Efsane R

“Məni saxlayan polis” – “NATAMAM”

Baxış sayı: 1. 887

Gözəl əndamı ilə Xədicə gəlmişdi bu gün. Ətrinin qoxusu üç gün çəkilmir otağımdan hər o gələndə…

– Necəsən? (Himə bənddi bu qız, ona görə başqa nəsə deməyimə gərək yoxdu onsuz da, açılır ürəyi o dəqiqə)

– O  gün məni polis saxladı yolda, kəmər taxmamışdım deyə. Amma mən həmişə taxmıram da, bilirsiniz. Paltarlarım qırışır, sinəm yastı görünür. O boyda pul verib özümə döş düzəltmişəm ki, əzilsin? (Ürəkdən gülür) Qısası, elə orda tanış olduq Fəridlə. Mən elə telefonu çıxardım ki, dayıma zəng edim, mənə qayıdıb dedi ki, sənin “Qaidə” tanışa ehtiyacın yoxdur, mən ölməmişəm ki?! Bilirsiniz də sistem elə bir yerdir ki, mənim nömrə verməyimə ehtiyac yoxdur, ad-soyadımı vuranda ünvanıma qədər çıxır. Hə, ünvan demiş, yəqin Fərid görüntümdən elə anlayıb ki, məni çox adam arzulayar, ona görə elə ilk gündən jest jest dalınca. Evə çatdım ki, qapının ağzında qızıl güllər. Qapını açanda mesaj gəldi ki, kömək lazımdı? Qorxaraq ətrafıma baxdım, heç kəs yox idi. Sonra bildim ki, bina kameraların öz telefonuna yönəldib. Üç gün sonra əlində çaxır qapıda idi. Qapını açıb “hələ yaxşı dözmüsən” deyib 3 gündür tanış olduğumuza işarə elədim. Gülümsədi, amma həmin an nə dediyim vecinə də deyildi. İçəri keçib divana çırpdı özünü. Əlindəki çaxırı göstərib “bunu həll edək, hər şey yaxşı olacaq” dedi. İçəridən bir qədəh gətirdim. Sonra gülümsəyərək “demirsən, evdə kimsə olardı?” dedim, qeydiyyat ünvanında və kamerada bunu tapa bilmədim deyə burdayam deyib məni yanına çəkdi. Ürəyim çox bulanırdı, belə bir yaxınlığa hazır deyildim bu gün. “Baxma, hamilə olarsan” deyib qəhqəhə çəkdi. “Deyirsən, əlimdən tutmaqla hamilə qaldım?” (Mən çox soyuqqanlı idim, o isə olduqca kefli. Gülürdü elə hey.) Mən bu gün içməyəcəm dedim, təəccüb etdi. “Sən Allah demə ki, içən deyilsən” deyib ağzın büzdü. İndi istəmirəm sadəcə deyib yola verdim. “Özəl günün olar bilmərik haa, səncanı kefimizə soğan doğrama, başqa vaxt qanayarsan!” Bura nə üçün gəldiyini o qədər NET hiss etdirirdi ki, mənim cavab verməyim yersiz görünürdü. Gülümsəyib başımı yellədim.

Elə bunu gözləyirmiş kimi məni özünə tərəf çəkdi. Bir az yaxınlıqdan sonra yataq otağına keçməli idik. Ürəyim də olduqca çox bulanırdı. Fürsət axtarırdım ki, bir dərman atıb sakitləşim. Onu yataq otağına göndərib özüm dərmanımı içdim. Bir az toparlanıb yanına keçdim. Məni gözləyirdi. “Döşlərinə aşiq olmuşam” deyirdi. Hər bu ifadədə dəli olurdum. Bir stəkan su gətirim gəlirəm dedim. O da “salfetka var burda?” deyəndə çəkməcəyə baxmasını dedim. Suyu gətirəndə Fərid ayaq üstə və geyinirdi. Nə olduğun anlamadım. Açığı, ürəyimdən də oldu. Halsız idim onsuz da. Belə bir münasibət də istəmirdim. Heç nə demədən çıxıb getdi. Həmin gün heç nə yazmadı, mən də yazmadım. Səhəri mənə meyvə göndərdi, növbəti gün salatlar. Amma heç nə yazmırdı. Mən də anlam verə bilmirdim. Güllər niyə belə məişət şeyləriylə əvəzləndi axı?! O yazmırdı deyə mən də yazmırdım. Beləcə, yalan olmasın altı ay keçdi. Bu zəhrimara görə müayinəyə gedirəm axı, bilirsiniz. Karidorda növbə gözləyəndə bir qadınla söhbətləşməyə başladım. Oğlunun onu gətirdiyini indi su almaq üçün aşağı düşdüyünü dedi. Növbə mənə gəldi, qadınla sağollaşıb içəri girmək üçün ayağa qalxdım. Məndən sonra qadının növbəsi idi deyə soruşdu ki, içəridə çox işiniz var? Müayinəyə gəldiyimi deyib keçdim. Həkim məni soyundurub baxdı. Hər şey qaydasında görünürdü. Silikonlarım da mənə yaraşıb, təbii alınıb deyə bir zarafatlaşdı da. Mən də gülüb Fəridin sözlərini xatırladım. Geyinib otaqdan çıxdım. Qadın indi də kiminləsə danışırdı. Gülümsəyib ona yaxınlaşdım ki, buyrun keçin. O da gözü ilə oğlunu axtarmağa başladı ki, tək keçməsin içəri. Fərid gəldi. Hə, Fərid… Anası imiş. Salfet axtaranda çəkməcədə dərmanlarımı görüb. “Zofran”, “Serukal”… Sonra BU DÖNƏM içməmə səbəbim və bulantımın nədəni aydın olub ona. “Mənim də ömrümün son beş ili bu dərmanları almaqla keçib” deyib gülümsədi. Heç nə demədən sağollaşdım. Yolda nə qədər ağlamışam Allah bilir. Mən dərdim bilinməsin deyə özümü yüngül aparsam da, bir tərəfdən dərd özün üzə çıxarırmış demək… Nəfəs ala bilmirəm… Süd vəzi xərçəngi adam öldürmür, amma insanların yanında özümü YAZIQ hiss etməyim məni öldürəcək. Bu duyğumu basdırmaq, gizləmək, örtmək üçün hər şey edirəm. Amma “serukal” məni ələ verib… (ağlayır)

 

Belə…

Məncə, Fəridə də bu dəqiqə psixoloq lazımdır. Hər döşü gözəli q.bə zənn etməyin vicdan əzabını çəkdiyi üçün. Onun bu təfəkkürünü dəyişəcək, həmin kodlamaları siləcək bir psixoloq.

Xədicələr isə mübarizəni sadəcə xərçənglə yox, həm də insanlar və onların baxışları ilə aparır. Süd vəzi xərçənginə görə kəsilən döşünün izahını HAMI soruşduğuna görə silikon etdirib “sualları aradan qaldırıb” . İnsanlara onların icazəsi olmadan SUAL VERMƏKDƏN ƏL ÇƏKƏK…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir