Biz bu şikayəti daha çox məktəb yaşına çatmış uşaqları olan valideynlərdən eşidirik. Belə uşaqlar getdikləri məktəblərdə bütün qaydalara əməl edir, yoldaşları ilə münasibətlərində heç bir problemlə üzləşmirlər. Ancaq təəssüf ki, belə uşaqlar eyni uğurları evlərində davam etdirə bilmirlər. Bu da, təbii olaraq, valideynləri düşündürməyə, hətta bəzi valideynləri narahat etməyə başlayır.
Belə hallarda valideynlər ilk növbədə uşaqlarının müəllimləri ilə görüşməli, bu dəyişikliyin özünəinam problemi ilə bağlı olub-olmadığını öyrənməlidirlər. Əgər uşaq məktəbdə qaydalara əməl etməkdə heç bir çətinlik çəkmirsə və ya özünü ifadə etməkdə heç bir problemi yoxdursa, deməli, bu dəyişikliyin özünəinam məsələsi ilə heç bir əlaqəsi yoxdur. Və burada problemin əsas mənbəyi valideyndir. Çünki, uşaq ev şəraitində istədiyini edə bilirsə, xüsusilə də, səhvlərinin asanlıqla bağışlanacağına inanırsa, onun evdə məktəbdəkindən fərqli hərəkət etməsi də təbiidir. Ancaq evdən fərqli olaraq məktəbdə konkret qaydalar var və uşaqlar bu qaydalara əməl etmədikdə yoldaşlarından və ya kollektivdən təcrid olunacaqlarını bilirlər.
Məsələnin başqa bir tərəfi isə bu qaydaların sabit olması və heç bir güzəştə yol vermədən tətbiq edilməsidir. Təbii olaraq uşaqlar bu mühitdən çıxdıqdan sonra nə olursa-olsun qəbul edildikləri bir mühitə düşür və istər-istəməz bu imkandan istifadə etməyə çalışırlar. Buna görə də ailə daxilində də bəzi qaydalar olmalı və bu qaydalar nə olursa-olsun tətbiq edilməlidir. Əgər uşaq məktəbdə olduğu kimi evdə də konkret bir sistemin olduğunu hiss etsə, təbii ki, evdə də özünə nəzarət etməyə çalışacaq və evdə də məktəbdəki kimi qaydalara əməl etməyə ehtiyac hiss edəcək.
Ancaq bir məsələ də var ki, uşaqlar ilk dövrlərdə çox sürətlə inkişaf edirlər və bununla bağlı olaraq böyük enerji ehtiyatına malik olurlar. Bu baxımdan evdə qayda qoymaq heç də uşağın fəaliyyətlərini tamamilə məhdudlaşdırmaq demək deyil. Sadəcə olaraq bu qaydalar uşağın müəyyən davranışları öyrənməsinə xidmət etməlidir. Bununla yanaşı, uşağa enerjisini sərf etmək üçün şərait yaradılmalı və uşaq əlavə alternativlər axtarmağa ehtiyac duymamalıdır.
Aydan Kərimli