Ailə, valideynlər və uşaqlardan ibarət ən kiçik sosial quruluşlu müəssisədir və cəmiyyəti təşkil edən institutların ən vacibidir. Ona görə də tarixən güclü ailə quruluşu, güclü cəmiyyət ilə assossasiya olunub. Əgər bir cəmiyyəti süquta uğratmaq, əxlaqi dəyərlərini gözdən salmaq, bütün mənəvi dəyərləri tapdamaq istəyirsənsə öncə ailədən başlamaq lazımdır.
Əslində, ənənəvi azərbaycanlı ailəsindəki parçalanma, nəsillərarası fərqlər, boşanmaların çoxalması, vətəndaş nikahlarının və atasız uşaqların getdikcə artması bir qədər gözlənilən idi, çünki hadisələrin inkişafı bu sonu qaçınılmaz etmişdi. Lakin bu dərəcədə aşınma bir növ inqilab, çevriliş effektli oldu. Yəni biz bu həddi gözləmirdik, ona görə başımıza gələndə çaşdıq.
Parçalanmağa, əxlaqsızlığın adını, donunu, tərkibini dəyişib “vətəndaş nikahı” dedikləri vaxtdan başladıq. Vətəndaş nikahı adlan vəziyyət, iki şəxsin heç bir dövlət və yaxud qeyri-dövlət orqanı ilə razılaşdırmadığı, rəsmi təsdiqi olmayan könüllü ittifaqdır. Ona görə ittifaq deyirəm ki, onlar ailə olaraq tanınmırlar. Onları yalnız münasibətləri birləşdirir, bu münasibətləri təsdiqləyən heç bir hüquqi sənədləri yoxdur. Buna görə də dövlət onları ailə kimi qəbul etmir.
Amma bu qəbul edilməyən evliliyə verilən ada baxın – vətəndaş nikahı. Nə qədər məsum səslənir, elə deyil? Hər ölkədə bir cür adlandırılır, “mədəni evlilik”, “sivil evlilik” kimi məsələn. Görürsünüz necə humanist ifadələr seçilir? Bizim ölkədə də təbliğatı aparılır, gənclərin nikaha daxil olmadan birlikdə yaşaması, cinsi münasibətdə olması açıq-aşkar təbliğ edilir yəni.
Bunun nəticəsidir ki, vətəndaş nikahı 10 il əvvəl nadir rastlanan vəziyyət idisə, bu gün normal qarşılanır ölkəmizdə. Tanınmışlar, məşhurlar çıxır efirdə vətəndaş nikahının normal olduğunu, evli sevgilisindən dünyaya uşaq gətirdiyini deyir. Televiziyalar əxlaqsızlığı təbliğ edir, utanmadan, qızarmadan, normalmış kimi. Atasız uşaqlar, anasının himayəsində böyüyən körpələr artır və bunun adını vətəndaş nikahı qoyurlar.
Ailə anlayışı bu qədər cılızlaşdısa bunun arxasında efir, telekanllar dırnaqarası sosial layihələr dayanır. O verilişlərlə qızlara asi olmağı, ərli qadınlara evdən qaçmağı öyrətdilər, evli kişilərin subay qız qaçırmasını, ensest münasibətləri normallaşdırdılar. Birbaşa yox, dolayı yollarla. Üsulluca, kirmişcə, lap pambıqla baş kəsmək kimi.
Bizim cəmiyyətdə ailə qurmaq, evlənmək deyəndə toy edilib nümayişkaranə gəlin getmək, gəlin gətirmək başa düşülür. Əgər gəlinin belinə qırmızı bağladınsa, xonça oynatdınsa, 500 nəfərin önündə toy etdinsə rəsmi nikaha ehtiyac duyulmur, gənclər ailə sayılır. Ən böyük səhv də burdan başlanır. Gənclər toy edir, bir evdə vətəndaş nikahında yaşamağa başlayır, övladları dünyaya gəlir, ya uşaq pulu almaq üçün sənədə ehtiyac olanda, ya da uşaq məktəbə gedəndə rəsmi nikah yada düşür. Bu vaxtadək ailədə doğulan uşaqlar qeyri-rəsmi yolla, nikahdankənar doğulmuş hesab edilir.
Araşdırsaq görərik ki, rəsmi nikahı olmayan ailələrdə ya hər iki tərəf, ya da qadın yetkinlik yaşına çatmamış evləndirilib. Azərbaycan qanunlarına görə 18 yaş nikah yaşı hesab edilir, istisna hallar üçün 17 yaşı da məqbul hesab edir qanunlarımız. Amma bəzi bölgələrimizdə 13-15 yaşda belə qızlar evləndilir, bu halda rəsmi nikah üçün müraciət edə bilməzlər, qanunla cinayət məsuliyyəti daşıdıqlarını bilirlər. Bu halda bir dini nikahla məsələni bitmiş hesab edirlər.
Bir başqa problem isə ailələrin və gənclərin dini nikahı rəsmi nikahdan daha üstün hesab etməsi məsələsidir. Problem ondadır ki, ailə böyükləri toyqabağı gəncləri dini nikaha girməyə məcbur etdikləri qədər rəsmi nikahı dilə gətirmirlər. Azərbaycan dünyəvi dövlətdir və ailənin dövlət tərəfindən qanuni tanınması üçün rəsmi nikah şərtdir. Əks halda dövlət o ailəni tanımır, orda doğulan uşaqlara görə hər hansı maddi öhdəlik daşımır. Uşaqlar üçün verilən müavinət də bu səbəbdən rəsmi nikahı olan ailələr üçün nəzərdə tutulub.
Qeyri-rəsmi münasibətləri, bu münasibətlərdən doğulan uşaqları, nikahsız yaşamağı normallaşdırmağa verilən addır “vətəndaş nikahı” ifadəsi. Adını nə qoyurlar qoysunlar, yumşaltmağa, suvaq vurmağa çalışsalar da mahiyyəti eynidir – əxlaqsızlıq.
Lalə Mehralı