Prezidentlər, nazirlər, millət vəkilləri, eləcə də siyasi elitada rəhbər vəzifə tutan məmurlar təkcə çıxışları ilə deyil, həm də geyimləri ilə diqqət mərkəzində olurlar. Əksər Avropa ölkələrində yüksək çinli məmurlar davranışları qədər geyim tərzinə görə də sərbətdirlər.
Əgər Böyük Britaniyada nazir qısa şortda küçədə velosipedlə gəzirsə, Fransada, İtaliyada deputatlar parlamentə gündəlik geyimdə – yəni cins şalvar, “futbolka”da gəlib ciddi müzakirələrə qatıla bilərlər. Bir sözlə, Qərb düşüncəsində qalstuk taxmadan da mötəbər tədbirə getmək olar.
Azərbaycanda məmur imici necədir?
Modelyer Gülnarə Xəlilova bildirir ki, geyim formaları hər bir insanın işinə, imicinə görə dəyişir. Bu baxımdan məmurlar hər zaman ciddi formada olmalıdırlar.
“Əgər məmur gün ərzində iş görüşməsində olursa, ciddi geyimdə olmalıdır. Bu, mütləqdir. Ciddi geyim nümunəsi olaraq daha çox kostyumdan istifadə etməlidirlər. Vəzifəli şəxslərin geyimləri onların ciddi obrazını tamamlamalıdır. Əlvan olmayan, parıltısız geyimlərdə insanların qarşısına çıxmaq olmaz. Bəylər daha çox tünd rənglərə üstünlük verirlər. Bəzən şalvar, köynək və onun üstündən yaxası üçgünc olan şaketlər geyinirlər. Bu, uyumludur, istifadə etmək olar. Məmurlar idman üslubunda olan cinslər, fərqli gödəkçələrdən çoz az istifadə edirlər. Amma gündəlik həyatda, işdən xaric görüşlərdə onlar azaddırlar və zövqlərinə uyğun geyim seçib geyinə bilərlər. Geyimin qırış olması belə məmur imicinə xəlil gətirir. Görüntü yüksək səviyyədə olmalıdır ki, işi ilə insanlarda xoş əhval və inam formalaşdırsın”.
Moldeyler qeyd edib ki, bu baxımdan Azərbaycanın məmurları səliqəli geyinirlər: “Kişilər hər zaman kostyumda olurlar. Qadınlarımız da çalışırlar ki, yaxşı görünsünlər. Ciddi iş üslubu xanım və bəylərə yaxşı yaraşır. Bəzən xanım məmur sahəsinə uyğun olmayan geyim seçir. Lakin əksəriyyəti geyim qaydalarına riayyət edir”.
Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, dövlət quruculuğu prosesində məmurların davranışları, hərəkətləri, sözləri əhalin arasında olduqca mühüm rol oynayır.
“Ənənəvi dövlətlərdə məmurlar formalaşıb, onların müəyyən imici var, sosial portreti də hər kəsə məlumdur. Sosial psixologiya elminin 100 faiz əsaslandırdığına görə, kütlədə xüsusiyyət var ki, onlar qabaqda olan nümunəvi insanları yamsılamaq istəyirlər. Bu, tək Azərbaycanda deyil, bütün dünya ölkələrində belədir. Öndə olan insanın əxlaq davranışı, hərəkəti elə olmalıdır ki, onu yamsılayanlar dövlətə layiq insanlar olsunlar.
İkinci tərəfdən, məmur imici yaxşı olanda əhali sabaha daha böyük ümidlə baxır. Bu gün ölkə məmurları arasında hərəktələri, geyimi ilə nümunəvi olanlar var”,-deyə sosioloq vurğulayıb. (AzVision.az)