lale mehrali

Mədəniyyət zəhərlənməsi

Baxış sayı: 642

Mədəniyyət yalnız insana xas xüsusiyyətdir. Yaradanın “ən ali varlıq” deyib xəlq etdiyinə yəni. Təbiət mədəni ola bilməz, heyvanın mədəniyyətindən danışmaq olmaz. Mədəni olmağı pul ilə əlaqələndirmək, mədəniyyəti pula bağlamaq da olmaz. Qızıl bir unitazınızın olması, yeməyi 4-5 cür çəngəl-bıçaqla yeməyiniz, ən elit məkanlarda olmağınız, teatr-opera ilə maraqlanmağınız da mədəniyyət göstəricisi deyil. Kostyum geyinib hakim qarşısına çıxan cani mədəni görünə bilər, amma mədəniyyətli deyil. İçi yoxsul olan birindən mədəniyyətin qızıl qaydalarını da gözləyə bilmərik. Ruhu çirkin, mənəviyyatı yoxsul olan ziyalı, savadlı, ədəb-ərkan qaydalarına zorakı əməl edənlər mədəniyyətli deyil, mədəniyyətli olmağa çalışandır.

Bəzən deyirlər yaxşılıq və gülüş yoluxucudur, birindən digərinə yoluxur. Məncə, mədəniyyətsizlik daha çox yoluxucudur. Hətta epidemiyadır. Əksi olsaydı bu qədər mədəniyyətsiz insanla eyni cəmiyyətdə yaşamazdıq, elə deyil? Mədəniyyətsizlik hər gün daha çox insana keçir, kütləvi zəhərlənmə gedir.

Sözsüz ki, sizin də üst qonşuluğunuzda eyvanında xalı çırpan, eyvanınıza siqaret kötüyü atan qonşularınız var. Şübhəsiz ki, içdiyi enerji içkisinin boş qutusunu elə yeridiyi yola atıb gedən insanları görmüsünüz. Şəksiz ki, ümumi tualetlərdəki mənzərənin siz də şahidi olmusunuz. Bütün bunları kim edir sizcə? Mədəniyyətli adamlar?

Hamı mədəniyyətlidirsə mağazada başqasının növbəsinə girənlər kimdir bəs? Ümumiyyətlə, növbə mədəniyyəti olmayıb ictimai nəqliyyat gözləyərkən başqalarının belinə minənlər bəs? İctimai yerlərdə at kimi fınxırıb burun dəliklərindəki ifrazatı boşaldanlar, hayqırıb boğazındakı bəlğəmi səkiyə tüpürənlər kimdir?

 

Hələ yollar…

Yollardakı vəziyyət, sadəcə, dəhşətdir. Zolaq dəyişdirərkən dönmə işıqlarını yandırmayanlar, qarşıdakı avtomobillə öz aranda saxladığın distansiyaya dürtülənlər, piyada zolağından maksimum sürətlə keçənlər, üç avtomobilin yerləşəcəyi yerə bir avtomobil park edənlər, ən sağ zolaqdan sola dönənlər, işıqforda dayananda siqnalı ayaqlayanlar… Onlar mədəniyyətlidir?

Birlikdə yaşamaq sivil cəmiyyətlərdə məcburi həyat tərzidir. Biz özümüzü bundan təcrid edə bilmərik. Çünki insanlar ehtiyaclıdırlar, birimiz digərinə ehtiyac dururuq. Mən yazını yazdım, amma dərc edilməsə nəyə yarayır ki bu yazı? Deməli, nəşriyyatdakı işçiyə ehtiyacım var. Nəşriyyatdakı yazımı dərc etmək üçün elektrik enerjisinin təminatını həyata keçirənə ehtiyac duyacaq, olmasa nə edəcək? Acmısınız, yemək bişirmək üçün bazarlıq etməlisiniz, o qidaları satan olmasa nə edəcəksiniz? Demək ki, bir-birimizə ehtiyacımız var. Amma birlikdə yaşamaq üçün öhdəliklərimiz də var və o öhdəliklər bizi mədəni və ya mədəniyyətsiz insan olaraq iki cəbhəyə bölür. Siz hansı cəbhədə olmaqdan məmnunsunuz?

Mədəni olmaq və ya mədəni həyat sürmək, ilk növbədə, ailədən başlayır. Ailədə qazanılan mədəni dəyərlər, əslində, cəmiyyətin avantajıdır. Əgər bu dəyərlər ailə üzvlərindən başlayıb, zamanla cəmiyyət tərəfindən mənimsənilsə, bizi daha mədəni cəmiyyət gözləyəcək. Əksini düşünmək belə istəmirəm.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir