Metanet Memmedova

Mən belə dünyanın nəyindən küsüm…

Baxış sayı: 337

Küçədə hamı qaçır. Bir-birinə deyir ki, indi sürət dövrüdür, qaçmadınsa, batdın. İnsanlar qaçırlar və bir-birinə dəyə-dəyə, bəzən üzr istəyərək, bəzən də buna lüzum görməyərək qaçırlar, mənzilbaşına çatmağa tələsirlər.

İnternet dünyası dünyamıza baş vurandan sonra onu bizdən aldı. İndi bizim dünyamız yoxdur, internet dünyası vardır. Ta bir-birimizə qonaq getmirik, görüntülü danışırıq. Ta bir-birimizə məktub yazmırıq, ismarıc göndəririk. Nəyimizə lazımdır tez-tez kəndlərə gedib yaşlıları ziyarət etmək? Onları görüntülü telefon danışıqlarında hərdən görürük də…

Qız bəyənmə, elçilik, bayramlaşma, başsağlığı, özünüreklam, eyham, söz ilişdirmə, olanını göstərmək, olmayanı əsla düşünməmək-hamısı sosial şəbəkələrdə dünyamızı əlimizdən ala-ala getməkdədir.

İndi yalan danışanların sayı artmaqdadır. Bilmirəm süni qidaların təsirindəndir, yoxsa elə bu internet dünyasının bəxşişidir, nədir, yalan danışan insanların sayı artmaqdadır. Bəzi insanlar verdikləri sözü tuta bilmir, hansısa vasitə əlindən dartıb alıb onu yalançı edir. Yalan danışmaq yolunun hara qədər davam edəcəyi isə hələlik məlum deyil.

Çox tez-tez narkotik alverçilərinin həbs olunması ilə bağlı xəbərlərlə rastlaşırıq. “Kişilər” özlərinə qəribə iş tapıblar. Görəsən bu gözəl dünyanı nə üçün o çirkli dünyaya satırlar? Nə üçün heç olmasa qonum-qonşudan bir papaq tapıb qarşılarına qoyaraq fikirləşib bir-birilərinə demirlər ki, biz nə edirik? Biz insanları nə üçün zəhərləyirik? Biz nə üçün övladımızın çörəyini belə çirkli yollarla qazanırıq…

Dünya əvvəlki dünya deyil, vallah. Dəyişilənlər çoxdur. Geyimlər, saçlar, üzlər, dəblər… Baxırsan ki, o tərəfdən bir oğlan gəlir, saçının bir hissəsi bənövşəyi rəngdə. Corabının biri qırmızı, biri yaşıl rəngdə. Deyirsən, İlahi, bəlkə səhərin sübhündə qaranlıq olub, corabları səhv geyinib. Lakin onu ayaqdan başa qədər süzdükdə və başda dayandıqda, saçların da iki rəngdən ibarət olduğunu gördükdə anlayırsan ki, yox, heç bir səhvlik yoxdur, bu, oğlanın özünəməxsus dəbidir.

Küçədə bir qızla rastlaşırsan. Baxırsan ki, əynindəki paltara bir neçə santimetr parça istifadə olunub. Ətək beldən bir qarış aşağı, köynək beldən bir qarış yuxarı. Qalan yerlər açıq… Deyirsən, ilahi, nənələrimizin o vaxtlar ətəkləri bəlkə də 8-10 metr parçadan qat-qat tikilirdi, görəsən onlar o ağırlıqda ətəklə necə gəzib dolanırdılar? 8-10 uşağın qayğısına qalırdılar, üstəlik ev və çöl işləri. Su evdən neçə kilometr aralıda. Kanalizasiya yox. Suyu evlərə daşıdıqları kimi, tullantı suları da eynilə evdən xeyli kənara daşıyırdılar, həm də o qatlama, uzun ətəklərdə. İndiki əksər cavanların yay-qış ayağı açıqdır. Yəqin mənim kimi siz də müşahidə etmişiniz. Oğlan-qız baxırsan ki, ayağında yalnız ayaqqabının içinə geyinilən balaca bir corab var. O corabla şalvarın ayağı qarşındakı məsafə lütdür. Oğlanları demirəm, qızlar bunun altını əvvəl-axır çəkəcəklər. Belə də dəb olar? Axı bu qızlar sabah ana olacaqlar, dünyaya, daha doğrusu dünyamıza uşaq gətirəcəklər. Bu açıq ayaqların çəkib canlarına verdiyi soyuğun bədənlərindən çıxması üçün görəsən neçə il lazım olacaq?

Səhər-səhər məktəbə gedən uşaqları görəndə, vallah adamın yazığı gəlir. Çantalarının özlərindən ağır olması kənardan hiss olunur. Bunu düşünən valideynlər də indi uşaqları ilə birlikdə məktəbə gedir, məktəbdən gəlir. Çünki onların əsas vəzifələrindən biri də uşaqlarının çantasını daşımaqdır. Nə etsinlər, ya daşımalıdırlar, ya da irəlidə övladlarını xəstəxanalarda gəzdirməli, əyilmiş sümüklərinin müalicəsi ilə məşğul olmalıdırlar. Bunu da edə bilsələr və ya bunu bacaran olsa…

Əvvəllər hava günəşli olanda baxırdın ki, analar körpələri gəzintiyə çıxarırlar. İndi bunu görmək bir o qədər tez-tez olmur. Çünki əksər analar telefon əllərində sosial şəbəkələrdə o qədər məşğul olurlar ki, bayırda havanın günəşli, yoxsa buludlu olmasından xəbərləri belə olmur. Körpələr də ki, evdəcə qalmalı olurlar. bir az böyüyəndən sonra isə analar onları qoyur televizorun qarşısına, cizgi filmlərinə baxmağı tövsiyə edir. Bir də baxırıq ki, uşaqlarımız 4-5 yaşına çatıb, danışmır. Götürüb bu dəfə bayıra çıxarırıq və gəzmədiyimiz loqoped qalmır. Danışanda da uşaq ya türk, ya ingilis, ya da rus dilində danışır. Azərbaycan dilindən xəbərləri əsla olmur.

Nə isə… Dünyamızda o qədər qeyri-adiliklər var ki… Hələ iki-üçündən danışdım. Bütün bunların fonunda “mən belə dünyanın nəyindən küsüm” dedikcə, hər dəfə sadəcə dəli bir ağlamaq keçir könlümdən…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir