Artıq dünənməktəblərdə bir neçə gündür davam edən payız tətili başa çatdı. Hər dəfə olduğu kimi, bu dəfə də tətil günlərində də şagirdlərin dərs yükünün çox olması narazılıq yaratdı. Pedaqoqlar, psixoloqlar isə hesab edir ki, şagirdlər ara tətilində dərs oxumaqla vaxt keçirmək əvəzinə, həyatın müxtəlif sahələrini əhatə edən fəaliyyətlərlə tanış olmalıdır. Yəni uşaqlara elə imkan yaradılmalıdır ki, istirahətlərini evdə oturmaqla başa vurmasınlar.
Bir neçə valideynlə apardığımız söhbətdən məlum olur ki, övladları daha çox evdə vaxt keçirməli olurlar: “Mən də, həyat yoldaşım da işləyirik. Buna görə də qızmı, sadəcə şənbə və bazar günləri gəzdirmək imkanım olub. “Nəbatət bağı”na, Dənizkənarı Milli Bulvara aparmışıq. Hazırda evdə oturub bədii kitablar oxuyur, xarici dil biliklərini yaxşılaşdırmaq üçün filmlər izləyir”.
Bir başqa valideynin sözlərinə görə, həftənin yalnız bazar günü evdə qalır: “Bir bazar gününm olduğu üçün evi də səliqəyə salmalıyam. Ona görə də övladlarımı ancaq yaxınlıqdakı parka apara bildim. Bir az oynadılar, əyləndilər. Narazı qalsalar da, havanın soyuqluğunu bahənə edib evə qaytardım”.
Bəs məktəblərin şagirdlərin ara tətili ilə bağlı hər hansı bir proqramı varmı?
Nazirlikdən bildirilir ki, tətillə bağlı hər hansı bir proqram hazırlanmayıb.
Qeyd edək ki, Türkiyənin Təhsil Nazirliyi məktəblilərin ara tətili günləri ilə bağlı tətil tədbirləri proqramı hazırlayıb.
Proqramda ekskursiya, sağlamlıq, təbiət və ətraf mühit, informasiya və texnologiya ünsiyyət, mütaliə və yazı qabiliyyətini formalaşdırmaq, sənətlə bağlı fəaliyyətlər, idman, sosial məsuliyyət, gündəlik həyat bacarıqları, karyeranın planlanması, ailə günü və digər çox maraqlı məsələlər yer alıb. Hətta şagird və valideynlərin həmin proqramla əlaqə yarada bilməsi üçün internet səhifəsi də yaradılıb.
Nazirlik müəllimlər üçün də yaradıcılıq, idman və digər mədəniyyət tədbirlərinin yer aldığı proqram da hazırlayıb.
Türkiyəli nazir “ara tətillərdə təhsilə fasilə vermirik, uşaqları həyatdan öyrənməyə göndəririk” açıqlamasını verib.
Ölkəmizə qayıtsaq, uşaqları iş yerlərinə aparmaq, istehsalat sahələri ilə tanış etmək nə dərəcədə əhəmiyyətlidir? Ümumiyyətlə, nazirlik tətillə bağlı hər hansı proqramlar hazırlanmalıdırmı?
Təhsil eksperti, pedaqoq Nadir İsrafilov bildirir ki, əlbəttə, tətil günlərində, habelə dərsdənkənar və məktəbdənxaric tədbirlər vasitəsi ilə müvafiq iş yerlərinə qrup halında ekskursiyalar təşkil etmək nəinki lazımdır, hətta zəruridir: “Belə bir təcrübə bizdə olub və məktəblilərin iş yerləri, istehsalat sahələri, elmi müəssisələr, tədris labaratoriyalarında gələcək karyeralarını qurmaq üçün iş şəraiti ilə tanışlıqları baxımından müsbət nəticələr verib. Belə tədbirlər onların nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi üçün də başlıca şərtlərdən biridir.
Əlbəttə, tətil günlərinin səmərəli keçirilməsi, məktəblilərin asudə vaxtının maraqlı və məzmunlu təşkil edilməsinə təkcə valideynin məsuliyyəti kimi baxmaq düzgün olmaz. Bu sahədə məktəbin də rolu danılmazdır. Bu baxımdan, bizdə də məktəblilərin mənalı istirahətinə və dünyagörüşünün zənginləşməsinə yönəlik sosial yönümlü proqramların hazırlanması və tətbiqi yalnız fayda verə bilər. Bizdə də artıq bu istiqamətdə müəyyən işlər görülüb və görülməkdədir. Məsələn, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanın ayrı-ayrı bölgələrinə tur-aksiyaların təşkili rəğbətlə qarşılanıb, yay məktəblərinin təşkili və s. buna misal ola bilər”.