menzil

Mənzil qiymətləri sürətlə artır: İpotekasız ev almaq mümkünsüzə çevrilir

Baxış sayı: 407

Mənzil bazarında müəyyən durğunluq hökm sürür. Satış həcmi xeyli aşağı düşüb. Çünki qiymətlər göylərdə gəzir. Mənzil agentləri deyir ki, müştərilər baş verənləri adekvat saymırlar. Yəni qiymətlərin süni şəkildə bu qədər qaldırıldığını düşünürlər.

Nəsimi rayonunda illərdir mənzil agenti kimi çalışan Rasim Rəcəbov çox az müştərinin ciddi fikirlə bazara üz tutduğunu bildirir: “Sanki insanların mənzilə bu qədər pul verməyə heyfi gəlir. Sovet dövründə tikilmiş beşmərtəbəli binalarda ikiotaqlı mənzil 110-120 min manata satışa çıxarılır. Həmin mənzilə bu məbləği vermək istəyən nadir hallarda tapılar. Mənzil sahibləri həyatlarında ciddi problem yaşamadıqları halda çox güzəştə getmirlər. Bir növ mülkiyyətini dəyərsiz etmək istəmirlər. Qiyməti sonradan aşağı salanlar əsasən əvvəldən xeyli yüksək rəqəmlərdən danışanlardır. Başqa cür güzəşt etmirlər”.

Mənzil agentinin dedikləri mənzərəyə xeyli aydınlıq gətirir. Mənzil sahibləri mülkiyyətinə ciddi dəyər verir. Daşınmaz əmlaka münasibət çox dəyişib. İnsanlar pulunu necə saxlayacağını bilmir. Manata güvənmək olmur, hər an devalvasiya xəbəri gələ bilər. Xarici valyuta ilə pul saxlamaq heç də onun dəyərini qorumaq anlamına gəlmir. Qiymətlər bütün dünyada artır. Ən yaxşısı daşınmaz əmlak əldə etməkdir. Almaq çətindirsə, heç olmasa, əlində olan mənzilə dəyər verməlisən.

menzil

Bazara ipoteka kreditinə güvənərək gələnlərin sayı artıb. Əlbəttə, ölkədə ipoteka portfelinin böyüməsi yaxşı haldır. Amma bizdə bu müsbət tendensiya qiymətlərin sürətlə artmasına xidmət edir. Nağd pul kütləsinin azlığı özünü göstərir.

Bazarda qiymətlər çox yüksək, müştəri isə azdır. Bəzi mütəxəssislər bunun belə davam etməyəcəyini düşünürlər. Yəni qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırırlar. Bizim ölkənin mənzil bazarında belə hal axırıncı dəfə 2010-2012-ci illərdə olub. Onda da böyük ucuzlaşmadan söhbət gedə bilməzdi. Bu mənada ucuzlaşma olacağı çox da inandırıcı deyil.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir