usaq

Məsuliyyətsiz ana, nəzarətsiz uşaq və itirilən həyatlar

Baxış sayı: 1. 105

Mingəçevirdə bədbəxt hadisə yaşanıb. Qaynar su dolu qazan uşağın üstünə aşıb. Məlumata görə, hadisə valideyinlərin ehtiyatsızlığı üzündən baş verib. Qaynar su ilə dolu qazan 2018-ci il təvəllüdlü Bəkirzadə Mədinə Pərviz qızının üzərinə aşıb. Körpə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Adətən bu kimi hadisələrin əksəriyyəti valideyn ehtiyatsızlığı ucbatından gerçəkləşir. Əksər valideyn iş görərkən, yaxud da televizora  baxan zaman uşağa nəzarəti unudur. Nəzarətsiz qalan uşaq isə ya özünü yaralayır, ya da həyatını itirir.

Hadisəni dəyərləndirən sosioloq Lalə Mehralı bildirdi ki, bu kimi hallarda hər dəfə ananı günahlandırmaq tamamilə yanlışdır.

Onun sözlərinə görə, əvvəllər insanlarda empatiya var idi. Bir insanın başına bədbəxt hadisə gələndə, insanlar özünü həmin şəxsin yerinə qoymağı bacarırdı:

“Nədənsə son vaxtlar bu empatiya duyğusu yoxdur. İnsanlar bir hadisə baş verən zaman kimisə ittiham etməyə və günahlandırmağa çalışırlar. O körpənin valideyni övladının başına belə işin gəlməsini istəyərdimi? Əlbəttə yox. Körpəni valideynindən daha çox kim düşünə bilər? Bədbəxt hadisə olanda olur. Bəzən görürük ki, uşaq eyvandan yıxılır, su tökülür yanır, əli ütüyə yapışır və ya ət çəkən maşında qalır. Belə hadisələr hamının başına gələ bilər. Hər zaman deyirəm ki, belə məqamlara analara qədər diqqət edən yoxdur. Lakin təəssüf ki, həmişə uşaq ananın yanında olanda belə hadisələr baş verir”.

“İnsanlar bir hadisə baş verən zaman kimisə ittiham etməyə və günahlandırmağa çalışırlar”

Sosioloq bildirir ki, bir qisim valideyn də var ki, övladının sağlamlığını öz rahatlığına dəyişir:

“Belə anaları inkar etmək olmaz. Məsələn, əlinə telefon alır sosial şəbəkələrdə olur, yutubda nəyəsə baxır, televizorda başı seriala qarışır. Təbii ki, təhlükəsizlik qaydaların əməl olunmayan bir evdə uşağın başına istənilən hadisə gələ bilər. Konkret olaraq mən də belə bir vəziyyət yaşamışam və o zaman bildim ki, ani diqqət dağınıqlığı uşağın başına hansısa hadisənin gəlməsinə səbəb ola bilir. Hərdən olur ki, banka qaynadıram və qaynar qazanı yerə qoyduqdan sonra mətəbin qapısını açarla bağlayıram ki, uşaqlar girməsin. Amma bəzən də baxıram ki, başım qarışan kimi uşaqlar mətbəxin qapısını açıb içəri giriblər. Şükürlər olsun ki, tez xəbərim olub. Amma bədbəxt hallar mənim də başıma gələ bilər. Kimsə məni günahlandıra bilməz. Qadın anadı, insandı. O da yorulur və bezir. Diqqət dağınıqlığı nəticəsinə hər kəs belə hadisələrlə üzləşə bilər. Qadın yorula bilər və ehtiyatsızlıqdan bu kimi hallar baş verə bilər. Heç bir ana istəməz ki, övladının başına pis hadisə gəlsin. Ona görə də empatiya qurmaq və belə hallarda anaya dəstək olmaq lazımdır. Günahlandırmaq hər birimizin bacardığı işdir. Uşağın nənəsi, babası, atası, dayısı, əmisi, bibisi-hamı ananı günahlandırsın. Amma özlərini həmin qadının yerinə qoymalıdırlar. Bir qadın övladının acı çəkdiyi vəziyyətdə hansı hissləri keçirir bunu heç kəs bilməz.

Lalə Mehralı: “Uşaqlar indi hədsiz dərəcədə hərəkətli və hiperaktivdirlər”

Bir neçə dəfə görmüşük ki, ana ət çəkən maşında əti çəkib və maşın ortalıqda qalıb. Uşaq barmağını salıb ora və barmaqları gedib. Dəfələrlə belə hallara şahid olmuşam.  Bir dəfə metroda uşağın barmaqları eskalatrın pilləkanları arasında da qalmışdı. Həmin vaxt uşağın yanında anası və atası var idi. Uşaqlar indi hədsiz dərəcədə hərəkətli və hiperaktivdirlər. Bir nəfər uşağı nəzarətdə saxlaya bilmir. Ailələr cırtdanlaşmağa doğru getdikcə vəziyyət daha da çətinləşir. Çünki ata bütün günü işdə olur, ana hansısa ev işi ilə məşğul olanda uşaq nəzarətsiz qalır. Amma əvvəllər nənə-baba, əmi-bibi evdə olurdu və növbə ilə uşağa nəzarət edirdi. Əvvəllər ailələr böyük idi, uşaqlar nəzarətsiz qalmırdı və bədbəxt hadisələr çox yaşanmırdı. Deyirlər ki, bədbəxt hadisələr valideynin məsuliyyətsizliyi ucbatından çoxalıb. Amma konkret olaraq fikirləşmirik ki, ailələr cırtdanlaşıb. 3 nəfərdən ibarət ailədir, ata işdə və ananın başı qarışır deyə, övlad hər hansı bir xəta törədir. Yaxud da ata-ana işdədir, övladı baxıcı yanında qoyurlar. Baxıcı da insandır, təbii ehtiyaclarını qarşılamaq-yemək yemək, ayaq yoluna getmək istəyir. Yəni, ani nəzarətsizlik bu qədər böyük problem yarada bilir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir