Metanet Memmedova

Məktəb açılmamış hazırlıq söhbəti

Baxış sayı: 330

Deməli, hələ məktəblərin açılmasına bir neçə gün qalmış övladları bu dərs ilində birinci sinfə gedəcək anaların söhbətinin şahidi oluram. Onlar öz aralarında uşaqlarının məktəbə gedəndən sonra hazırlıq məsələsini müzakirə edirlər.

Kənardan dinlədikcə, donub qalıram. Deyirəm, İlahi, hələ məktəb başlamayıb, bunların da uşaqları məktəbə hələ birinci sinfə gedəcək, indidən görəsən bu, nə hazırlıq müzakirəsidir belə?..

Qadınlardan biri deyir ki, bəs sinif müəllimləri yaxşı müəllimdir. Gəlin, elə uşaqları onun yanına hazırlığa göndərək. O biri qadınsa cavabında deyir ki, onun yanına göndərməyib nə edəcəksən? Başqa müəllim yanına qoya bilərsən, müəllim sinifdə uşağına gün verməz. İndi hamı uşağına kim dərs deyirsə, hazırlığa da onun yanına qoyur.

Başqa bir qadın isə deyir ki, bəs mənim qohumum var, ibtidai sinif müəllimidir, hazırlıq da keçir, mən onun yanına qoyacağam. Özü deyib ki, gətir, mən məşğul olum. Cavabını isə belə alır ki, qoymağına qoy, amma elə et ki, öz müəlliminin xəbəri olmasın. Yoxsa uşağının sinifdə günü qara olar.

Bütün bunları dinləyərkən öz-özümə düşünürəm ki, görəsən, bu, nə xəstəliyidir, biz mübtəla olmuşuq. Birinci sinfə gedən uşağı da hazırlığa qoyarlar? Bəs bu anaların evdə işinin-gücünün adı nədir ki, uşağı ilə məşğul olmaq istəmir? 6 yaşlı uşaq gözünü açıb dünyaya əməli-başlı baxmamış apar, qoy hazırlığa, uşağın bütün psixologiyası pozulsun.

Elə bu səbəbdən də söhbətə müdaxilə etməli oldum: -Üzr istəyirəm, söhbətinizə qarışdığım üçün, lakin sadəcə qulaq asa bilmədim. Nə üçün belə kiçik yaşdan uşaqları hazırlığa qoymaq istəyirsiniz? Heç olmasa, 4-cü sinfə qədər evdə özünüz məşğul olun, yuxarı siniflərdə qoyarsınız da.

Qadınlardan biri cavab verdi ki, ay xanım, proqramı elə çətinləşdiriblər ki, vallah, adam baş aça bilmir ki, uşağa da nə isə öyrədə bilsin. Ötən il oğlum getdi birinci sinfə, bu il də qızım gedəcək. Düzdür, oğluma hərfləri yazmaqda köməklik göstərirdim. Amma əvvəlki illərdəki kimi deyil bu tədris proqramı. Elə çətinləşib ki, adam baş çıxara bilmir. Buna görə də məcbur qalıb hazırlığa göndərirəm ki, müəllim özü öyrətsin.

Mən də belə bir sual verdim onlara. Bəs müəllim sinifdə öyrətmir ki, hazırlığa ehtiyac yaranır? Cavabında dedilər ki, körpə uşaqdırlar, 45 dəqiqəyə nə öyrənəcəklər? Lazımdır ki, dərsdən sonra da məşğul oluna ki, bir şey dərk edə bilələr.

O biri qadın isə dedi ki, mən işləyirəm. İşdən sonra uşaqla məşğul olmağa vaxt qalmır. Ev işləri imkan vermir. Bu səbəbdən də hazırlığı seçirəm ki, uşaq ev tapşırıqlarını orada hazırlasın.

Başqa bir qadın isə dedi ki, hələ birinci sinifdə uşaqla bir qədər məşğul olmaq olur. Elə ki, 2-ci, 3-cü siniflərə qalxdı, riyaziyyat bir yana, heç Azərbaycan dilindən də məşğul olmaq olmur. Tədrisi o qədər qəribə vəziyyətə salıblar ki, bilmirsən ki, uşağa dərsi nə formada başa salasan. Nə deyirsənsə, deyir ki, yox, ana, sən düzgün demirsən, müəllim deyir ki, bu, belə olacaq. Bu kurikulumdur, nədir, vallah, başımıza oyun açıb.

Beləliklə, bilmədim ki, bu xanımlara haqq verəm, yoxsa onları günahlandıram. Qaldın, necə deyərlər, iki daşın arasında. Hazırlığın qiymətini öyrənəndə isə açığını deyim, matım-qutum qurudu.

Düşünürəm ki, ana uşağı qoyur hazırlığa, işini yüngülləşdirir, müəllim sinifdə enerjisini tükəndirmir, saxlayır hazırlığa. Atalar da haradan olsa, hazırlıq pulunu tapıb ödəyir. Bircə yazığım uşaqlara gəlir. Bu uşaqların başına görün bir necə oyunlar açırlar? Xaricdə birinci sinfə gedənlərə sadəcə ətrafı mühitlə tanışlıq öyrədilirsə, bizdə 6 yaşlı uşağı elə yükləyirlər ki, qalır altında çabalaya-çabalaya.

Yazıq körpələr, hər kəs öz rahatlığını, mənfəətini axtaran zaman qurban siz olursunuz. Elə bu səbəbdən də, Allah köməyiniz olsun…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir