Huseynaga Quliyev

“Məni diri-diri oda atdılar” – Xocalı şahidi ilə MÜSAHİBƏ

Baxış sayı: 2. 700

Hüseynağa Aydın oğlu Quliyev 1992-ci ildə Xocalı faciəsini yaşayanlardan, soyqırım hadisəsinin canlı şahidlərindəndir. Xocalı soyqırımının 22-ci ildönümündə faciəni şahidin öz nəqlində xatırlayaq:

“Könüllülərdən ibarət batalyon yaratmağa məcbur olduq”

Faciəni xatırlamaq bizim üçün çox çətindir. Amma eyni zamanda xatirələr, yaşadığımız əzablarla müqayisədə sadəcə sözlərdir. O vaxtı Xocalıda peşəkar hərbi döyüşçülərimiz olmadığından, könüllü dəstələr yaradılmışdı. Köməksiz, yardımsız özümüz öüzmüzü müdafiə edirdik. Kənardan hərbçilər göndərilməmişdi. Ümumiyyətlə, Ermənistan SSRİ-nin tərkibində olduğu üçün rus ordusu da oranı tərk eləməmişdi. Bizdə isə əksinə, rus ordusu Azərbaycandan çıxmışdı. Azərbaycanın sabit ordusu isə hələ formalaşmamışdı. Ona görə də hərbimizdə pərakəndəlik yaranmışdı. Xocalı könüllülərdən ibarət batalyonun daimi komandiri də yeganə hərbçimiz, Xocalı milli qəhrəman Tofiq Hüseynov idi. Mən də həmin könüllülər dəstəsinin üzvü idim.

“Xocalı 1988-ci ildə işğal olunmalıydı”

Xocalıda rəhbər vəzifələrdə çalışan ermənilər çox idi. Hələ ara qarışmadan öncə onlar, əhalidən ov tüfənglərinə qədər bütün silahların yığılmasını təmin eləmişdilər. Məqsəd, Xocalını tam silahsız edib yer üzündən silmək, tamamilə məhv eləmək idi.

Bir nəfər də olsa danışan, görən, bilən şahid qalmamalıydı.

Xocalını işğal cəhdi hələ SSRİ təzə dağılan zaman, 1988-ci sentyabrın 18-də olmuşdu. Mitinq eləyib şəhəri ayaq altına almaq istəmişdilər, amma nədənsə geri çəkildilər. Ermənilər bizə xəbər göndərmişdilər ki, Sumqayıt hadisələrinin ildönümünü Xocalıda keçirəcəyik.

Xocalı coğrafi ərazi baxımından çox əhəmiyyətli idi, özəlliklə də ermənilər üçün. Bütün əlaqələri, diğər rayonlara – Qarabağa, Xabkəndinə, Ermənistana olan giriş-çıxışlar məhz Xocalıdan keçirdi. Ona görə də Xocalını ələ keçirmək ermənilər üçün başlığa məqsədə çevrilmişdi. Təəssüf ki, istəklərinə nail oldular.

“Xocalıların ağlına da gəlməzdi ki, tək qalacaq, mərkəz bizə dayaq duymayacaq”

Ətrafla bütün əlaqələr demək olar ki, kəsilmişdi, Xocalı ətrafında bir vertolyot belə uçmurdı. Qidalar da bitmiş, nə un, nə də digər ehtiyaclar qalmışdı. Əhali əkib-biçin etdiklərindən olan-qalanlarla dolanırdı. Kimin evində un, kartof və başqa. ərzaqlar vardısa, hamı bir-birilə bölüşürdü. Nə yerdən, nə göydən köməyimiz yox idi. Amma hər şeyə rəğmən umidimizi itirmirdik. Bizi yalın əllərlə ermənilərin qabağında saxlayan elə bu ümidimiz oldu. Xocalıların ağlına da gəlməzdi ki, tək qalacaq, mərkəz bizə dayaq duymayacaq.

“Yalvardıq ki, heç olmasa Şuşadan Xocalını vurun ki…”

Fevralın 25-də təxminən saat 6 radələrində eşitdik ki, 366-cı motoalay Xocalını mühasirəyə alır. Ayıq-sayıq olmağımızı xəbərdar etdilər. Biz onsuz da gecə-gündüz postda hazır vəziyyətdə dayanırdıq. Hər 100 metrdən bir 28-30 nəfərlik könüllü dəstələrindən ibarət postumuz vardı. Amma düşmənin nə vaxt hücuma keçəcəyini bilmək mümkün deyildi.

Saat 6-dan başlayaraq bütün postları mühasirəyə aldılar. Saat 21:30 radələrində isə toplar atılmağa başladı. Top zərbələrindən sanki yer yerindən oynayırdı. Əsas hücumlar da texnika ilə oldu. Düşmənin istifadə etdiyi BDM, BTR, tanklar, topların qarşısına yalnız o gücdə silahlarla çıxılmalıydı. Ermənilərdəki ağır silahlarla nəinki Xocalını, bütün Azərbaycanı məhv eləmək olardı.

Düşmən, ağıla gəlməyən hərbi silahlara sahib olduğu halda, Rəhim Qazıyev kimi vətən xainlərinin göstərişi ilə ehtiyat silahlarımızın heç birini işə salınmadı, insanları aldatmaqla məşğul idilər. Halbuki Şuşadakı `qrad `qurğuları ilə nəinki Xocalını, Qarabağı, hətta bütöv Azərbaycan müdafiə oluna bilərdi…

O vaxt bizdə solyarka ilə işləyən rabitə qovşağımız vardı. Həmin rabitə vasitəsilə son dəqiqəyədək Şuşa ilə əlaqə saxlayıb yalvardıq ki, heç olmasa Şuşadan Xocalını vurun ki, bəlkə ermənilər dəstək olduğunu görüb geri qayıdalar. Amma Şuşadan heç bir səs-soraq gəlmədi. Döyüş gedə-gedə, itkilərimiz çoxaldıqca, artıq geri çəkilməyə məcbur olduq. Hücumların qarşısını ala bilmədik. Könüllülərdən ibarət dəstənin demək olar ki, bütün üzvləri şəhid oldu. Dinc əhalidən qırılan qırıldı, qırılmayansa əsir düşdü…

????????????????????????????????????

“Dəli olmamaq qeyri-mümkün idi…”

Faciənin qaçılmaz olduğunu hələ mühasirəyə alınmazdan əvvəl təxmin edirdik, lakin belə böyük masştabda, belə vəhşilikdə ola biləcəyi ağlımıza, təsəvvürümüzə belə gəlmirdi. Allahın yaratdığı heyvan belə erməni separatçılarından qat-qat mərhəmətlidir. İnsanın dirisinə, ölüsünə olmazın zülmlərini, işgəncələrini heç İkinci Böyük Vətən Müharibəsində faşistlər verməyiblər…

Hadisədən bir neçə il əvvəl Xocalıya məhsəti türkləri məskunlaşmışdı, onlar üçün evlər də tikilmişdi. Tanklarla məhv edildi bütün evlər. Yanan evdən qaçmağa çalışan uşaqları, qadınları, qocaları güllə-baran etdilər. Körpə uşaq meyidlərini ayaqlayıb gəzişmələrini, başlarını, qulaqlarını kəsmələrini, cansız bədənlərin üzərində apardıqları amansız əməlləri, ölmüş insanların başını bədənindən ayrımaları, baş dərisini soymaları… görüb dəhşətə gəlməmək, dəli olmamaq qeyri-mümkündür.

“…ermənilər xəbər göndərdi ki…”

Sağ qalmış bir qrup dinc əhali üzü meşəyə üz tərəf qaçaraq Qarqar çayını keçdi. Meşədə kimsə dedi ki, bəs, hardasa koridor olmalıdır, ermənilər xəbər göndərib ki, guya koridordan keçməyimizə imkan verəcəyik. Amma əslində məqsəd başqa idi. İnsanları açıqlığa, düzənliyə çıxarıb məhv eləmək istəyirdilər. Elə də oldu. İnsanlar iki yerə ayrıldılar. Bir qrup meşəyə, bir qrup da safcasına koridor deyilən tərəfə yönəldi. Aradan yarım saat keçməmiş uzaqdan atışma, qışqırıq səsləri eşidildi.

Ehtimallarımızda yanılmamışdıq – ermənilər gizləndikləri yerdən çıxıb bizimkiləri qırmışdılar. Kimisini güllə ilə, kimisini tankla əzməklə, kimisini də diri-diri yandırmaqla, qadınların döşlərini kəsməklə, don vermiş insanın başını bədənindən ayırmaqla. Can verən hamilə qadının qarnını yarıb uşağını yanına qoymuşdular. Bunları eşitmək nə qədər əzablı olsa da, gerçək faktlardır. Biz bunları yaşamışıq, öz gözümüzlə görmüşük…

“Məni diri-diri alovun üstünə atdılar”

Amma qaçıb qurtula bilmədik. Dağın döşünə çatanda güllə-barana tuş gəldik. Qurtulan olmadı. Bəzilərini öldürdülər, bəzilərini də əsir götürdülər. Məni BMP ilə vurub yaraladılar, sonra da ailəm, 2 yaş yarımlıq əkiz oğlanlarımla birgə əsir aldılar. Olmazın işgəncələrini verirdilər bizə. Artıq can verirdim. Ermənilər öləcəyimi düşünüb məni diri-diri yanan alovun üstünə atmışdılar. Amma əynimdə hərbi buşlat, ayağımda da çəkmə vardı. Elə əynimdəkilərin yanıq qoxusunu duyan digər azərbaycanlı əsirlər məni alovun üstündən çəkib çıxarmışdılar. Döyülməkdən huşum özümdə olmayıb, nə yandığımı, nə də xilasımın fərqində olmuşam. Səhər soyuğun təsirindən ayılmışam. Əyinimdəkiləri soruşanda başıma gələnləri danışıblar…

Səhərisi gün ermənilər yaxınlaşıb sorusdu ki, əlində silah olub? Dedim yox. Döyüş vaxtı öldürdüyüm erməninin əvəzini çıxmaq istəyirdilər. Hətta yalandan dedilər ki, boynuna alsan, səni azad edəcəyik, əsirlikdə olan erməni ilə dəyişəcəyik. Amma inanmadım onlara. Mənimlə birgə əsir düşmüş qaynatam da ağlaya-ağlaya dedi ki, cavansan, özünü xilas elə. Razılaşmadım.

Ona başa saldım ki, ermənilərə inanmaq olmaz, etiraf eləsəm, bunlar məni tikə-tikə edəcəklər. Bir var bir neçə güllə ilə öldürüləsən, bir də var min bir əzabla.

 

Huseynaga Quliyev1

“Güllələri bədənə xaç formasında yağdırırdılar”

Diqqətimi ermənilərin görünüşləri, hazırlıqları çəkmişdi. Suriya, Livan erməniləri xarici görünüşcə qara dərisi, qırmızı və sarı saçları ilə seçilirdilər. Qəribədir ki, hamısına azərbaycan dilini öyrətmişdilər. Bizim yanımızda da elə azərbaycanca danışırdılar. Bizə bir qurtum su və çorək parçası verirdilər. Lakin döyülməkdən, ağrıdan nəinki yeyə, heç nəfəs ala blmirdik. Əsasən də ağacla, armaturla, ağır daşlarla zərbə vurmadıqları yerimiz qalmamışdı. Ağrıdan bayılanda da buzun üzərinə qoyurdular bizi. Canlı insanların başlarının dərisini soyurdular. Sonda da güllələri bədənə xaç formasında yağdırırdılar…

“Azərbaycanlının başı, oğlumun ruhuna hədiyyə olsun”

Əsirlikdə erməni qadınlarının kişilərdən də qəddar olduğunu gördüm. Bir erməni qadını, “bu gün ölmüş oğlumun ad günüdür. Bu azərbaycanlının başı, oğlumun ruhuna hədiyyə olsun” demişdi. Erməni hərbçiləri də onun istəyini yerinə yetirirdilər. Hər gün 4-5 nəfər əsir azərbaycanlını qurban aparırdılar. Hətta bir gün 11 nəfər əsiri bir gündə qurban etdilər. Hələ də ağlıma gətirə bilmirəm, adını qadın, ana qoyasan və bu qədər vəhşi, zalım olasan.

“Azərbaycanlı körpələr indi erməni adı ilə böyüdülür”

Anamı, ailəmi Xankəndində “podval”da, məni də Pircamalda, sonra Naxşıvanikdə saxlanılırdım. Hər gün əsir öldürülürdü, ölü sayı bilinməməsi üçün yerləri tez-tez dəyişdirirdilər. Sonradan həyat yoldaşım Aybənizdən milli qəhrəman Allahverdi Bağırova məktub göndərərək buraxmışdılar onu. Amma əkizlərimizi girov saxladılar ki, məcbur olub qayıtsın.

Məktubda yazılmışdı ki, bizimkilərin əsir saxladığı bir Suriya ermənisini iki uşağın əvəzində dəyişsinlər. Daha öncələri ermənilər, həmin erməniyə görə Allahverdi Bağırova pul təklif eləmişdilər, amma rəhmətlik Allahverdi mərd-mərdanı imtina etmişdi. Sonra da həmin ermənini mənimlə dəyişdi. Xanımıma demişdilər ki, məhz həmin erməni qaytarılmasa, uşaqları verməyəcəyik.

Amma onlar üçün bu bir bəhanə idi. Çünki, ermənilər sözügedən erməninin öldüyünü zənn edirdirlər. Balalarımızı da qaytarmağı düşünmürdülər. Onların niyyət və planlarında görə, uşaqları erməni adı ilə böyüdüb bizə qarşı vuruşacaq əsgər kimi yetişdirmək vardı. Uşaqlarımızın dəyişdirilməsi üçün 1 ay danışıqlar getdi. Mənim öğullarım xilas oldu, amma orda indi nə qədər azərbaycanlı körpələri erməni adı ilə böyüdülür.

 

Huseynaga Quliyev3

“Yıxılsan, geri qaytarıb öldürəcəyik”

Dəyişdiriləcəyim gün üz-gözümü sildilər, başıma da papaq qoydular ki qan axmasın. Başıma armaturla o qədər vurmuşdular ki, tez-tez qan açılırdı. Məni sürüyə-sürüyə maşına mindirəndən sonra xəbərdarlıq elədilər ki, “çalış yıxılmayasan. Yıxılsan, geri qaytarıb öldürəcəyik”. Yıxılmamaq üçün özümü güclə saxlayıdım. Qabırğam qırılmışdı nəfəs ala bilmirdim, qolum və ayaq barmaqlarımı da sındırmışdılar. Qabırğalarım bir-birinə dəyməməsi üçün qollarımla birtəhər qabırğalarımı sıxdım.

Məni Ağdam-Əsgəran arasındakı qəbiristanlığa gətirdilər. Çətini postu keçməkdi. Ora qədər dözməliydim. Min bir zülmlə dözdüm, postu keçəndən dərhal sonra da huşumu itirdim. Müayinə və müalicə üçün əvvəlcə Əhmədlidəki Neyrocərrahiyyə Xəstəxanasında, sonra Respublika Xəstəxanasında yatdım. Həkimlər yaşayacağıma ümid etmədikləri üçün müalicəmə laqeyd idilər. Qabirğalarimda qırıqlıq var, ayaq barmağımdakı əyrilik hələ də qalıb. Burun sümüklərimdə də döyülməkdən qırıqlıq qalmışdı. Demək olar ki, indi burun sümüklərim yoxdur. Fəqərələrim zədəlidir. Beynimdə qan tromblaşdığından, danışanda özümü itirirəm, əsirlikdə boynumun arxasından aldığım zərbədən danışıq qabiliyyətimi itirmişdim.

Müalicədən sonra yavaş-yavaş açıldı, amma hələ də normal danışa bilmirəm. Əsəbləşən kimi kəkələyirəm. Sol qulağım eşitmir – pərdəsini cırmışdılar. Müalicəsi də yoxdur. İldə bir neçə dəfə qulağım qanaxma verir. Qanaxmanın qarşısını almaq üçün mütəmadi müalicə alıram. Amma tam sağalmaq qeyri-mümkündür. Vuqar və Bəxtiyar adlı dostlarım sağ olsunlar, müalicəm üçün hərdən maddi köməklik edirlər.

Bir neçə il əvvəl dövlət xəttilə ilə Almaniyaya müayinəyə getdim. Analizlərin, rentgenin cavablarını diskdə verdilər ki, get, Azərbaycanda müalicə olun. Amma diskdəki cavabları bizim həkimlər anlamadığından müalicəm yarımçıq qaldı. Həyat yoldaşım da yarımcan vəziyyətdədir. Ayağı don vurmuşdu, qaçan vaxtı başı daşa dəydiyindən beyni silkələnmişdi. Bakıya gələndə də ödündən 4 dəfə əməliyyat olundu, əsəbdən bədəni şişmişdi. Boğazında zobu əmələ gəldi.

İndi təqaüdlə dolanırıq. Mən 236 manat, yoldaşım da 100 manat təqaüd alırıq. Balalarımın taleyindən çox nigaran idim. Amma dövlət onlara sahib çıxdı. Hazırda ikisi də polis orqanlarında işləyir. Bu həyatda tək istəyim var – o da ölmədən öncə Xocalını görmək, gözümü orda yummaqdır. Hələ də Xocalıya qayıdacağımız günün ümidilə yaşayıram.

Sevda Babayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir