1. Marqaret Mitçel “Küləklə sovrulanlar” — Sevmək üçün haqlı olmaq vacib deyil!
Roman güclü, gözəl, incə, cazibədar və cəsarətli bir qadının həyat hekayəsi barədədir. Onun uşaq səmimiliyi və həyat eşqi istənilən qadağalarla bəhsə girə bilər. Əsərin qəhrəmanı Skarlet çox şıltaq və çılğın bir qızdır.
O, Eşlini qarşılıqsız olaraq sevdiyi halda, onu həqiqətən sevən Ret Batlerin sevgisini görmür və ondan sadəcə olaraq istifadə edir. Skarlet nümunəvi qız olmasa da, Ret onu olduğu kimi sevir. Amma bu gözəl qadına laqeyd yanaşmaq mümkün deyil. Əsərdəki hadisələr çılğın sevgi və nifrətin fonunda baş verir.
2. Frensis Skott Fitscerald. «Böyük Qetsbi” — Məhəbbət dözümlüdür!
Amerikan yazıçısı Skot Fitsceraldın “Böyük Qetsbi”si caz əsrinin ən məşhur əsərlərindən biri hesab olunur. Roman 1925ci ildə, yazıçı Parisdə yaşayarkən işıq üzü görüb. Roman Böyük Qetsbinin böyük xülyaları, sevgisi və tənhalığı haqqındadır. “Böyük Qetsbi” yüksəklərə qalxan, hakimiyyət və vardövlətin xoşbəxtlik gətirəcəyinə ürəkdən inanan və ən böyük arzusunun gerçəkləşməsinin bir addımlığında olan güclü bir insanın həyat hekayəsidir. Bütün bunlara nail olmaqda onu bir qadına olan sevgisi ilhamlandırıb. Böyük Qetsbinin aşiq olduğu qadın Deyzi onun sevgisinə layiq ola bilmir, amma o, faciəli finala qədər öz məhəbbətinə sadiq qalır.
3. Rəşad Nuri Güntəkin „Çalıquşu“ — Məhəbbət inkişaf edir…
Romanda əsərin qəhrəmanı Fəridənin simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsl türk qızının obrazı bədii ustalıqla qələmə alınıb. Fəridə dəlicəsinə aşiq olsa da, taleyin sınaqlarına hazır olmadığı üçün uzun illər çıxış yolunu Kamrandan qaçmaqda görür. Lakin bu məhəbbət onunla birlikdə böyüyür, nəticədə, qız qüruru ilə barışmağı öyrənir. Roman hər kəsə sədaqət dərsi öyrədir. Orta fransız dini məktəbini yenicə bitirmiş bir qızın dilindən, gündəliyi şəklində verilmiş bu roman Azərbaycanda ən çox sevilən əsərlərdən biridir.
4. Şoderlo De Laklo „Təhlükəli əlaqələr“ — Sevgi ilə zarafat etmirlər
Vikont de Valmon aşiq olduğu dindar xanım de Turvelin məhəbbətini qazanmaq üçün qəddarlığa və hiyləgərliyə əl atır. Bu, ona məqsədinə nail olmağa imkan verir, lakin o, sınaqlardan üzüağ çıxmır.
5. Ceyn Ostin „Qürur və qərəz“ — Məhəbbət özümüzü kəşf etməyə imkan verir
“Qürur və qərəz” ingilis yazıçısı Ceyn Ostinin ən məşhur əsəridir. Əsər yoxsul, xaraktercə qürurlu qadının həyatından bəhs edir. Kişi hisslərinin səmimiyyətinə inanmayan qadın qərəzi əsərin əsas mövzusunu təşkil edir. Kitabın qəhrəmanı hissləri və əqidə məngənəsi arasında qalıb. Üstəlik, cəmiyyət onu sıxır. Belə təzyiqlərə yalnız güclü insan qalib gələ bilər. Nəticədə, hər kəs qəhrəmanın qələbəsi ilə razılaşmağa məcbur olur. Yeri gəlmişkən, qeyd edək ki, bu əsər Azərbaycanda ən çox satılan əsərlərdən biridir.
6. Elizabet Gilbert “Ye, dua et, sev” — Sevgi siz ona hazır olanda gəlir
“Ye, dua et, sev” kitabı Elizabet Gilberti məşhurlaşdıran əsərdir. Bu kitab qəhrəmanın çətin boşanma mərhələsindən sonra uzun bir səyahətə çıxmasından bəhs edir. Elizabet Gilbert hər şeydən imtina edəndə özünə yeni eşq tapır. Bunun üçün xeyli cəsarət və səbir tələb olunur. Əsər qısa zaman ərzində, otuzdan artıq dilə tərcümə olunaraq beynəlxalq bestellerə çevrilib. Kitab müəllifi o qədər məşhurlaşdırıb ki, 2008-ci ildə keçirilən ümumi sorğulara əsasən, o, dünyanın ən nüfuzlu yüz adamından biri seçilib. Bu kitabı adi oxuculardan tutmuş, senatorlar, prezidentlər, yazıçı və məşhur aktyorlar da oxuyub.
7. Frederik Beqbeder “Məhəbbət üç il yaşayır” — Sevgi düşünməyə məcbur edir
Alimlər hər zaman məhəbbətə müəyyən ömür biçir. Bəziləri 2 il 68 gün, bəziləri 3 il, bəziləri isə sonsuz olduğunu deyir. Romanın baş qəhrəmanı kübar həyatdan yazan jurnalist Mark Marronye isə əmindir ki, məhəbbət üç il yaşayır. O, iddia edir ki, əvvəl insanlar bir-birini ehtirasla, sonra incə və dostcasına sevir və nəhayət, bir-birinə darıxdırıcı olurlar. Romanın birinci hissəsində təsvir olunan belə baxışların səbəbi həyat yoldaşının ona qarşı laqeydliyidir. Evliliyinin üçüncü ilində Anna az qala onda ikrah hissi oyatmağa başlayır, o isə başqa bir qadına — Alisaya dəlicəsinə vurulur. Alisa da onu sevir, lakin başqası ilə yaşadığına görə, Markla gizlincə görüşür. O isə öz növbəsində, məhəbbətin üç ildən sonra bitəcəyinə və ayrılacaqlarına tamamilə əmindir. Romanın sonunda baş qəhrəman yazır ki, Alisa ilə artıq üç ildir ki, birlikdədir və o, birgə həyatlarının üçilliyini qorxu içində gözləsə də, məhəbbəti əvvəlki kimi güclüdür.
8. Şarlotta Bronte “Ceyn Eyr” — Sevgi insanı mətinləşdirir…
Əsərin baş qəhrəmanı Ceyn Eyr yetim, kasıb bir qız olmasına rəğmən, çox qürurlu və müstəqil insandır. O, Roçester malikanəsinə ev sahibinin qızına müəllimlik etməyə qəbul olunur. Elə ondan sonra Ceyn Eyr və mister Roçesterin arasında məhəbbət yaranır. Onlar evlənməyə hazırlaşır. Lakin toy günü elə bir sirr açılır ki, Ceyn Eyr malikanəni tərk edib, mister Roçesteri unutmağa çalışır. Lakin əsl məhəbbət heç vaxt unudulmur. Bir-birindən uzaq məsafədə yaşasalar da, onlar bir-birlərinin qəlbinin səsini eşidir. Əsər əsl sevgi, sədaqət haqqında yazılmış ən gözəl romanlardan biridir.
9. Sesilya Ahern “P.S. Səni sevirəm”
Avropada məhəbbət romanlarının ulduzu kimi tanınan irlandiyalı yazıçının debüt əsəri bestsellerlər siyahısındadır. Romanın qəhrəmanları Cerri və Hollini ölüm ayırır. Əsərin əsas mövzusunu da əri Cerrini itirən otuz yaşlı Hollinin yaşadığı ağır günlərindən bəhs edir. Elə bu vaxt poçtla sağlığında həyat yoldaşının ona yazdığı məktubları alır. İndi bu məktublar onu Cerri ilə bağlayan yeganə tellərdir. Ancaq iki şərti gözləmək zəruridir: on iki məktubun hərəsi bir ayda açılmalı və içindəki tapşırıqlara mütləq əməl olunmalıdır.
10. Erix Mariya Remark. „Üç yoldaş“ — Sevgi yaşadır
“Üç yoldaşda” müharibədən sağ çıxmış, yeni, dinc həyata başlayan gənclərin cəmiyyətlə daimi konfliktləri ön plana çəkilir. Müharibədən qayıtmış əsərin əsas qəhrəmanı Robert hər şeyə marağını itirib, həyata laqeyd və qeyri-ciddi yanaşır. Robbi bir az utancaq, çəkingən, insanlara dəyər verən tipdir. Robbinin Patrisiya ilə olan sevgisi onu həyata yenidən bağlayıb yaşadığı hər anı qiymətləndirməyə, ən əsası, əbədi sevginin varlığına inandıra bilir. Robbi ölümcül xəstə olan qızı qorumaq, onu yaşatmaq üçün əlindən gələni edir. Əsl kişinin edə biləcəyi bütün fədakarlıqları edir. Bu yolda vəfalı yoldaşları da ona yardımçı olur.
11. Nikolas Sparks “Yaddaş gündəliyi” — Sevgi ölmür
Nyu və Elli iki müxtəlif sosial təbəqədən olduğu üçün valideynləri onları ayırmağa çalışır və buna nail olur. Lakin onların heç biri birlikdə keçirdikləri xoşbəxt anları unuda bilmir.
12. Artur Qolden “Geyşanın memuarları” — Sevgi zərifdir
Əsər XX əsrin ən tanınmış geyşalarından biri Nitta Sayurinin həyat hekayəsi əhatə edir. Hətta siz məhəbbət romanlarının pərəstişkarı deyilsinizsə və ümumiyyətlə, ilk baxışdan məhəbbətə inanmırsınızsa belə, “Gündoğan ölkə”nin özünəməxsus mühitinə daxil olmaqdan və kənar şəxslər üçün qapalı, gizli bir cəmiyyəti daxildən tanımaqdan inanılmaz həzz alacaqsınız. Roman yalnız kişilərə məxsus olan tam başqa bir aləmə, başqa bir dünyaya açılan qapıdır. Bu aləmdə qadınlar heç vaxt düşündüklərini deyil, yalnız onlardan gözlənilənləri və tələb olunanları deyirlər…
13. Fransuza Saqan “Salam, kədər” — Sevgi böyüməyə kömək edir
Əsərdə həyatın bütün əyləncələrindən dadmaq istəyən ərköyün qızdan danışılır. Anasını çox erkən yaşlarında itirən Sesil uzun müddət monastır pansionunda təhsil alır. Arvadbaz atasının yanına qayıtdıqdan sonra heç bir qaydaqanuna sığmayan, məsuliyyətsiz həyat tərzi keçirməyə başlayır. Ancaq bir gün onların həyatına Anna daxil olur. Lakin Sesil anasının rəfiqəsi olan bu qadını heç bir halda qəbul edə bilmir. Buna səbəb atasının Anna ilə evlənmək fikrinə düşməsidir. O, belə hesab edir ki, atası Anna ilə evlənsə, daha onu əvvəl kimi sevməyəcək və diqqət ayırmayacaq. Onların toyuna mane olmaq üçün Sesil planlar qurmağa başlayır. Əsər Annanın ölümü ilə sona çatır.
14. Jorj Sand “Konsuelo” — Sevgi azaddır
“Konsuelo” romanındakı hadisələr XVIII əsrin ortalarına təsadüf edir. Bu əsər o dövrün təhlükə və həqiqi ehtirasla bol olan atmosferinə baş vurmaq üçün əla imkandır. “Konsuelo” fransız yazıçısı Jorj Sandın ən tanınmış və ən məşhur əsərlərindəndir. Konsuelonun şəfqəti bütün maneələri aradan qaldırır, çünki onun məhəbbəti təmənnasızdır. Qınamaq və qəzəb onun tərzi deyil, insanı incitmək ona xas olmayan şeylərdir. Ona görə də, Konsuelonun hissi onun mənəvi dünyasını pozmur və başqalarına ağrı vermir.
15. Viktor Hüqo “Paris Notr-Dam kilsəsi” – Sevginin gözü kor olur
Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan „Paris Notr-Dam kilsəsi“ romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı, insanın azadfikirliliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Yazıçı təsvir etdiyi dövrün əlamətlərini romanın bir-biri ilə təzad təşkil edən əsas qəhrəmanlarının — Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm etdirmişdi.