Elnur Rustemov

Məhləmizdə bir quyu var, əmi qızı… – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 343

 “Gencaile.az” Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, tanınmış psixoloq Elnur Rüstəmovun Ailem.az-a məqaləsini təqdim edir.

O quyu həmişə olub.  Özü də Adəm və Həvvadan sonra qazıldı. Əvvəl üstü açıq idi. Sonra ətrafını çəpərlədilər, bir müddət keçdi üstünü də örtdülər. Necə deyərlər bir daş altda, bir daş da üstdə. Düzdür, zaman-zaman o quyuya hansısa formada düşənlər olurdu. Ancaq çox deyildi, düşəni də danlayır, daşqalaq edir, bəzən əyalətdən qovub çıxarırdılar. Bir sözlə, bu işə heç yaxşı baxmırdılar. Ancaq son zamanlar deyəsən, quyunun ətrafında çəpərlər sanki sökülüb, kimlərsə də illah edib o quyuya yaxınlaşır. Hətta ara-sıra düşənlər də olur. Deyir, elə dünən də bir əmi ilə qardaşı qızı sürüşüb o quyuya düşüblər. Quyunun da adı İNSEST adlanır. Nədir İNSEST? Niyə ora düşürlər, səbəb nədi?

 

Ordan başlayaq ki, insest sözünün mənası qohum, yaxud qan birliyi olan yaxın insanlar arasında cinsi əlaqə kimi götürülür. Əksər mədəniyyətlərdə insest bir tabudur. Bəşəriyyətin yaranmasının ilkin mərhələsində bu hal geniş vüsət alsa da, sizilizasiyanın inkişafı ilə paralel insest həm dini, həm də hüquqi müstəvidə yasaq edilməyə başladı. Demək olar ki, əvvəlki illərlə müqayisədə hazırda bəşəriyyətdə belə hallara az təsadüf edilir. Hətta Azərbaycanda belə, əvvəlki illərlə müqayisədə yaxın qohumlar arasında izdivaca az rast gəlinir. Hansı ki, əvvəllər belə evliliklər çox zaman birbaşa ağsaqqalların xeyir-duası ilə həyata keçirilirdi. Qeyd etdiyimiz kimi, bu gün artıq biz bu cür hallarla az rastlaşırıq. Hətta azala-azala gedir. Buna əsaslanıb demək olar ki, bir müddət sonra cəmiyyətdə yox dərəcəsində olacaq. Bunun da bir səbəbi insanların maariflənməsi, bilgilənməsi, daha sağlam təməl üzərində ailə qurmaq istəyidir. Bu məsələnin bir tərəfi.

Keçək digər məqama. Digər və ən ağrılı məqam isə ondan ibarətdir ki, əgər dünən yaxın insanlar arasında münasibət ailə qurmaq müstəvisində həyata keçirilir, rəsmi sənədlərdə təsdiqini tapırdısa, bu gün biz bəzən qeyri-rəsmi münasibət səviyyəsində belə halların yaşanmasının şahidi oluruq. Peşəmdə eşitdiklərimdən çıxış edərək məsələyə yanaşmaq istəmərəm. Heç belə bir fikrim də yoxdu. Çünki psixoloji dəstəkdə anonimlik müqəddəs bir şeydi. Onu qorumaq borcumuzdu. Ancaq ictimailəşmiş, beş-altı nəfərin bildiyi hadisələrə istinad edərək bunu deyə bilərəm ki, cəmiyyətdə, hətta ən yaxın insanlar arasında belə, insest hadisələri baş verir. Bəli, baş verir.  O zaman da sual yaranır. Niyə belə hallar baş verir. Səbəb nədi?

 

Özünə qayıdır hər şey, özünə,
gözümə qayıdır göz yaşlarım da.

                           (Ramiz Rövşən)

 

Doğrudanmı qayıdır? Qayıdırsa, nə səbəbə qayıdır? Axı biz əvvəlki illərlə müqayisədə daha bilikli, daha elmliyik. Fizikada belə bir qanun var; təsir, əks təsirə bərabərdi. Yəni bir tərəfdən bəşəriyyətin inkişaf etdiyini görürük, digər tərəfdən isə bəşər insanından görmədiyimiz bayağılığın, lap elə barbarlığın şahidi oluruq. İsveçrə psixoanalitiki Karl Yunq keçən əsrin əvvələrində insan şəxsiyyətinin strukturunda daha dərin qatda mövcud olan kollektiv təhtəlşüur haqqında fikir irəli sürdü. O qeyd edirdi ki, kollektiv təhtəlşüur özündə insanın və hətta insanаbənzər nəsillərin də hafizəsinin gizli izlərini birləşdirir. Yunqun özünün dediyi kimi, kollektiv təhtəlşüurda insan təkamülünün ruhi səltənəti durur. Belə olan halda kollektiv təhtəlşüurun məzmununa bütün insanlığın yaşadıqları aiddir. Onu da qeyd etməliyəm ki, Yunqun və Freydin fikir ayrılığının əsas səbəbi kollektiv şüursuzluq konsepsiyası oldu. O, buranın söhbəti olmadığından qayıdıram mövzuya və yazını bitirmək istəyirəm. Bəli, insanın beyin strukturunda onun təkamülünün ruhi səltənəti durur. O səltənətdə hər şey var. Yaxşı da, pis də və o səltənətə baxan göz də bizdədi. İstəsək, o gözü bəzi şeylərə baxmaqdan məhrum edə bilərik. Lap elə çıxarıb ata bilərik. Yetər ki, istək ola. O istək də elə belə yaranmır. Oxumaq, maariflənmək, inkişaf etmək lazımdı. Zatən itirə-itirə gedirik. O əmi qurbanlıq idi. Kəsildi, getdi. Ancaq əmiləri sevin. Beş barmağın beşi də bir ola bilməz. Allah betərindən qorusun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir