Mənzil bazarında qiymətlər son 15-20 ildə sabit qrafik cızmayıb. Düzdür, adətən, qiymətlərin yüksəlməsini müşahidə etmişik. Amma ciddi durğunluq yaşanan dövrlər də olub. Məsələn, 2011-2012-ci illərdə paytaxtda qiymətlərin hətta bir az aşağı düşdüyünü də görmək mümkün idi. Həmin dönəmdən sonra yalnız bahalaşma diqqət çəkir. Hətta 2015-ci il devalvasiyaları da vəziyyəti dəyişmədi. Sadəcə, əvvəllər qiymət dollarla ifadə olunurdusa, ABŞ valyutasının manata qarşı güclənməsindən sonra milli pul ilə sövdələşmə dəbə çevrildi.
Mənzillərin qiymətinin bir az da bahalaşacağı gözlənilir. İndi də qiymətlər aşağı deyil. Məsələn, paytaxtda Nəsimi rayonunun metronun “Memar Əcəmi” və “20 Yanvar” stansiyalarına yaxın ərazilərində sovet dövründə tikilmiş binalardakı üçotaqlı mənzillərin kvadratmetrinin dəyəri 2600-2800 manat arası dəyişir. İkiotaqlı mənzillərdə hər kvadratmetrin qiyməti 3000 manatı keçir. Birotaqlı mənzillərin müştərisi daha çoxdur. Çünki kirayə vermək imkanları genişdir. Buna görə də birotaqlı mənzillərdə bir kvadratmetrin dəyəri 3500 manatı da ötə bilər.
Heç Sumqayıtda da qiymətləri ucuz adlandırmaq olmaz. Gənclik şəhərinin bir sıra yerində binaların sökülməsi nəzərdə tutulub. Mənzil sahiblərinə hər kvadratmetrə görə 1500 manat təklif olunur. Halbuki Bakının Kubinka adlanan ərazisində sakinlərə təklif 1900 manatdan başlayır. Göründüyü kimi, fərq çox da böyük deyil. İndi Sumqayıtda üçotaqlı mənzillərin kvadratmetrinin dəyəri 1500 manat civarındadır.
Niyə mənzillərin qiymətinin bahalaşacağı gözlənilir?
Ekspertlər daha çox paytaxtla bağlı belə proqnozlar verirlər. Yeni metro stansiyalarının salınması planına diqqət ayırırlar. Hesab olunur ki, zamanla şəhər əhalisi yalnız artacaq. Metroya yaxın ərazilərdə qiymətlərin artacağı ehtimal olunur. “Xətai”dən “Həzi Aslanov”a qədər 4 stansiyanın inşası planlaşdırılıb. Həmin ərazilərdə qiymətlərin artmasına təəccüblənmək olmayacaq. “İçərişəhər” xəttinin uzadılması da nəzərdə tutulub.
Qiymətlər artacaq, amma əlçatan olacağını heç kim demir. Sadə insanlar üçün mənzil, həmişə həyatın ən vacib mübarizə predmeti olacaq. Hadisələrin gedişi də bunu göstərir.
Aytən