İbtidai sinfə gedəcək uşaqların valideynlərini indi ən çox düşündürən məsələ övladlarını məktəbəqədər təhsil üçün hansı təhsil müəssisəsinə qoymasıdır. Hansı təhsil müəssisəsindəki məktəbəqədər təhsil daha keyfiyyətlidir; özəl, yoxsa dövlət?
Binəqədi rayonu 179 nömrəli orta məktəbin ibtidai sinif müəlliməsi Mehriban Əliyevanın bildirdiyinə görə, bəzi dövlət məktəblərində sıxlıq olduğundan məktəbəqədər tədris yoxdur: “Bizim məktəbdə də məktəbəqədər təhsil yoxdur. Məktəb darısqal olduğundan, sıxlığa görə məktəbəqədər hazırlıq kursları təşkil olunmayıb. Amma birinci sinfə gələn uşaqların dərsdə fəallığına gəlincə, kursda məktəbəqədər hazırlıq keçmiş uşaqlar daha fəal olur, dərslərini daha yaxşı oxuyur”.
Dövlət uşaq bağçalarında güclü dərs keçirilmədiyini deyən müsahibimiz hesab edir ki, məktəbəqədər hazırlığı uşaq bağçarında keçən uşaqlar dərslərində elə də güclü nəticə göstərə bilmir. “Dövlət uşaq bağçalarındakı məktəbəqədər hazırlıq aşağı səviyyədədir, bizi qane etmir”.
M.Əliyeva qeyd edir ki, bu il birinci sinif götürüb və sinfində ayrı-ayrı kurslardan gələn uşaqlar var: “Kurslardan gələnlər arasında fəalları çoxdur, onların təhsil almasına xüsusi önəm verilməsi aydın görünür. Sinifdə elə uşaqlar da var ki, əlində heç qələm tutmayıblar. Məktəbəqədər hazırlığın uşaqlar üçün böyük xeyri var. Bu, hazırkı təhsil sistemi üçün mütləqdir. Təəssüf olsun ki, bəzilərinin, ümumiyyətlə, məktəbəqədər təhsildən xəbərləri yoxdur”.
“Hədəf” kurslarının məktəbəqədər təhsil üzrə müəlliməsi Gülnar Abbasova əməkdaşımızla söhbətində deyib ki, məktəb nəzdində məktəbəqədər hazırlıq Təhsil Nazirliyinin proqramları əsasında keçirilir: “Məktəb nəzdindəki məktəbəqədər hazırlıq daha keyfiyyətli olur, nəinki uşaq bağçasında. Uşaq bağçasında keçirilən hazırlığın səviyyəsi o dərəcədə də yüksək olmur” deyən G.Abbasova iddia edir ki, kurslar və özəl təhsil müəssisələrindəki məktəbəqədər təhsil isə daha effektli olur. Dediyinə görə, özəl müəssisələrin üstünlükləri daha böyükdür. “Bu təhsil müəssisələri verdiyi təhsil müqabilində pul alır, ona görə də, dövlət məktəbləri və dövlət uşaq bağçaları ilə rəqabətə girərək uşaqlara daha yüksək səviyyədə təhsil verməyə çalışırlar. Eyni zamanda özəl təhsil müəssisələri ilə də rəqabatə tab gətirməyə çalışırlar ki, daha çox müştəri cəlb etsinlər, həm uşaqlar, həm də valideynləri məmnun qalsın. Özəl təhsil müəssisələrinin hər biri işində fərqlənməyə çalışır. Ona görə də, uşaqları özəl məktəbəqədər kurslara qoymaq daha məsləhətlidir. Özəl məktəbəqədər müəssisələrdə liseylərə hazırlıq da keçirilir və bu təhsil gözlənilən nəticəni verir”.
Sumqayıt şəhəri 11 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Elnarə Qurbanzadənin bildirdiyinə görə, 2016/17-ci dərs ilindən etibarən ümumtəhsil məktəblərində məktəbəqədər hazırlıq siniflərinin təşkil edilməsi təhsil sistemindəki uğurlu addımlardan biridir: “Uşaq bağçalarındakı məktəbəqədər hazırlıqla müqayisədə, təbii ki, məktəbdə təşkil olunmuş bu məşğələlərin ibtidai təhsil üzrə ixtisaslı müəllimlər tərəfindən keçirilməsi 1-ci sinifdə tədrisin keyfiyyət və səmərəliliyini daha da artıracaq. Həmçinin əksəriyyət uşaqlarda məktəbə gündəlik davam etmək alışqanlığı müsbət yönümlü formalaşaraq məktəb fobiyasının qarşısını da alacaq. Tövsiyə edərdim ki, valideynlər əsla seçim qarşısında qalmasınlar. Məktəbəqədər hazırlıq məşğələləri öz müsbət təsirini məhz məktəb bazasında göstərəcək”.
Təhsil Nazirliyinin məlumatına görə, məktəbə hazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəb hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məkbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intelektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təşkil edir.Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır.
Beşyaşlıların məktəbə hazırlığı “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı” əsasında (məktəbəqədər təhsil üzrə kurikulum) həyata keçirilir. Eyni zamanda yeni alternativ proqramlardan da istifadə oluna bilər.
Beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, ailədə və qısamüddətli təlim qruplarında aparıla bilər. Uşaqları məktəbəqədər təhsil müəssisələrinə getməyən valideynlər üçün uşaqlarını məktəbə hazırlamaq istiqamətində maarifləndirilmək məqsədi ilə müxtəlif xidmətlər təşkil edilə bilər.
Aynurə MƏMMƏDOVA