duodenum) da yaranarsa, bu zaman duodenal xora adlandırılır. Mədə və onikibarmaq bağırsaq xorası birlikdə peptik xora xəstəliyi adlandırılır.
Xoranın əsas səbəbləri:
Helicobacter pylori bakteriyası — Mədə xorasının əsas səbəblərindən biridir. Bu bakteriya mədənin selikli qişasını zədələyərək iltihab yaradır və nəticədə xora formalaşır.
Qeyri-steroid iltihabəleyhinə dərmanların (QSİƏD) — aspirin, ibuprofen, diklofenak kimi dərmanların uzunmüddətli istifadəsi.
Stres və həyat tərzi — xroniki stress, nizamsız qidalanma, siqaret və alkoqol istifadəsi xoranın yaranmasına zəmin yarada bilər.
Genetik meyl — ailə üzvlərində bu xəstəlik müşahidə olunarsa, risk daha yüksək ola bilər.
Əlamətləri:
Mədə xorası olan şəxslərdə müşahidə olunan əsas simptomlar aşağıdakılardır:
Qarında, xüsusilə də göbək üstü nahiyəsində yanma və ağrı
Boş mədədə və ya yeməkdən sonra ağrının güclənməsi
Bulantı, qusma
İştahtın azalması
Arıqlama
Qara rəngli nəcisin (melena) müşahidə olunması – bu, qanaxmanın göstəricisidir və təcili müdaxilə tələb edir
Bəzən xora komplikasiya verə bilər: qanaxma, deşilmə (perforasiya), mədənin çıxış hissəsində daralma (stenoz) kimi ağırlaşmalar ola bilər.
Diaqnoz:
Mədə xorası şübhəsi olduqda, diaqnozun təsdiqlənməsi üçün aşağıdakı üsullardan istifadə olunur:
Endoskopiya (qastroskopiya) – birbaşa mədəyə baxış imkanı verən ən dəqiq diaqnostik üsuldur.
Helicobacter pylori testi – nəfəs testi, qan analizi, nəcisdə antigen axtarışı və ya biopsiya yolu ilə aşkarlanır.
Qan analizi və nəcisin müayinəsi – qanazlığı və ya qanaxma əlamətlərini aşkarlamaq üçün aparılır.
Müalicə:
Mədə xorasının müalicəsi, əsas səbəblərə və simptomların ağırlıq dərəcəsinə uyğun olaraq fərqlənir:
Antibiotiklər – əgər səbəb Helicobacter pylori-dirsə, onu aradan qaldırmaq üçün iki və ya üçlü antibiotik kombinasiyası tətbiq olunur.
Proton pompası inhibitorları (PPI) – omeprozol, ezomeprozol və s. mədə turşusunun ifrazını azaldaraq xoranın sağalmasını sürətləndirir.
Antiasidlər və qoruyucu dərmanlar – mədənin selikli qişasını qorumaq üçün istifadə edilir.
Qidalanma və həyat tərzi dəyişikliyi – qida rasionundan acılı, yağlı, turş və qazlı məhsullar çıxarılmalı, siqaret və alkoqoldan uzaq durulmalıdır.
Nə zaman həkimə müraciət etməli?
Əgər yuxarıda sadalanan əlamətlər sizdə uzun müddətdir davam edirsə və xüsusilə də qanaxma, davamlı ağrı, iştahasızlıq və arıqlama müşahidə olunursa, dərhal həkimə müraciət etmək vacibdir. Mədə xorası vaxtında aşkarlanıb müalicə olunmazsa, həyat üçün təhlükəli fəsadlara səbəb ola bilər.
Unutmayın: Mədə xorası diaqnozunu yalnız həkim qoya bilər. Özbaşına dərman qəbul etmək, xüsusilə də ağrıkəsici və mədə turşusunu azaltmaq üçün nəzərdə tutulan dərmanlar, xəstəliyin gedişini ağırlaşdıra bilər.
Sağlam qidalanın, stressdən uzaq durun və mədə sağlığınıza diqqət edin!
Nərminə Abbasova
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi
Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.