Amerikanın Milli Yuxu Fondu (National Sleep Foundation) məktəblilərin yuxu rejimi ilə bağlı maraqlı bir araşdırma aparıb.
Araşdırmanın nəticəsi kimi məktəblilərin yuxu rejiminin önəmi qeyd olunub.
Azərbaycanda orta məktəblərdə dərslər 08:00-da başlayır. Bu isə o deməkdir ki, məktəbə çatmaq üçün məktəbli ən azı bir saat tez yuxudan durmalıdır. Əgər məktəb məktəblinin yaşadığı yerdən uzaqdadırsa, onda bir saatlıq müddət uzanır. Bütün bunlar isə nəticə etibarı ilə məktəblinin böyüməsində xüsusi rola malik olan yuxu rejiminin pozulması deməkdir.
Təhsil üzrə ekspert Elşən Qafarov bildirir ki, yaşından asılı olaraq hər bir məktəbli xüsusiyyətlərinə görə fərqlənir. Nazirlər Kabinetinin 3 avqust, 2012-ci il tarixli 171 saylı qərarında müəyyən normativlər yer alır. Orada göstərilir ki, gündəlik olaraq hər kəs 8 saat yatmalıdır. Hətta azyaşlı məktəblilərin gündəlik olaraq günorta saatlarında bir saat yatması çox önəmlidir. Lakin ümumi mənzərə bunun tam əksini göstərir:
“Ümumtəhsil sistemində “kölgə təhsili” adlanan repetitorluq kimi böyük bəla var. Repetitorluq sadəcə ali təhsilə hazırlıq deyil. Məktəbəqədər hazırlıq yaşından ali məktəbədək hər kəs repetitorların yanına gedir. 9-11-ci sinif şagirdlərinin gündəlik yuxu rejimi cəmi 4-5 saatdır. Onlar normal uşaqlıq həyatlarını yaşamırlar”.
Ekspert bildirir ki, 9-11-ci sinif şagirdləri ən yaxşı halda səhər 6-da yuxudan oyanmaq məcburiyyətində qalırlar. Çünki günorta məktəb dərsləri bitdikdən sonra kurslara, repetitorların yanına gedirlər. Təxminən axşam saat 8-dək kurslarda zaman keçirirlər:
“Təsəvvür edin, 21:00-da evə çatan bu məktəblilər bir saat sonra sabahkı dərslərə hazırlaşmağa başlayırlar. Ən normal halda onlar gecə ikiyədək dərslə məşğul olurlar. Nəticə etibarı ilə cəmi 4 saat yatmış olurlar. Beyinin həddindən artıq yüklənməsi məktəblilərin psixologiyasının pozulmasına səbəb olur”.
Elşən Qafarovun sözlərinə görə, dərs saatının 08:00-da başlaması isə valideynlərin işə normal vaxtda çatması üçün əlverişlidir:
“08:00-da dərsi başlayan, məktəbə yaxın ərazidə yaşayan şagird belə ən azı 10-15 dəqiqə tez gəlməlidir. Deməli, məktəbli saat 06:30-da yuxudan oyanmalıdır. Səhər tezdən məktəbə gedən yolda yuxulu vəziyyətdə valideyninə sığınan çoxsaylı 6-9 yaşlı məktəbliləri görmüş oluruq.
Təhsilin dövlət standartlarında, o cümlədən də digər qanunlarda, hüquqi normativ sənədlərdə göstərilir ki, hər şey məktəblilər üçündür. Təhsillə bağlı məsələdə birinci növbədə təhsilalanın hüququ əsas götürülməlidir. Lakin təəssüflər olsun ki, real təcrübədə bunu görmürük”.
Ekspertin dediyinə görə, nəticə etibarilə məktəblilərin əksəriyyəti ilk dərslərdə yuxulu olurlar. Dünyanın inkişaf etmiş ölkələrində təhsilin məktəblilərin maraqlarına xidmət etdiyini vurğulayan həmsöhbətimiz Finlandiyanı misal göstərib:
“Finlandiyada məktəblilər 3-cü sinifədək hərf, rəqəm keçmir, ətraf aləmi öyrənir, ilkin həyati bacarıqlara yiyələnirlər”.
Qafarov qeyd edib ki, Azərbaycanda məktəbə hazırlığı həyata keçirtmək üçün infrastruktur yoxdur:
“Məktəbə hazırlıq xalça üzərində keçirilməlidir, uşaqlarla göz ünsiyyəti yaradılmalıdır. Lakin biz 5 yaşlı uşağı partaya oturdur, əlinə 2-3 kiloluq çanta veririk. Bizdə nəhayət, təhsillə bağlı hər şey təhsil alanın maraqları üzərində qurulmalıdır”.
Ekspert deyir ki, əslində dərs saatı çox ciddi problemdir. Dərs saatının belə olması məktəblilərin fiziologiyası ilə yanaşı psixoogiyasına mənfi təsir edir, tədris proqramının mənimsənilməsi ilə bağlı ciddi problemlər ortaya qoyur. Vəziyyətdən çıxmaq, belə hallarla qarşılaşmamaq üçün dərslərin ən uyğun başlama vaxtı saat 09:00-dur.
Elşən Qafarov deyir ki, 171 saylı qərara görə, 45 dəqiqəlik dərs saatının cəmi 38 dəqiqəsi tədris materiallarının mənimsənilməsinə həsr edilir. Digər 7 dəqiqə fasilələrlə məktəblilərin göz məşqləri, yaxud beyin məşqləri üçün ayrılmalıdır. Lakin müəllim peşəkarlığı aşağı səviyyədə olan sistemdə bu məşqlər yerinə yetirilmir.
Pediatr Telman Aytayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir məktəbli mütləq 8 saat yatmalıdır. Dərslərin saat 9-da başlayıb 14 -15:00 arası bitməsi arzuolunandır. Bundan başqa, fiziki şərtlər də nəzərə alınmalıdır:
“Böyümə hormonu yuxuda daha çox ifraz olunur. Ümumiyyətlə, bir insanın yeməyə bir o qədər olmasa da, yuxuya su qədər ehtiyacı var. Belə olan halda beynimizdə müəyyən maddələr depolanır, sonradan gün ərzində onu xərcləyirik. Məktəblilər üçün də ideal yuxu 7-8 saatdır. Çalışmalıyıq ki, məktəblilər axşam saat doqquz, ondan gec yatmasınlar”.
Amerikanın Milli Yuxu Fondunun araşdırmaları nə deyir?
Azyaşlılar səhər yuxudan durmaqda çətinlik çəkirlər. Onların bir hissəsi ilk dərslərdə də yuxulu olur, fikirlərini toparlaya bilmirlər.
Yaşından asılı olaraq məktəblilərin yuxuya ehtiyacları dəyişir. Fondun açıqladığı məlumata görə, 6-13 yaşlı məktəblilər gündəlik olaraq gecə 9-11 saat, 14-17 yaşlılar isə 8-10 saat yatmalıdır. Lakin aparılan araşdırmalar nəticəsində bəlli olub ki, əslində yeniyetmələrin böyük əksəriyyəti lazımi qədər yatmır. Yeniyetmələrin təxminən 60 faizinin normal yuxu rejimi yoxdur.
Gec yatmaq, məktəbə görə səhər erkəndən durmaq məktəblilərdə böyük problemlər yaradır. Bu amil məktəblilərin uğurlarına, dərsi qavramalarına, sağlamlığına mənfi təsir edir.
Pediatrlar da orta və ali məktəblərdə dərslərin 08:30-dan tez başlamasının tərəfdarı deyillər.
Həkimlər gec yatma problemində genetik faktorun da rolu olduğunu qeyd edirlər. Onlar bu problemi “faza gecikməsi” adlandırırlar. Belə məktəblilər səhər 11:00-dək yuxudan ayılmaqda çətinlik çəkirlər.
Belə məktəblilərin qarşılaşdığı digər çətinliklər:
– Az yatan məktəblilər digərləri ilə müqayisədə daha əsəbi, yorğun olurlar. Əsəbləri gərgin olduğundan onlar daha çox münaqişəyə meyl göstərirlər
– Bu məktəblilər münaqişə ilə yanaşı, alkoqol və narkotiklərə qurşanmada da daha çox risk qrupu hesab edilirlər
– Belə məktəblilər arasında depressiya, intihara meyllik digərləri ilə müqayisədə yüksəkdir
– Yetərincə yuxu ilə qidalanmamaq fiziki, psixi problemlərə yol açır, bu şəxslərin şəkər, müxtəlif ürək xəstəlikləri, artıq çəkidən əziyyətçəkmə riski artır
Dərslərin bir qədər gec başlamasının isə prestijləri yüksəkdir:
– Məktəblilər diqqətlərini cəmləyə bilirlər
– Nəticələr daha yüksək olur
– Dərsdə yuxulu olma riskləri azalır
– Dərsə gecikmə halları azalır
– Yorğunluq, deppressiya riskləri azalır
– Məktəbdə intizamla bağlı bir o qədər də problemlər yaranmır
– Qəza riskləri azalır
Qeyd edək ki, Qazaxıstan və ABŞ-da dərslər 08:30-da, İngiltərədə isə saat 09:00-da başlayır.
Nigar İsgəndərova