Sovet dövrünün uşaqları hər il yay tətilini düşərgələrdə keçirər, səmərəli istirahət edərdilər. Ölkəmiz müstəqillk qazandıqdan sonra isə bu ənənə də unuduldu. Halbuki Azərbaycanın qoşulduğu BMT-nin “İnsan hüquqları haqqında” konvensiyasında da göstərilir ki, uşaqların yay istirahəti dövlət tərəfindən təşkil olunmalıdır.
“Təhsil Xidmətləri Araşdırma Mərkəzi”nin rəhbəri, təhsil eksperti Kamran Əsədovun bildirdiyinə görə, məktəblilər üçün nəzərdə tutulmuş 9 aylıq tədris müddəti bitər-bitməz valideyinlər övladlarının istirahəti haqqında düşünürlər: “Hər kəs öz övladını istirahət üçün harasa göndərməyə çalışır. Kimi yayı kənddə nənə-babasının yanında, kimi ailəsi ilə birlikdə bağ evlərində keçirir. Bəzilərininsə, ümumiyyətlə, istirahət imkanı olmur. Əslində yay istirahət düşərgələri yaradılmalı və məktəblilərin istirahəti məhz bu kimi yerlərdə təşkil olunmalıdır”.
Əsədov qeyd edib ki, şagirdlərin yayda səmərəli istirahətini Təhsil Nazirliyi təşkil etməlidir: “Yaxın keçmişə nəzər saldıqda məlum olur ki, sovet dövründə məktəblər tədris müddəti bitdikdən sonra düşərgə kimi fəaliyyət göstərirdi. Yəni, məktəb düşərgələri təşkil edilirdi və bu, bütün məktəblilər üçün nəzərdə tutulurdu. Bunu isə Təhsil Nazirliyi həyata keçirməlidir. Çünki yay düşərgəsi təkcə əyləncə üçün deyil, eyni zamanda, burada şagirdlər tədris ilində öyrəndiklərini praktik olaraq tətbiq etməlidir. Yay düşərgəsini özəl sektor təşkil edəndə isə, ancaq əyləncə və oyunlara üstünlük verir”.
Bundan başqa, özəl düşərgələrdə maddi imkanı zəif olan şəxlər iştirak edə bilmir. Müəyyən uşaqlar məhz maddi imkansızlıq ucbatından istirahət edə bilmirlər. Onun üçün də məktəb düşərgələri dövlət tərəfindən təşkil edilməlidir. Şagirdlərin həm ucuz, həm də keyfiyyətli istirahəti təmin olunmalıdır. İstirahət üçün səfalı yerlərə üstünlük verilməlidir: Qazaxda, Şəkidə, Balakəndə uşaqların istirahəti üçün yay düşərgələri təşkil edilməlidir.
“Danılmaz reallıq budur ki, hal-hazırda özəl düşərgələrdə istirahət üçün təklif edilən qiymətlər valideyinlərin büdcələrinə uyğun deyil. Olduqca böyük məbləğə başa gəlir.
Təəssüflər olsun ki, indi Azərbaycanda məktəb yay düşərgələri yoxdur. Məktəb yay düşərgələrini təşkil etmək mümkündür. Özü də cüzi miqdarda maliyyə tələb edən işdir. Deyək ki, yay düşərgələri üçün 15 günə 250 manata yaxın pul çıxır. Ancaq məktəb yay düşərgələrində təxminən bunun qiyməti 60-70 manat olacaq”, – deyə Əsədov bildirib.
Əsədov vurğulayıb ki, Gənclər və İdman Nazirliyinin tərkibində də iki yay istirahət düşərgəsi fəaliyyət göstərir.
“Bunlardan biri Şüvəlanda fəaliyyət göstərən “Cırtdan” istirahət düşərgəsidir ki, təmirdən sonra “Gənclərin istirahət düşərgəsi” kimi fəalliyyət göstərir. Bu düşərgədə 7-15 yaşlı uşaqların 2 həftəlik fasilə ilə istirahəti təşkil edilir. Digər layihə isə “Azərbaycan doğma diyarım” adlı vətənpərvərlik yay istirahət düşərgəsidir. Bu düşərgə isə artıq 14-18 yaş arası gəncləri əhatə edir. Əsasən Qubada, Xaçmazda, Lənkəranda, Qaxda, Göygöldə təşkil olunur. İyunun 6-dan başlayan bu düşəgələrdə bu günə kimi 1500-dən artıq gənc istirahət edib”.
Müsahibimiz bildirib ki, Azərbaycandan fərqli olaraq, dünya təcrübəsində yay düşərgələri didaktik xarakter daşıyır və pedaqoqların nəzarəti ilə təşkil edilir: “Hazırda isə yay düşərgələri 1 milyon 500 min 7-14 yaşlı məktəblidən yalnız 4-5 min məktəblini əhatə edir. Faktiki olaraq, Azərbaycanda tam şəkildə yay düşərgələrini təşkil edən qurum yoxdur. Bu işin təşkili üçün ilk növbədə yay məktəbli düşərgələrinin pərakəndə şəkildə təşkilinə son qoymaq lazımdır.
Azərbaycanda yay düşərgələrinin təşkili ilk növbədə Təhsil nazirliyinin üzərinə düşür. Amma Təhsil Nazirliyinin bir dənə də olsun, düşərgəsi yoxdur. Məsələn, verirlər bunu Həmkarlar İttifaqına, bu qurum da görüntü olsun deyə yay düşərgələri təşkil edirlər. Yay düşərgələrində onlar qiyməti yüksək qoyur və bəzi adamlara deyirlər ki, biz sizə güzəştlər edirik. Bu endirimlərlə də görüntü yaradırlar”.
Əsədov onu da qeyd edib ki, 1992-ci ildən Azərbaycan BMT- nin “İnsan hüquqları haqqında” konvensiyasına qoşulub. Və birbaşa konvensiyanın müddəasıdır ki, Azərbaycan hökuməti uşaqların yay istirahətini təşkil etməlidir. Amma bu qəti şəkildə təşkil olunmur.
Yay vaxtında şagirdlərin səmərəli istirahəti üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi müxtəlif proqramlar həyata keçirir. Nazirliyin mətbuat xidmətindən “Ekspress”in sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, IDEA İctimai Birliyi, WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı ilə 2017-ci ilin iyun-iyul Salyan rayonunda “Ceyranları qoruyaq!”, Qəbələ rayonunda “Zubrları təbiətimizə qaytaraq!”, Masallı rayonunda isə “Bəbirləri mühafizə edək!” adlı yay düşərgələri keçirilib. Düşərgələrdə müvafiq bölgələrdən olmaqla yüz məktəbli iştirak edib.
Təhsil Nazirliyi, AFFA və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin final mərhələsinə vəsiqə qazanan komandaların 300 nəfərdən artıq üzvləri üçün Şüvəlanda 3 günlük yay məktəbi keçirilib. Yay Məktəbi çərçivəsində ölkənin müxtəlif bölgələrindən olan gənc futbolçular üçün futbol məşqləri və asudə vaxtlarının təşkili üçün konsert proqramları təşkil olunub.
Təhsil Nazirliyi, Sumqayıt Futbol Klubunun təşkilatçılığı, Azərkimya İstehsalat Birliyinin dəstəyi və Kapital Bank ASC-nin, “Paşa Həyat Sığorta”nın maliyyə dəstəyi ilə 100 nəfər Sumqayıt məktəblisi ilə Futbol üzrə yay düşərgəsi keçirilib. Düşərgədə uşaqlar üçün müxtəlif məşqlər, yarışlar və əyləncəli proqramlar təşkil olunub.
2017-ci ilin “İnkişaf naminə beynəlxalq davamlı turizm ili” elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı üzrə Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədi ilə avqust ayında gənclər üçün yay məktəbi təşkil olunacaq.
Şagirdlərin yayda səmərəli istirahəti üçün valideynlərin hara müraciət edə biləcəyinə gəlincə, Nazirlikdən bildirilib ki, tədris ilinin sonunda valideynlər tərəfindən məktəbdənkənar təhsil müəssisələrinə müraciətlər qeydə alınarsa, müraciətlər əsasında həmin müəssisələrdə xüsusi yay proqramları hazırlanaraq təqdim oluna bilər. Nazirlik tərəfindən həyata keçirilən layihələr zamanı məktəblilərin cəlb olunması ümumtəhsil müəssisisələri, rayon və Şəhər Təhsil İdarələri (şöbələri) tərəfindən aparılır. Valideynlərin şəxsi istəkləri ilə yay proqramlarının hazırlanması üçün onların övladlarının cəlb olunduğu məktəbdənkənar təhsil müəssisələrinə (İdman- şahmat məktəbləri, Yaradıcılıq Mərkəzləri, Ekoloji Mərkəzlər, Turizm və Diyarşünaslıq Mərkəzləri) müraciət etmələri lazımdır.
AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirovun bildirdiyinə görə, bu il 20 min uşağın sağlamlaşdırılması və istirahətinin təşkili nəzərdə tutulur: “Bu ilin yay mövsümündə həmkarlar ittifaqlarının xətti ilə 20 min nəfərə yaxın məktəblinin istirahətinin təşkil edilməsi nəzərdə tutulub. Bunlardan 2 min nəfəri bilavasitə həmkarlar ittifaqlarının sağlamlıq müəssisələrində dincələcək, qalanları isə həmkarlar ittifaqının xətti ilə öz valideynləri ilə birgə respublikanın səfalı guşələrindəki istirahət mərkəzlərində dincələcəklər. Ailəvi istirahətin təşkili ilə əlaqədar həmin istirahət mərkəzləri ilə müqavilələr bağlanıb və yollayışlar verilib”.
N.Ağamirov onu da qeyd edib ki, istirahətə göndəriş zamanı aztəminatlı ailələrin, məcburi köçkünlərin, qaçqınların uşaqlarına güzəştlər olunub: “Bu il, yəni 2017-ci ilin yay mövsümündə həmkarlar ittifaqlarının sağlamlıq müəssisələrində dincələcək uşaqların sayının 2000 nəfərdən artıq olacağı gözlənilir. Bundan əlavə, sahə həmkarlar ittifaqı təşkilatları tərəfindən də uşaqların yay istirahətlərinin təşkil olunması nəzərdə tutulur”.
Həmsöhbətimizin dediyinə görə, sağlamlıq müəssisələrinə yollayışlar ilk növbədə həmin müəssisələrin məxsus olduğu sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına veriləcək: “Bu il istirahəti təşkil olunması nəzərdə tutulan 2000 nəfərdən artıq uşaqdan 700 nəfəri yollayışdan tam güzəştlə pulsuz istifadə edəcəklər. Həmin yollayışlar əsasən aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil ailələrinin uşaqları üçün nəzərdə tutulur. Qalan 1300 uşaq isə dəyərinin yalnız 15 faizini ödəməklə yollayış əldə edəcəklər”.
Şöbə müdiri bildirib ki, bir ədəd yollayışın dəyəri 325 manatdır: “İşçilər öz uşaqları üçün alacaqları yollayışın dəyərinin yalnız 15 faizini, yəni 50 manata yaxın vəsait ödəyəcəklər. Uşaqların istirahətinin dolğun və səmərəli keçməsi üçün istirahət müəssisələrində lazımi şərait yaradılıb. İstirahətə göndəriləcək uşaqların yaş həddi 7-14 yaş nəzərdə tutulub”.
Aynurə MƏMMƏDOVA