meshurlar

Məşhur xanımlarımızın ÖZƏL İFTAR MENYULARI

Baxış sayı: 1. 185

Sizcə Azərbaycanda nə qədər məşhur xanım oruc tutur və onlar iftara hansı yeməkləri hazırlayırlar? Balaca bir araşdırma ilə bir çoxlarınızın pərəstiş etdiyi qadınların hazırda oruc olduğunu öyrəndik və onların özəl menyularını əldə etdik.

Əməkdar artist Elnarə Abdullayeva bildirdi ki, o, iftar süfrəsində əsasən şorba yeməklərinə üstünlük verir

“Mən iftarda çalışıram ki, süfrədə ən azı bir çeşid şorba olsun. Onu da deyim ki, xüsusi olaraq özüm üçün hazırladığım bir şorba var. Tərkibi: 1 kartof, 1 balaca soğan, 1 kök və bir az yumru düyü.

Hazırlanması üçün soğanı yağda qovururam, sonra kartof, kök əlavə edirəm. Hamısını birlikdə qarışdırıb, su əlavə edirəm. Su qaynayanda düyüsünü tökürəm. Şorba hazır olduqdan sonra süfrəyə çəkirəm və yanına göyərti pomidor sirkə əlavə edirəm”.

 

İftar süfrəsi hazırlayan məşhurlarımızdan biri də Mehriban Xanlarovadır. M.Xanlarova Lent.az-a bildirdi ki, hazırda sağlamlığında yaranan problemlə bağlı süfrəni özü açmasa da anası onun üçün xörək hazırlayır:

“Hazırda ayağım gipsdədir ona görə, anam mənim üçün yemək hazırlayır. Pomidor-badımcan dolması, kələm  dolması, bişirir. Belə də fərq etmir. Demək olar ki bütün nemətləri sevirəm. Evdə nə olsa şükür edirəm.  Əsas odur ki, şükür Allaha ruzimi verir”.

Xanım aktrisa adətən bu gün üçün hazırladığı özəl şorba reseptini də təqdim etdi:

“Tərkibi: 1 fincan düyü, 2 ədəd limon suyu, 1 stəkan un, 2 çömçə qatıq, 4 ədəd kartof, 1 yemək qaşığı nanə, 3 çay qaşığı duz, 1 ədəd yumurta, 2 yemək qaşığı yağ, 8 su stəkanı sümük suyu və ya su. Hazırlanması: Sümük suyunu və ya suyu qaynadın. Yuyulmuş düyünü əlavə edib, bişirin. Un, limon suyu, qatıq və yumurtanın sarısını az miqdarda su əlavə edərək çırpın. Qaynamaqda olan suya yavaş-yavaş əlavə edərək, davamlı qarışdırın. Özünə gələnə kimi bişirin. Əridilmiş 2 yemək qaşığı yağı nanə ilə qızardıb, şorbanın üzərinə səpin. Kiçik kublar halında doğranmış kartofları duru yağda qızardıb, süzün və şorbaya əlavə edin. Duz əlavə edib, ocaqdan alın”.

 

Müğənni Xuraman Şuşalı da bildirdi ki, o da iftar süfrəsində şorbaya üstünlük verir:

“Başqa günlərdə acılı yeməyi sevirəm. Ancaq bu ay çox duzlu istiotlu yeməməyə üstünlük verirəm. Daha çox maye qəbul edirəm xörək olaraq, toyuq yayması mənim sevimli menyumdur. Hətta ailə qurmamış yoldaşım Elçin üçündə bu xörəyi tez-tez hazırlayırdım. Yoldaşım elə düşünürdü ki, yəqin başqa yemək bişirmək əlimdən gəlmir (gülür). Yoldaşım Elçin də oruc tutur”.

Məşhur xanım hazırladığı xüsusi menyu ilə bizi də tanış etdi.

“Tərkibi: Toyuq filəsi, göbələk, bunları qaynadıram sonra suyunu süzürəm. Soğan dağı edirəm və qaynatdığım ətlə göbələyi əlavə edirəm. Üstünə qaymaq sonra smetan tökürəm hamısını qovururam olur çox dadlı yemək”.

 

Mövzu ilə bağlı diyetoloq Tutu Zeynalova da öz süfrəsindən bir menyu təqdim etdi:

“İftarı zeytun, xurma ilə açıram. İlıq su içirəm. Daha sonra yüngül tərkibli şorbalara üstünlük verirəm. Yeməkdən 40-45 dəqiqə sonra isə, quru meyvə, müxtəlif çərəzlərlə çay süfrəsi hazırlayıram”. (“Lent.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir