mektebli

Məktəbli çantasının çəkisini necə azaltmalı?

Baxış sayı: 1. 613

“Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib”. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, hazırda dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün iş aparılır. İ.Həbibbəyli keyfiyyətli dərsliklərin olması üçün hazırda əla növ kağızlardan istifadə edildiyini söyləyib: “Adətən, dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan istifadə edilir. İndi isə belə təkliflər var ki, dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilsin”.

Akademik qeyd edib ki, hazırda dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlandığından, 4 il istifadə edilmək üçün nəzərdə tutulur. Amma təklif edilən yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan sərfəli olmaz: “Dərsliklərin çapı üçün təklif edilən kağızların dözümü azdır. Onlar dərslik çapı üçün tam yararlı deyillər. Bədii kitabların çap olunduğu kağızlar da dərslik üçün yararlı deyil. Ona görə də, dərsliklərin çəkisini yüngülləşdirmək üçün variantlar axtarılır. Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara tapşırıq verilib ki, davamlılığı qorumaq şərtilə dərsliklərin çapı üçün mümkün optimal yollar müəyyən edilsin”.

İ.Həbibbəyli Milli Məclisin deputatı Aydın Mirzəzadənin məktəb çantalarının yüngülləşdirilməsi məqsədilə dərsliklərin tədris ili üzrə deyil, rüb üzrə hazırlanması barədə səsləndirdiyi təklifi də iqtisadi baxımdan əlverişli saymayıb. Onun sözlərinə görə, dərsliklər dövlət vəsaiti hesabına çap edildiyindən, hər rüb üzrə hazırlanması iqtisadi baxımdan çətinliklərə səbəb ola bilər.

Qeyd olunan məsələ təhsil sahəsində uzun müddətdir ki, aktualdır və valideynləri də narahat edir. Valideynlər bildirirlər ki, çantaların ağırlığından uşaqlarda bel ağrıları olur. Həmsöhbətimiz Aygün Əliyeva deyir ki, iki övladını dərsə aparıb-gətirir və ağır olduğu üçün hər ikisinin çantasını özü götürməyə məcbur olur: “1-ci sinifdə elə də ağır deyildi, amma 2-ci sinfə keçəndən sonra dərsliklərin sayı çoxaldı və çəki də artdı. Əvvəllər uşaqlar özləri aparırdılar çantalarını, amma zamanla bel ağrıları olduğu üçün özüm götürdüm. İnanın, hətta mən də əziyyət çəkirəm onların çantalarını götürəndə. Yazığım gəlir uşaqlara, necə götürsünlər bu ağırlıqda çantaları? Arada düşündüm ki, bəzi kitabları qoymayım çantaya, amma elə də olmur. Uşaq dərsdə kitabdan istifadə etməlidir. Açığı, bunun çıxış yolu nədir bilmirəm, amma bu problem həll olunsa, yaxşı olar”.

Hazırda məsələnin həlli yolu ilə bağlı konkret təkliflər irəli sürülmür. Amma  kitabların nəşrində yüngülçəkili kağızlardan istifadənin bu problemin həlli ola biləcəyi variantı səsləndirilib. Maraqlıdır, kağızların çəkisinin azaldılması bu problemin həlli ola bilərmi və ya məktəbli çantasının çəkisinin azaldılması ilə bağlı başqa hansı təkliflər irəli sürülə bilər?

 

Təhsil eksperti Nadir İsrafilov qeyd etdi ki, qaldırılan problem dünənin, bu günün deyil, uzun illər təhsilimizdə müzakirə və çəkişmə obyektinə çevrilən bir məsələdir: “Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün optimal yolların müəyyənləşdirilməsi ilə bağlı göstərişin verilməsi, Milli Məclisin Elm və təhsil komitəsi səviyyəsində narahatlıq hissinin keçirilməsi və problemin gündəmə gətirilməsinin özü də təqdirəlayiq hal olub, bir daha məsələnin nə dərəcədə ciddi olduğundan xəbər verir. Çünki qaldırılan məsələ dünənin, bu günün deyil, uzun illər təhsilimizdə müzakirə və çəkişmə obyektinə çevrilən, əslində bir növ problem xarakteri alan bir məsələdir. Dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir. Günahkar qismində təkcə Təhsil Nazirliyini ittiham etmək də bir qədər ədalətli mövqe sayıla bilməz. Dərslik təkcə təhsillə bağlı məsələ deyil, bu problem həm də səhiyyəni düşündürməlidir. Məktəbin vəzifəsi təkcə öz yetirmələrinə hansısa bilik, bacarıq və vərdişlər aşılamaqdan ibarət deyil. Məktəb həm də mənəvi, psixoloji və fiziki cəhətdən sağlam nəsil yetişdirib, onları müstəqil həyata hazırlamalıdır”.

Ekspert deyir ki, hər il yeni dərs ilinin başlanması ilə əlaqədar məktəbli çantalarının ağırlığı məsələsi gündəmə gəlir: “Məktəbli çantası şagirdlər üçün ağır fiziki, həm də mənəvi yükə çevrilir. İsa Həbibbəylinin də vurğuladığı kimi, dərsliklərin çapı üçün təklif edilən yüngülçəkili kağızlardan istifadə edilməsi, dərsliklərin istifadə müddətini azaldır, iqtisadi baxımdan da sərfəli olmur. Məktəb çantalarının yüngülləşdirilməsi məqsədilə dərsliklərin tədris ili üzrə deyil, rüb üzrə hazırlanması barədə səsləndirilən təklif də əlverişli hesab edilmir. Düşünürəm ki, şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli qəliz və lazımsız materialların çıxardılması yolu ilə problemi həll etmək olar. Dərsliklərimiz həddən artıq yüklüdür, kitablara salınan ifrat dərəcədə əhəmiyyətsiz fakt yığnağı, yeniyetmə və gənclərimizin gələcəkdə fəal həyat mövqeyi tutmasına deyil, yalnız buraxılış imtahanlarını verib müvafiq attestat almasına hesablanıb. Yetişməkdə olan nəslin mənəvi və fiziki inkişafı kimlərinsə korporativ maraqlarından daha üstün tutulmalı, qaldırılan məsələ daim diqqət mərkəzində saxlanılaraq, problemin həlli yolları araşdırılmalı və müvafiq qurumlar tərəfindən bu istiqamətdə əməli tədbirlər görülməlidir”.

 

«Altun» kitab nəşriyyatının direktoru Rafiq İsmayılov bu məsələyə tez-tez müraciət edildiyini və xüsusilə də ibtidai sinif şagirdlərinin bu problemlə daha çox rastlaşdığını bildirdi: “Bu məsələnin həlli üçün müxtəlif dövrlərdə fərqli təkliflər irəli sürülüb. Yadımdadır, bir dəfə Təhsil Nazirliyində bütün vacib dərsliklərin çəkisi hesablandı, hamısı birlikdə təxminən 1 kilo 700 qram oldu. Ancaq nəzərə alsaq ki, məktəbli çantasında dərslikdən başqa əlavə vəsaitlər, müəyyən dəftərxana ləvazimatları, uşağın su qabı və s. olur, bu zaman məktəbli çantasının çəkisi 5-6 kiloqrama gəlib çatır. Bu da onların fiziki sağlamlığı üçün problem yaradır. Xarici ölkələrdə belə situasiyalar yaşanmır. Çünki orada dərslik daşıma kimi bir qayda yoxdur, uşaq dərsliklərini sinifdə qoyub gedir”.

Nəşriyyatın direktoru kağızın çəkisinin azaldılmasının çıxış yolu olmadığını dedi: “Kağızın çəkisinin yüngülləşdirilməsi ilə bağlı məsələyə gəlincə isə deyə bilərəm ki, hər nəşr məhsulu üçün standart kağızlar var. Məsələn, dərsliklər üçün 80 qramlıq, iş dəftəri üçün isə 70 qramlıq kağızlardan istifadə olunur. Bu o deməkdir ki, kağızın bir kvadrat metrinin çəkisi 80 qramdır. Həmin bir kvadrat metrə isə ola bilsin ki, 14-15 səhifə yerləşsin. 160 səhifəlik kitab 80 vərəq edir. Bunun üçün isə 3-4 kvadrat metrlik kağız istifadə oluna bilər, onu da 80 qrama vuranda 240-250 qramlıq çap məhsulu əldə edilir. Ancaq bunu 70 qrama salsaq, həmin keyfiyyəti ala bilmərik. Çünki bəzi rəngli materialları, qramı aşağı olan kağızlarda çap edəndə keyfiyyət dərəcəsi aşağı olur. Yəni kağızın çəkisinin azaldılması problemin həlli yolu deyil. Təhsil nazirliyinin bu məsələ ilə bağlı bir təklifi vardı. Belə ki, ibtidai sinif dərsliklərini iki yarım ilə bölmək istəyirlər. Birinci yarım il üçün dərsliyin bir hissəsi, ikinci yarım il üçün isə qalan hissəsi çap edilsin. Bu təklif çıxış yolu ola bilər, bununla qismən də olsa, problemin qarşısını almaq mümkündür”.

Maraqlıdır, məktəbli çantasının çəkisi ilə bağlı bir norma varmı? Bununla bağlı kiçik bir araşdırma etdik və görünən odur ki, məktəbli çantasının çəkisi ilə bağlı standart norma qəbul edilib. Beynəlxalq aləmdə, həmçinin qonşu ölkə Rusiyada da bu normaya əməl edilir. Amma bizdə belə bir norma yoxdur. Uşaqların çantası və hər bir dərsliyin çəkisi onların yaşına görə təyin olunur. Bundan artıq çəki yolverilməz hesab edilir. Ümumilikdə isə çanta hər uşağın çəkisinin 10%-i qədərində olmalıdır. İndi isə həmin normanı siniflər üzrə təqdim edirik:

I-II sinif şagirdləri üçün – 1,5 kq

III-IV sinif şagirdləri – 2 kq

V-VI sinif şagirdləri- 2,5 kq

VI-VIII sinif şagirdləri -3,5 kq

Yuxarı siniflərdə – 4 -4,5 kq

Hər bir dərsliyin maksimal çəkisi:

İbtidai siniflərdə: 300 qr

V-VI siniflər üçün: 400 qr

VII-IX siniflər üçün: 500 qr

Yuxarı siniflər üçün: 600 qr

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir