xocali

Mən Xocalıyam… Bəxti qara, qəlbi yara

Baxış sayı: 1. 221

Mən Xocalıyam… 28 ildir doğan günəşi simlərin arasından izləyirəm. Qəlbimdə hər gün qan damlayan dərin bir yaram var.. Buralara da gəlib çatır günəşin hənirtisi, amma 28 ildir buz bağlayıb hər tərəfim.. Çünki günəşdən daha böyük həsrətim var köksümdə.. Bu günəş əritməz həsrətimizi.. Yenicə addımlayan körpələrin ayaq izlərinə həsrətəm.. Gülüşə, qəhqəhəyə, çapar atların qaçışına, bacadan çıxan ocaq tüstülərinə, ana laylasına, körpə qığıltısına, vağzalıya, toy səsinə, bəy tərifinə, saz-tütək səsinə həsrət, bəxti qara XOCALIyam. Mən taleyinə uzun bir ayrılıq yazılmış Xocalıyam.

Heç bilmədim necə oldu… Həyat qoxurdu hər yanımız… Hər il soyuq keçərdi qış buralarda… Elə həmin gün də yaman şaxtalı idi. Gecə düşmüş, ətrafa dərin bir səssizlik çökmüşdü. Qoynumda daha bir qısa qış günü yerini uzun qış gecəsinə dəyişirdi. Körpələr yatağa göndərilmiş, analar günün işlərini bitirmək üzrə idi. Atalar televizora baxır, məktəblilər sabahkı dərs gününə çantalarını yığır, nənələr isti sobanın kənarında nağıl söyləyirdi nəvələrinə. Nəvə yuxulu gözləri ilə növbəti nağılı gözləyirdi. Yatması üçün mütləq 3 nağıl dinləməli idi. Div gələcəkdi indi. Cırtdan da, dostları da gözlərini yumub yatmalıdır, yoxsa div yeyərdi onları.

writer1

Amma div deyildi gələn! Ən böyük silahı hiyləgərliyi olan, hücum üçün gecəni gözləyən qəddarlar idi..!

Ayrılıq gecəmiz idi o gecə. Vidamız səhərə qədər çəkdi. Göz yaşı, qan, ah-nalə, fəryad səsi ilə səhərə qədər çəkdi son görüşümüz. Qoynumda dil açan körpələr, tariximi hafizəsində gəzdirən qocalar, gələcəyimi əmanət edəcəyim gənclərim torpağıma qarışdı o gecə.. Mən öz sakinlərimin qətl yeri oldum. Suyumla, havamla, sinəmdə yüyürüb qaçıb boy atanlarımın qanı da elə öz sinəmə töküldü.  Heç acımı dindirən olmadı, göz yaşlarım qəlbimə axdı. Mən göylərdən küsdüm o gecədən sonra. O qara gecədən sonra axar bulaqlarım, qoca çinarlarım xislətindən qurumağa başladı. Yollarımı otlar kəsdi, meşələrim soldu, səmalarım mavidən boza çevrildi. O gecədən sonra mənim uzun bir qışım başladı. Bahar üz döndərdi bu tərəflərdən.

O gecə mənim taleyim alnına qara yaylıq bağladı. 28 ildir yazın hərarətinə, günəşin hənirtisinə, çiçək açan ağaclara, nəğmə oxuyan quşlara, həsrətəm.. 28 ildir varlığımı yalnız bir söz ifadə edir – dünya boyda HƏSRƏT… Hər gün mən XOCALI boz səmalara üzümü tutub dua edirəm! İndi həsrətimin bir ucunda ümid cücərib – tez-tez eşidirəm igidlərimin marş səsini! Cocuqmərcanlıdan gəlir körpə səsləri, toy səsi eşidirəm ara-sıra. Azadlıq qoxusu lap yaxınımdadı, dərindən torpağıma çəkirəm, ümidimi böyüdürəm gündən-günə.. O gün gələcək! – işığı sönən hər evdə yenə çıraq yanacaq, yenə bir stol qoyulacaq tut ağaclarının altına, yenə yazqabağı həyət-baca dolacaq nəvə-nəticə ilə.. Gecələr ulduzlu, gündüzlər günəşli olacaq.. Yenə təndirlər qalanacaq, isti çörəyin qoxusu azadlıq qoxusuna qarışıb qoynuma hopacaq. Qoynumda yetişən yeni nəsil həqiqətə çevrilmiş bu qorxulu “nağılı” öz övladlarına danışacaq. Uzun olan həsrətimizdən danışacaq. Və mənə geri döndükləri gündən, qovuşmaq sevincimizdən danışacaqlar..  Göz yaşı ilə, təbəssümlə danışacaqlar! Sonra deyəcəklər ki, rahat ol, balam, o günlər geridə qaldı. Çünki, QARTALLAR qalib gəlir! Yaralansa da, bir gün güc toplayıb yenidən qanad çalmağa başlayanda bütün namərdlərin ölüm günü olur! Rahat ol, daha bizi heç kim ayıra bilməz!

Maya İmran




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir