MEKTEBLI

Məktəbli forması: bazarda daha sərfəli

Baxış sayı: 345

Nazirlər Kabinetinin qərarına əsasən, ötən ildən, daha dəqiqi 2023-2024-cü tədris ilindən ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq edilir. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulurdu. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul etdi və hər müəssisə öz formasını təsdiqlədi.

Məktəbli formaları bəlli satış mərkəzlərində təklif edilirdi və məktəblərdə bununla bağlı xüsusi tələblər var. Belə ki, ötən tədris ilində məktəb rəhbərliyi valideynlərə yeni məktəbli formasını məhz məktəbin tələb etdiyi mağazadan almağı tapşırırdı. Tələbin yerinə yetirilib-yetirilməməsini öyrənmək üçün də həmin mağazadan foto və ya qəbz tələb edilirdi. Aydın görünürdü ki, məktəb rəhbərliyi mağazanın satışından payına düşən faizi alır.

Təyin edilmiş satış nöqtələrindən və ayrı-ayrı mağazalardan fərqli olaraq Sədərək Ticarət Mərkəzində formalar nisbətən münasib qiymətə təklif edilirdi. Avqust ayının ilk ongünlüyündə bu bazarda məktəbli formaları Bakı Tikiş Evinin təklif etdiyi qiymətlərdən dəfələrlə aşağı qiymətə satılırdı. Senyabr ayı girəndən qiymətlərdə nisbətən dəyişiklik olsa da yenə də münasib idi. Bu il də Sədərək Ticarət Mərkəzində forma bolluğu vardı. Həmçinin qiymətlər ötən ilə nisbətən daha münasib idi. Satıcılar bunu bu il parça bolluğu olması ilə əlaqələndirirdilər. Ötən il yeni forma üçün müvafiq hazırlıq görülmədiyi forma bazarındakı xaosdan bəlli idi.

BTE-nin xüsusi satış nöqtələrində 15 manata təklif etdiyi köynəyi Sədərəkdəki satıcılar 8-10 manata təklif edir. BTE-də ətək və şalvar 25 manatdan təklif edilir, Sədərəkdə ölçüsünə görə 10-15 manat qiymət qoyulub. BTE-nin 30 manata satışa çıxardığı jaketi Sədərək bazarında satıcılar ölçüsündən asılı olaraq 12-18 manata satırlar.

Yeri gəlmişkən, məktəbli formasının ölçülərində də ciddi problemlər var. Xüsusilə, 9-10-11-ci sinif uşaqları üçün geyim ölçüləri düz gəlmir. Boyu uca və ya çəkisi çox olan uşaqlar üçün təklif edilən ən böyük ölçü belə uşaqların ölçüləri ilə üst-üstə düşmür. Qolu uyğun gələn köynəyin bədəni uyğun olmur, beli uyğun gələn şalvarın ayağı qısa qalırdı. Forma tikişinə başlamazdan öncə bu sahədə ciddi bir monitorinq aparılmalı, məktəblilərin ölçüləri, boyları haqqında orta statistika təyin edilməli idi.

Valideynlər də bu vəziyyətdən narahat idi. 9-cu sinifdə oxuyan oğluna forma almağa gələn Səidə Məhərrəmova oğlunun çəkisinə görə uyğun forma tapa bilmədiyindən şikayətlənirdi: “Bakı Tikiş Evinin bütün satış nöqtələrinə getdik, ayrı mağzalarda da satırlar, hamısına baxdım, amma oğluma uyğun forma tapa bilmədim. Hamısının bədəni dar gəldi. Son çarə kimi bazara gəlmişəm, dedilər sexlərin istehsal etdiyi formalar bir az böyük olur. Tapdım aldım. Bunları nəzərə almalı idilər, bütün uşaqlar eyni boyda, eyni çəkidə deyil”.

6 yaşlı qızına ətək alan başqa bir ana şikayətlənir: “Baxın, qızımın boyu balacadır, bədəni də arıq. Bu bədənə 2-3 qarış parçadan ətək tikiblər, qiyməti də 25 manata. Fabrikin satış nöqtələrində standart qiymət qoyublar, kiçik ölçü də eyni qiymətədir, böyük ölçü də. Məncə, bu doğru deyil, istifadə edilən parçanın metrəsinə qoyulan qiymətlə tənzimlənməli idi hazır ətəklərin qiyməti. Satış nöqtələrində 25 manata satılan eyni ətəyi buradan 15 manata aldım.”

Forma satışı ilə məşğul olan Hacı Hüseynəliyevin sözlərinə görə, qiymətləri hamı üçün əlçatan deyirlər: “Bazara varlı adam gəlmir, ehtiyaclı adam gəlir. İnsaflı satırıq, görürük valideynin imkanı yoxdu, endirim edirik. Hamı bir-biri kimidi, başqasına da əl tutmaq lazımdır. Bax, bu ətəkləri görürsüz? (kiçikölçülü ətəyi göstərir) Bunları fabrikin mağazasında qoyublar 25 manata. İnsafsızlıq edib bunu mən necə 25 manata satım? Yarım metr parçası olar ya olmaz. Mən də 15 manata, hətta bəzən 10 manata satıram. Sex malıdır deyirlər. Ona görə ucuz satırsan. Nə olur ki, sex malı olanda? And olsun allaha, elə türk malı var ki, 100 dənəsini bizim 1 sex malına dəyişmərəm. Parçası da keyfiyyətlidir, tikilişi də. Bax, astar hissəsindən bilinir tikişin keyfiyyəti. Fabrik malının eləsi var astarı sökük, biçimi əyri, tikişi səhvdir. Əsas olan harada tikilməyi yox, keyfiyyətidir”.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir