Bu gün bayramdır, biz xanımların özəl günüdür – 8 Mart Beynəlxalq Qadınlar Günü. Baxmayaraq ki, ildə bir dəfə keçirilir, qarşı tərəfin nümayəndələri çox vaxt bu bircə günü də biz xanımlara çox görürlər.
Onu da unutmayın ki, tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz qadınların adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib və etməkdədir.
Xanımların özəl günündə incəsənət nümayəndələrinə müraciət etdik. Onların xanımlara arzularını dinlədik, kimlərə hədiyyə alacaqlarını və kimlərdən hədiyyə gözlədiklərini soruşduq. Aldığımız cavablar isə müxtəlif oldu.
Faiq Ağayev ancaq anasına hədiyyə alacaq
Xalq artisti Faiq Ağayev xanımlara ancaq diqqət və qayğı arzu etdi: “Bayram münasibəti ilə qadınlarımızı təbrik edirəm. Bütün xanımlara daima diqqət, qayğı, nəvaziş içində qalmalarını arzulayıram. Həyat yoldaşları, sevdikləri balaları, sevdikləri insanlar tərəfindən diqqət görsünlər. Qoy bütün xanımlarımız yaxınlarından, doğmalarından sevgi görsünlər. Heç zaman nə edim, necə edim deməsinlər. Həyatda rahat yaşamaları, həmişə yanlarında etibar etdikləri, güvəndikləri biri olsun”.
Faiq Ağayev heç bir xanım müğənniyə hədiyyə verməyi planlaşdırmır. O, bu gün ancaq anasına hədiyyə alacağını bildirdi.
Mənsum İbrahimovun nəvələrinə hədiyyəsi var
Xalq artisti Mənsum İbrahimov Azərbaycan xanımlarına qadın xoşbəxtliyi arzu etdi: “8 Mart münasibətilə bütün Azərbaycan xanımlarını təbrik edirəm. Onlara xoşbəxtlik arzulayıram. Qoy xanımlarımız dünyanın ən bəxtəvər insanları olsunlar. İstəyirəm ki, hər bir xanım öz sahəsinin peşəkarı olsun və könülləri xoş olsun. O zaman insan özünü çox xoşbəxt hiss edir. Həmin an insan düşünür ki, doğrudan da bu həyatda yaşamağa dəyər. Mən bütün xanımlara şəxsi və iş həyatında uğurlar arzu edirəm. Əslində qadınlarımıza deyəcək çox sözüm var. Onun üçün ayrıca bir zaman lazımdır. Qadınlar bizim başımızın tacıdır. Həmişə var olun. Allah həmişə canınızı sağ etsin. Xanımlar bizim həyatımızın mənasıdır. Onlar hər birimizin həyatında böyük rol oynayır. Ona görə də bütün xanımları təbrik edirəm, qoy üzləri hər zaman gülsün. Simalarından təbəssüm əskik olmasın. Sabah ilk növbədə həyat yoldaşımı, qızlarımı, nəvələrimi və doğmalarımı təbrik edəcəyəm. Təbii ki, qadın həmkarlarımı da yaddan çıxartmayacağam. Fürsətdən istifadə edib «Kaspi» qəzetinin xanımlarını təbrik edirəm. Allah onların hər birini xoşbəxt etsin. Qələminizə qüvvət”.
Teyyub Aslanov bacısını, xanımını və qızını sevindirəcək
Əməkdar artist Teyyub Aslanov deyir ki, qadınlar təkcə 8 Martda yada salmaq düzgün deyil, onların hər zaman dəyərli olduqlarını vurğulamaq vacibdir: “8 Mart beynəlxalq qadınlar günü münasibəti ilə Azərbaycan xanımlarına ilk növbədə sağlamlıq və xoşbəxt ailə arzu edirəm. Sağlam və xoşbəxt qadın bütün çətinliklərin öhdəsindən hər zaman gələ bilər. Yenicə dünyaya gələn qız körpələrimizdən tutmuş, yaşlı nənələrimizə qədər hər bir xanımın ayrı-ayrılıqda bayramlarını təbrik edirəm. O ki, qaldı hədiyyə məsələsinə, səmimi deyəcəyəm, bu gün bacıma, xanımıma və qızıma hədiyyə alacağam. Bu gün (dünən) çalışdığım kollektivdəki xanımları da təbrik etdim. Amma təbrik edəcəyim hələ çox xanım var”.
Nura Suri oğlanlarının hədiyyəsini gözləyəcək
Tanınmış ifaçı Nura Suri də bizimlə söhbətində bildirdi ki, insan hədiyyəni kimdənsə gözləmir, sadəcə, kim sayır, təbrik edirsə, çox sağ olsun: “Amma mən heç kimi təbrik etmək fitrində deyiləm. 3 oğul anası olduğum üçün düşünürəm ki, məni oğlanlarım təbrik etməlidir. Müəllimlərini, sinif yoldaşlarını, xanım dostlarını təbrik etməlidirlər. Amma özüm heç kəsi təbrik etmək fikrində deyiləm və düşünürəm ki, doğru bir şey deyil. Düzdür, uşaq vaxtı belə düşünmürdüm. Gedib bağçadan gül dərib xalaları, nənələri təbrik edirdik. Amma yenə də bu xanımların günüdür və xanımlar bir-birini təbrik etməməlidir”.
Rəşad Kəsəmənli də anasına hədiyyə alacaq
Aktyor, şair Rəşad Kəsəmənli də xanımları təbrik etdi: “Mənim üçün qadın adına layiq olmaq çox ülvi bir şeydir. Hər insan qadın adına layiq ola bilmir. Əslində, biz deyirik ki, qadın anadır, qadın sevgidir, qadın sədaqətdir, qadın vəfadır, qadın incəlikdir, qadın gözəllikdir, həyadır, abırdır, bütün bu sadaladıqlarımı özündə cəmləşdirən hər bir kəsi təbrik edirəm. O kəslər ki, bunları özündə cəmləşdirə bilmir, onlar mənim üçün qadın deyil. Mənim təbrik etdiyim bunlardır. Təbii ki, öz anamı təbrik edəcəyəm”.
Günel Məmmədova o qədər adamdan hədiyyə gözləyir ki…
Tanınmış aktrisa Günel Məmmədova isə deyir ki, əsl bayram əhval-ruhiyyəsindədir: “Mart ayını çox sevirəm. Ona görə ki, mart bayramlar ayıdır. Bildiyiniz kimi, 8 mart gəlir, sonra teatr günü, sonra mənim ad günüm, ad günümdən sonra Novruz bayramı. Bayram bayrama qarışıb. Bu ay mənim üçün ən önəmlisidir, sırf mənim ayımdır, xoşbəxt aylarımdan biridir. Bu ayı çox sevirəm və bayramları sevirəm. O ki qaldı 8 Mart beynəlxalq qadınlar gününə, anamın timsalında bütün xanımların bayramı mübarək olsun. Şəhərə çıxanda görürəm ki, qadınların simaları gülür, bəylər hədiyyələr axtarırlar. Bunun özü bir gözəllikdir. İnsanlarda çox gözəl müsbət enerji var. Xanımlarımızda pozitivlik, motivasiya var ki, insan baxanda yaşamağa bir stimul alır. Həyat gözəldir. Bütün çətinliklərə baxmayaraq, pozitiv, simasında sevinc olan insanları görəndə istər-istəməz sən də xoşbəxt olursan”.
Aktrisa xanımlarımızı təbrik etdi və zəif cinsin nümayəndələri olmadıqlarını vurğuladı: “Əslində, bizə zəif cinsin nümayəndəsi deyirlər. Amma mən elə deməzdim. Biz zərifik, zərifliyimiz var, ancaq zəifliyimiz yoxdur. Çünki yeri gələndə, bəylər qədər işləyə də bilirik, eyni zamanda, zərif də ola bilirik, ana da ola bilirik, bacı da ola bilirik. Azərbaycanın xanımları çox güclüdürlər. Heç cür “zəif” ifadəsini bizim qadınlara şamil edə bilmərəm. “Qadın xoşbəxtliyi” şablon bir ifadə olsa da, xanımlarımıza həqiqi qadın xoşbəxtliyi arzu edirəm. Xanımlarımız hər zaman xanım olaraq qalsınlar. Azərbaycan qadınları xanım-xatındırlar. Bu xanım-xatınlığı daim qoruyub saxlasınlar. Həmişə dəyərli, hörmətli, qiymətli olsunlar. Hədiyyə əsas deyil. Çünki adi günlərin birində də hədiyyə vermək olar. Amma dəyəri, qiyməti xanımına bəxş etməyi hər adam bacarmır. İlk növbədə, hədiyyələri ailəmdən gözləyirəm. Dostlarımdan, yaxınlarımdan, məni sevən insanlardan gözləyirəm. Hədiyyələri çox sevirəm. Hədiyyə almağı da, hədiyyə verməyi də. İlk hədiyyəmi öncə ailəmin xanımlarına verəcəyəm. Sonra da təbii ki, rəfiqələrimə. Arzu edirəm ki, bəylər bu xoşbəxtliyi bizə özəl günlərdə yox, adi günlərdə də bəxş etsinlər”.
Səbinə Ərəbli həyat yoldaşından hədiyyə gözləyəcək
Xanəndə Səbinə Ərəbli də öz anasının simasında bütün xanımları təbrik etdi: “Hədiyyəni ailə üzvlərinə alacağam. Amma özüm həyat yoldaşımdan hədiyyə gözləyirəm”.
Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar! Sizi həmişə zərif görmək istəyirəm. Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı hər bir azərbaycanlı xanıma arzu edirəm. Onlar bundan da yüksək, ali mənsəbə, hörmətə və məhəbbətə layiqdirlər. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif varlıqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. (Kaspi.az)