mektebli

Məktəbli formaları necə satılır? – REPORTAJ

Baxış sayı: 1. 001

Yeni tədris ilinin sentyabr ayında başlayacağı dünən açıqlansa da, Bakı Tikiş Evi (BTE) artıq bir müddət öncədən məktəbli formalarının istehsalına və satışına başlamışdı. Yeni tədris ili ilə bağlı qərarın olmadığı dövrdə məktəbli formasına tələbatı, istehsalın nə dərəcədə zəruri olduğunu və satışdakı vəziyyəti araşdırmışıq.

BTE-nin əsas ofisində yeni dərs ili ərəfəsində olduğu kimi qələbəlik müşahidə olunmasa da, forma almaq üçün tək-tək alıcılar müraciət edirdilər. Mağazaya gələn valideyn Tilla Əliyeva 1-ci sinfə gedən övladı üçün məktəbli forması seçməyə gəlmişdi. Həmsöhbətimiz deyir ki, 1-ci sinif şagirdlərinin məktəbə getməsi ilə bağlı məlumat olduğundan o, övladı üçün forma almağa gəlib: “Bizə sinif müəllimi məlumat verib ki, 1-ci siniflər məktəbə gedəcəklər. Ona görə gəlmişəm uşağa forma seçməyə”.

BTE-də əvvəlki illərdən fərqli olaraq hər ölçüdə məktəbli forması tapmaq mümkün olsa da, formalar vitrində asılı qalıb. BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yuxarı sinif şagirdləri arasında məktəbli forması az-az alınır: “Yuxarı siniflər məktəbli formasını dəst şəklində almırlar. Kimisi gəlib yubka alır, kimisi də şalvar. Çünki yuxarı siniflər üçün dərslərin onlayn olması məsələsi var”.

E.Əzimovun sözlərinə görə, gün ərzində bir neçə dəst məktəbli forması satılır.

E.Əzimov deyir ki, hazırda BTE-nin satış mağazalarının hamısı fəaliyyət göstərmir: “Bizim 9 ünvanda mağazamız var. İri ticarət mərkəzlərində, “Mall”arda da mağazalarımız var. Hazırda pandemiya dövrü olduğu üçün o mağazaların heç biri işləmir. Yerdə qalan mağazalarda da istənilən ölçüdə məktəbli forması var. Bizdə qiymətlər də dəyişməyib. Sadəcə olaraq yeni tədris ili ilə bağlı heç bir qərar olmadığından valideynlər məktəbli forması almırlar. Amma biz aşağı siniflər üçün məktəbli forması istehsal edirik. Əlimizdə kifayət qədər xammal var. Əgər dərslərin açılacağı barədə qərar verilsə, istehsala başlayacağıq”.

Satış şöbəsinin rəisi əvvəlki illərdən fərqli olaraq bu il pulsuz məktəbli forması əldə etmək üçün müraciət olunmadığını söylədi. O bildirdi ki, pandemiya dövrü olduğundan deputatlar və rayon icra hakimiyyətləri də BTE-dən forma almayıblar.

O ki qaldı məktəbli formasının istehsalının davam etməsinə, E.Əzimov hazırda müəssisənin əsasən sifarişləri həyata keçirdiyini söyləyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir