Mədəaltı vəz kiçik bir orqan olsa da, həzm prosesində mühüm rol oynayır və eyni zamanda orqanizmi diabetin inkişafından qoruyur. Bütün bunlarla yanaşı, mədəaltı vəz asanlıqla zədələnir.
Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, statistikaya görə, son illərdə pankreatit (mədəaltı vəzinin iltihabı) xəstələrinin sayı kəskin şəkildə artıb. Üstəlik, bu, yalnız pis vərdişlər – alkoqoldan sui-istifadə, siqaret və həddindən artıq yemək – deyil, həm də digər amillərlə bağlıdır.
Həkimin sözlərinə görə, kəskin pankreatit çox yüksək ölüm nisbəti ilə mədə-bağırsaq xəstəlikləri arasında təcili xəstəxanaya yerləşdirmənin əsas səbəblərindən biridir. Bundan əlavə, mədəaltı vəzi xərçəngi xərçəngdən ölüm səbəbləri arasında yeddinci pillədəddir.
Nərminə xanım deyir ki, pankreatitin demək olar ki, 90%-nin iki əsas səbəbi spirtli içki və öd daşıdır. Kəskin pankreatit öd daşı olan xəstələrin 3%-də baş verir. Bu daşıyıcıların hər onda birində kəskin xolesistit (öd kisəsinin iltihabı) baş verir.
Həkim onu da qeyd edir ki, bir çox dərmanlar da pankreatitə səbəb olur: bəzi QİÇS dərmanları, bir çox ağrıkəsici dərmanlar. Bəzi antibiotiklər və hipertoniya dərmanları pankreatitin inkişaf riskini artıra bilər. Bununla belə, aspirin və bir sıra iltihab əleyhinə, analgezik və qızdırmasalıcı təsiri olan dərmanların əksinə, onun inkişaf riskini azaltdığına inanılır.
Bəs mədəaltı vəzinizi qorumaq üçün nə edə bilərsiniz?
Nərminə Abbasova alkoqoldan, narkotikdən istifadə etməməyi, həddindən artıq yeməməyi məsləhət görür. Həkim həmçinin vurğulayır ki, artıq pankreatitdən şübhələnirsinizsə, pəhrizinizə nəzarət etməli və vaxtında mütəxəssislə məsləhətləşməlisiniz.