Kiçik yaşlı uşağın məktəbə getməsi onun həyatında yeni bir dövrdür. Bu, 6-10 yaşlı uşaqları, yəni , ı-ıv sinifləri əhatə edir. Şagirdin məktəbə daxil olması onun həyat və fəaliyyətində müəyyən dəyişikliklər əmələ gətirir. Şagird müəllim, məktəb, valideyn qarşısında bəzi məsuliyyətləri daşıyır. Ona görə şagirdlərə, xüsusilə də I sinfə gedənlərə özünə inam, özgüvən hissini aşılamaq daha yaxşı olar. Onun fəaliyyətinə səbr, diqqət, müəyyən tələbkarlıqla yanaşmaq məsləhətdir.
Məktəbə ilk qədəm qoyan birinci sinif şagirdləri arasında adaptasiyada bir qədər çətinliklər müşahidə olunur. Bunun bir çox səbəbləri vardır: anaya bağlılıq, zəka yetərsizliyi, dislaliya, disleksiya, kəkələmə, özgüvən yetərsizliyi, bağçaya getməməsi, həmyaşıdları ilə ünsiyyət qurmaqda çətinliklər, məktəb qorxusu və başqa səbəblər.
Bəzən azyaşlı uşaqlar daha çox oyun oynamaq istədikləri üçün də məktəbə getmək istəmirlər, dərs yükü ağır gəldiyi üçün məktəb həyatına adaptasiyada problem yaşayırlar. Burada müəllimin şagirdlərə yanaşması və münasibəti də əsas rol oynayır. Müəllim təlimin təşkilini maraqlı hərəki yaradıcı, rollu oyunlardan istifadə etməklə daha maraqlı edə bilər. Bu zaman uşaqlar daha tez adaptasiya ola bilər.
Yuxarı sinif şagirdləri məktəbə daha tez adaptasiya olur, amma bəzən şagirdlərdə də bəzi çətinliklərə rast gəlinir. Bunun da özünə uyğun səbəbləri vardır. Valideyn, müəllim və psixoloq şagirdlərə dəstək olaraq bu çətinlikləri aradan qaldıra bilərlər.
Yeni tədris ilində bütün şagird, müəllim və valideynlərə uğurlar!
Psixopedaqoq, terapist Ülviyyə Əfəndiyeva