istilik sistemi

Məktəb və bağçalarda istilik mövsümü niyə daha tez başlamır: Mane olan səbəblər…

Baxış sayı: 1. 014

Payız fəsli öz sərt üzünü göstərdi və havalar kəskin soyuqlaşmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 noyabrda gözlənilən hava şəraitini açıqlayıb və qeyd  olunub ki, sabah hava yağmursuz olsa da, temperatur Abşeron yarımadasında gecə 8-11, gündüz 15-17, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti təşkil edəcək. Rayonlarda hava əsasən yağmursuz keçəcək, temperatur gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək. 

Temperaturun düşməsi həm də istilik mövsümünün daha tez başlaması üçün bir çağırış olsa da, Azərbaycanda uzun illərdir buna nail olmaq mümkün olmayıb. Nazirlər Kabinetinin qərarına əsasən, rəsmi istilik mövsümü noyabrın 15-dən başlayır  və bəzən “Azəristiliktəchizat” ASC tərəfindən aparılan hazırlıq işləri səbəbindən bəzi ərazilərdə noyabrın 20-ə kimi uzanır.

Yaşadığımız əsr iqlim dəyişikliyi əsridir, havaların nə zaman isinib, nə zaman soyuyacağını bir ay öncə belə proqnozlaşdırmaq mümkün deyilsə,  onilliklər öncə qəbul olunan normativ akt niyə buqəər sərt şəkildə tətbiq olunur? Nəyə görə, bu qərarda bir qədər elastiklik yoxdur?

Məsələ ilə bağlı Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev  bildirdi ki, məktəb və uşaq bağçaları, səhiyyə müəssisələri ilə “Azəristiliktəchizat” arasında  istilik mövsümü ilə bağlı münasibətlər müqavilələrlə tənzimlənir: “Müqaviləyə görə, istilik mövsümü il ərzində 5 ay  nəzərdə tutulub. Əgər fərdi qaydada müraciət edib istilik haqlarının  ödənişinə təminat verilsə, istənilən təşkilatın müraciətinə baxıla bilər. “Azəristiliktəchizat”ın qazanxana və istilik məntəqələri payız-qış mövsümünə hazır vəziyyətdədir. Şəbəkələr su ilə doludur, istənilən vaxt mövsümü başlaya bilərik. Havaların kəskin soyuduğu hallarda da başlanıla bilər”.

R.Əliyev onu da  diqqətə çatdırım ki, istilik mövsümünün başlaması təkcə “Azəristiliktəchizat”dan asılı məsələ deyil: “Bütün kommunal xidmətlər sektoru, o cümlədən Mənzil Kommunal Təsərrüfat Birliyi ilə paralel şəkildə keçid olmalıdır. Bu gün 550 qazanxana var. Biz onların hamısını eyni vaxtda işə salsaq, xətdəki “Azəriqaz” İB qazın təzyiqində tənzimləmələr aparmalıdır, MKTB-lər öz binalarında keçidi təmin etməlidirlər”.

R.Əliyev bildirdi ki, artıq bəzi təşkilatlar müraciət edib: “Doğum evləri, internat məktəbləri, əlil və şəhid ailələri yaşayan bəzi binalar müraciət edib, fərdi qazanxanası olanlar ödənişə təminat veriblər və onların istiliyini bu gün qoşmuşuq. Ötən mövsümlərdə də kimlər müraciət edirdisə, ona baxılırdı. Ümumilikdə isə qanunvericiliyə görə, istilik mövsümü dağlıq və dağətəyi rayonlarda noyabr ayının 1-dən başlayır. Bakı şəhərində isə noyabr ayının 15-dən başlaması nəzərdə tutulur. Qanunvericilikdə o da göstərilib ki, əgər 3-5 gün ardıcıl havanın orta sutkalıq temperaturu 8 dərəcədən aşağı düşərsə, bu məsələyə baxıla bilər”.

Azərbaycan kimi kiçik bir ölkədə istiliyin paylanması və hava temperaturuna uyğun olaraq qərar verilməsinin,  bu qədər fərqli dövlət qurumlarının və müəssisələrin üzərinə qoyulması normal görünməyən bir məsələdir. İstilik həyat əhəmiyyətli bir məsələ olduğundan hər bir bağça və ya məktəb rəhbərliyinin öhdəsinə buraxılmamalıdır. İstənilən halda dövlət büdcəsindən maliyyələşən bu təşkilatların büdcəsindən həmin vəsait geri alına bilər.

Məktəblər və digər təhsil müəssisələrində istiliyin vaxtından əvvəl verilməsi üçün “Azəristiliktəchizat”a müraciətlə bağlı Təhsil Nazirliyinə də sorğu göndərmişik və cavab gəldikdə, işıqlandıracağıq.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir