mekteb lavazimatlari

Məktəb ləvazimatlarını necə və haradan almalı?

Baxış sayı: 484

Məktəblərin açılmasına az vaxt qalıb, valideynlər məktəb alış-verişi ilə məşğuldur. Doğrudur, bir evdən 2-3 məktəbli məktəbə gedəcəksə, maddi təminat problemi də yaranacaq, lakin bu yazımızda məktəb alış verişini necə keyfiyyətli və sərfəli yolla etmək olar, onu yazacağıq. Həm uşağınızın sağlamlığını qoruyacaq, həm də büdcənizi çox aşmayacaq bəzi xırdalıqlar var.

Övladınızın il boyu istifadə edəcəyi müxtəlif ləvazimatların onun təhlükəsizliyini təmin edəcəyinə əminsinizmi? Məsələn, su içdiyi şüşə ekoloji təmiz məhsuldur? Bəs plastilinin, yəni oyun xəmirinin tərkibi necə? Karandaşı səhvən ağzına aparsa zəhərlənməz ki? Çantası onurğa sütununa zərər verə bilərmi? Uşağınızın sağlamlığı üçün bu xırdalıqlar önəmlidir.

Bu günlərdə hər yerdə məktəbli ləvazimatları görürürk, ətrafımızda hər şey əlçatandır. Uşaqlar gördüyü hər şeyi almaq istəyirlər. Rəngarəng karandaşlar, əyləncəli qələmyonanlar, şəkilli pozanlar, müxtəlif üzlüklü dəftərlər, maraqlı quruluşlu kitab tutacaqları onları cəlb edir. Lakin bu ləvazimatları əldə etmək üçün maddi təminatımız həmişə yetərli olmur. Bəs az pulla sərfəli məktəb alış-verişini necə edək?

mektebli

İndi bəzi məktəb ləvazimatlarının tullantılardan hazırlanması barədə çeşidli məlumatlar da yayılır. Təklif edilən məhsulların bəzisində zərərli maddələrin olduğunu ilk baxışdan anlamaq mümkün deyil. Əgər sizin prioritetiniz bütün il boyu bu materiallarla təmasda olmaq məcburiyyətində qalacaq uşağınızın sağlamlığıdırsa, əmin olmalısınız ki, aldığınız hər hansı materialda kadmium, ftalat və qurğuşun kimi insan sağlamlığına birbaşa təsir edən kimləvi maddələr olmasın. Doğrudur, ucuz məhsul aldıqda bu keyfiyyətlərə malik olması bir qədər şübhə doğurur, lakin yenə də diqqətli olmaqda fayda var. Hər ucuz məhsul onun tərkibində zərərli maddələrin olması demək deyil. Bəzən süni sürətdə şişirdilmiş qiymətlərə təklif olunan məhsullar da var. Məsələn 20 qəpiklik qələmlə özünə şəkil yapışdırılmış, oyuncaq asılmış 5 manata təklif edilən qələm arasında heç bir keyfiyyət fərqi olmur. Hər ikisi normal mürəkkəblə doldurulub.

Bir dərs ili ərzində uşağınızın dəftərdən karandaşlara, lüğətdən testlərə, ayaqqabıdan bel çantasına qədər hər cür şeyə ehtiyacı olacaq və bunların hər biri üçün ayrı-ayrı mağazalara baş çəkmək sizi, övladınızı və büdcənizi yoracaq. Məktəb alış-verişini asanlıqla bitirməyin ən rahat yolu, hər çeşiddə məhsul satan belə bir satış nöqtəsi tapmaqdır. Bir şərtlə ki orada hər qiymətə məhsul təklif edilsin. Alış-veriş edəcəyiniz yeri seçdikdən sonra sizə lazım olan şey əvvəlcədən tərtib etdiyiniz ehtiyac olan məhsulların siyahısıdır.

Məktəb alış-verişində qiymət üstünlüyünü mütləq nəzərə alın. Bu, xüsusilə, bu il ilk övladını məktəbə yola salan valideynlərə aiddir. Onlar daha həvəsli olurlar və övladına hər şeyin ən yaxşısını almaq istəyirlər. Təcrübəsizliklərindən istifadə edərək bəzən satıcılar onlara gərəksiz məktəb ləvazimatı da sata bilirlər. Məsələn, 1-ci sinfə gedən uşaq üçün pərgar almağınıza ehtiyac yoxdur, amma bunu sizə lazımlı ləvazimat kimi satacaqlar. Məktəb alış-verişi bir qələm, bir dəftərdən də ibarət deyil, əgər əvvəlki illərdə evinizdə məktəbli olmayıbsa, deməli, sizin daha çox şeyə ehtiyacınız var. Məhz buna görə də qiyməti büdcənizə münasib olan satış mərkəzləri tapın. Marka mağazalarının, şəhərin mərkəzində olan dükanların bu ərəfələrdə daha yüksək qiymətlə təklif edəcəyi məktəbli ləvazimatlarını bazar və kənar ticarət mərkəzlərindən daha sərfəli qiymətə əldə edə bilərsiniz.

Büdcənizi çox yükləməmək üçün birdəfəyə çox ləvazimat almayın. Hələlik ilkin istifadə ediləcək qədər dəftər, qələm və digər lavazimatları alın. Ehtiyac yarandıqca əlavələri sonra alacaqsınız. Beləcə xərci zamana görə bölmüş olacaqsınız və birdəfəyə büdcəniz gücə düşməyəcək.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir