Mezuniyyet

Məzuniyyətə getməmək işçinin əmək qabiliyyətinə və sağlamlığına necə təsir edir?

Baxış sayı: 2. 353
Əmək Məcəlləsinə görə, əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Bu vaxtdan işçi öz istəyinə uyğun olaraq il ərzində vaxt seçimini özü etməklə yararlana bilər. Amma elə insanlar var ki, fasiləsiz olaraq, heç bir məzuniyyət götürmədən işləyirlər. Bəs məzuniyyətə getməmək işçinin əmək qabiliyyətinə və sağlamlığına necə təsir edir?
Həkim-terapevt Məlahət Abbasova açıqlamasında bildirdi ki, hər bir işçinin məzuniyyətə getməsi vacibdir: “11 ay işləyən adamın bir ay istirahətə ehtiyacı olur. Çünki bədənin immun sisteminin güclənməsi lazımdır ki, xroniki yorğunluq halları keçsin, yaşadığı mühit bir balaca dəyişsin. Həmişə eyni mühit, eyni iş insanı bezdirə bilər. İnsan məşğul olduğu işi nə qədər sevsə də, bədənin istirahətə ehtiyacı olur. Bir ay istirahət edib, orqanizmi gücləndikdən sonra gördüyü işin effekti də yaxşı olur. İstirahətsiz il boyu çalışan insanların iş keyfiyyəti də zamanla aşağı düşür. Şənbə-bazar günü insan evdə istirahət edəndə birinci gün işə həvəslə gedir. Çünki yorğunluğu çıxır”.
Həkim deyir ki, bir neçə il məzuniyyətsiz işləyən, istirahət etməyən insanların sağlamlığında zamanla problemlər yaranır: “İlk olaraq immun sistemi aşağı düşür. İmmun sistemi aşağı düşəndə isə bəzi orqanlarda dəyişiklik olur, orqanizm adi xəstəliklərə qarşı müqavimətsiz olur. İstirahətsiz işləyən insanların bədənlərində xroniki yorğunluq baş qaldırır. Yorğun, halsız və yuxulu olurlar. İşdə yatmağa yer axtarırmış kimi çalışırlar. İşlərinin effekti olmur, bu, evdəki fəaliyyətə də mənfi təsir göstərir. İşçi mütləq ildə bir dəfə, mümkün olsa, iki dəfə istirahət etməlidir”.
M.Abbasovanın sözlərinə görə, istirahətin yay və ya qış aylarında edilməsi işçinin özündən asılıdır: “Yayda dəniz, günəş, qum vannası qəbul etmək olar, meyvələr boldur. İş insanın vaxtını aldığı üçün meyvə-tərəvəzdən də vaxtında və bol istifadə edilmir. İstirahətin yay aylarında olması immunitetin gücləndirilməsi cəhətdən yaxşıdır. Şəhərdən kənara çıxanda çay, meşə, dəniz, göl var. Bunlar insanların əhvalını qaldırır, sağlamlığına, immun sisteminə müsbət təsir göstərir. Amma elə insanlar var ki, qış istirahətini sevirlər. O cür insanlar məzuniyyəti qışda götürüb istirahət edə bilərlər”.
Psixoloq Orxan Oruc deyir ki, işçinin məzuniyyət hüququ bütün ölkələrdə təmin olunur:  “Məzuniyyət hüququ işçinin iş keyfiyyətinin yüksəldilməsi, aylar ərzində yığdığı yorğunluğu üzərindən atması üçün nəzərdə tutulub. Tez-tez elə insanlarla rastlaşırıq ki, onlar məzuniyyət hüquqlarından istifadə etmədiklərini söyləyirlər və çox təəssüf ki, bəzən bunu xüsusi fəxrlə deyirlər. Uzun müddət dincəlmədən çalışan işçinin vəzifəsindən, icra etdiyi işindən asılı olmayaraq, iş keyfiyyətinin mütləq şəkildə aşağı düşməsi başlayır. Ona görə də hər kəs 3-4 aydan bir məzuniyyət günlərindən istifadə etməklə dincəlməlidir”.
Psixoloq deyir ki, əslində həftə sonları istirahətinin də düzgün şəkildə təşkil olunması iş yorğunluğunun azalmasına və üst-üstə yığılmasının qarşısının alınmasına köməklik edə bilər: “Bəzən insanlarımız istirahət deyərkən yeyib-içib yatmağı nəzərdə tuturlar. Ancaq bu kimi istirahət iş yorğunluğunun azalmasına az müsbət təsir göstərir. Çox yaxşı olar ki, məzuniyyət tamamilə yeni bir mühitdə, təbiətdə, insanın sevdiyi şəxslərlə birgə keçirilsin. Belə bir ifadə var: “Məzuniyyətə ən çox ehtiyacı olan işçi məzuniyyətdən yeni gəlmiş işçidir”. Bu ifadə istirahətini düzgün təşkil etməmiş şəxslər üçün tamamilə uyğun bir ifadədir”.
O.Oruc bildirdi ki, orta məktəbdən və təhsil illərindən qazandığımız bir vərdişə əsasən hər kəs məzuniyyət günlərini yayda istifadə etməyə çalışır. Amma məzuniyyətin effektli alınması üçün doğru zamanın seçilməsi çox vacibdir: “Yəni elə şəxs ola bilər ki, onun payızda və ya qışda dincəlməsi yayda dincəlməsindən daha effektli ola bilər. Bunu hər kəs özü üçün müəyyənləşdirməlidir. Bu, insanların şəxsi xüsusiyyətlərindən, zövqlərindən, istirahət anlayışlarından asılı olaraq dəyişə bilər”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçilərin məzuniyyət hüquqları əksini tapıb. Məcəlləyə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də məzuniyyətlərdən istifadə etmək hüququ var. İşçilərin məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
E.Babayev deyir ki, hər bir işçinin qanunvericilikdə nəzərdə tutulan məzuniyyət hüququ, o cümlədən əmək məzuniyyəti hüququ  pozulduğu hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək hüququ var.
Şöbə müdirinin sözlərinə görə, 2015-ci ilin noyabr ayından özəl sektora aid müəssisələrdə yoxlamaların aparılması iki il müddətinə dayandırıldığından hazırda yalnız vətəndaşların müraciətləri əsasında bu və ya digər müəssisədə araşdırmalar aparılır: “Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər bir vətəndaş müraciəti diqqətlə araşdırılır, əmək hüquqlarının, eləcə də əmək məzuniyyəti hüququnun pozulması halı aşkar edildiyi təqdirdə həmin hüquqların bərpası istiqamətində qanunvericiliyə uyğun şəkildə tədbirlər görülür”.
E.Babayev bildirdi ki, son illərdə iş yerlərində işçilərin Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş əmək məzuniyyəti hüquqlarının pozulması halları ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciətlərin sayında azalma özünü göstərib: “Təhlillərə əsasən qeyd etmək olar ki, dövlət  sektoruna aid müəssisələrdə əmək məzuniyyəti hüquqlarının pozulması halları özünü göstərmir və  daxil olan müraciətlər də qeyri-dövlət sektoruna aid müəssisələrlə bağlı olur. Edilən  müraciətlər isə əmək məzuniyyətinin verilməməsi ilə bağlı deyil, məzuniyyət vaxtı üçün işçiyə qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilməli olan vəsaitin məbləği, onun hesablanması ilə əlaqədar olub. Müraciətlərlə bağlı konkret tədbirlər görülərək müvafiq şəxslərin hüquqları bərpa edilib, eyni zamanda, müvafiq işəgötürənlərə aidiyyəti üzrə hüquqi izahatlar verilib”.
E.Babayev qeyd etdi ki, işəgötürənlər arasında əmək qanunvericiliyi ilə bağlı ardıcıl şəkildə müxtəlif formalarda təbliğat-maarifləndirmə işləri də aparılır. Bu tədbirlər zamanı işçilərin əmək məzuniyyəti hüquqları, eləcə də bu hüquqların pozulduğu hallarda qanunvericilikdə nəzərdə tutulan tədbirlər barədə də işəgötürənlərə dolğun məlumatlar verilir.
Aygün Asimqızı



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir