is

“Maaş gözləntiniz nədir?” sualına veriləcək ən yaxşı cavablar

Baxış sayı: 430

İş görüşməsi nə qədər yaxşı keçsə də, sizi çaşdıra biləcək suallar hər zaman olacaq. “Orta hesabla nə qədər maaş gözləyirsiniz?” tipli sual kifayət qədər aydın görünsə də, cavabı çox mürəkkəb ola bilər. Unutmayın, bu suala cavab verərkən məqsədiniz hər zaman yüksək olmalıdır. Bəs əgər orta maaşdan daha yüksək bir məbləğ gözlədiyinizi desəniz? Digər tərəfdən, çox aşağı bir məbləğ desəniz, bu sizi gələcəkdə narazı sala və xoşbəxt etməyə bilər. Daha da pisi, müraciət etdiyiniz və hələ işləmədiyiniz bir vəzifə üçün nə qədər maaş istəməli olduğunuzu dəqiq bilməyə bilərsiniz. Bu sual üçün “tam doğru” bir cavab yoxdur, lakin ən uyğun cavabı necə vermək olar? 

Beləliklə, bu suala verə biləcəyiniz bir neçə alternativ cavabı təqdim edirik:

Elektron ərizə formalarında bu sualdan yayınmaq daha çətindir. Bu sualı boş buraxıb növbəti səhifəyə keçmək istəyə bilərsiniz, amma boş sahəni doldurmadan sistem növbəti səhifəni açmır. Belə hallarda konkret rəqəm vermək vacib olur.

Müsahibə zamanı necə cavab vermək olar?

Əgər canlı iş görüşməsindəsinizsə və bu sual sizə verilsə, aşağıdakı kimi  açıq cavablar verməyə cəhd edə bilərsiniz:

•    Maaş gözləntim təcrübəm və bacarıqlarımla əlaqəlidir
•    Əgər burada işləmək hər iki tərəf üçün faydalı olacaqsa, maaş məsələsində anlaşacağımıza inanıram

Lakin müsahibəni aparan şəxs sizdən əslində dəqiq bir məbləğ eşitmək istəyir. Bu səbəbdən də, əvvəlcədən ağlınızda orta bir maaş məbləği müəyyənləşdirməyiniz çox vacibdir.

Əgər bu suala hazır deyilsinizsə…

Hazırlıqsız yaxalanmısınızsa və dəqiq bir məbləğ demək çətindirsə, ola bilsin ki, bazardan bir qədər aşağı bir rəqəm demək daha təhlükəsizdir, lakin bu da risklidir. Hər zaman özünüzü dəyərli göstərmək üçün düzgün araşdırma aparmaq daha doğrudur.
Əvvəlki iş yerinizdəki maaşınız və yeni gözləntiniz

Bəzi ölkələrdə işəgötürənin sizdən əvvəlki maaşınızı soruşması qanunla qadağandır, lakin bir çox yerdə bu hələ də soruşulur.
Əgər əvvəlki iş yeriniz bazar standartlarına uyğun maaş verirdisə, yeni potensial iş yerinizə bunu bildirə bilərsiniz. Əgər fərqli bir sahəyə və ya vəzifəyə müraciət edirsinizsə, əlavə araşdırma aparmaq vacibdir.

Maaş araşdırması necə aparılır?

Bir çox tanınmış saytlar müxtəlif vəzifələr üzrə orta maaşları təqdim edir. Araşdırarkən sadəcə sahəni yox, konkret vəzifə adlarını yazaraq fərqli maaş aralıqlarını müqayisə edə bilərsiniz. Lakin unutmayın, vəzifə adları və tərifləri şirkətdən şirkətə fərqlənə bilər. Ən yaxşısı, iş təsvirinə baxaraq uyğunluq yaratmaqdır. Və çox vacib detal isə maaşların şəhərdən şəhərə dəyişməsidir. Məsələn, bir kompüter mühəndisi Bakıda alacağı maaşla, Qusarda və ya Tovuzda eyni maaşı almayacaq.

Nə çox yüksək, nə çox aşağı

Yüksək maaş gözləntisi ilə işəgötürəni qorxutmayın. Amma çox aşağı deyərək öz dəyərinizi də ucuzlaşdırmayın. Əgər maaş sizin üçün uyğun deyilsə, bəlkə də o iş sizin üçün deyil.

“Maaş gözləntiniz nədir?” sualına nümunə cavablar:

•    “Bakı şəhərində bu vəzifə üçün orta hesabla X AZN ilə Z AZN arasında maaş verildiyini görürəm. Mənim də təcrübəmlə uyğun olaraq gözləntim Y – Z AZN arasındadır”.
•    “Təcrübəmi nəzərə alaraq uyğun bir maaş almağı arzu edirəm”.
•    “Araşdırmalarıma əsasən bu vəzifə üçün başlanğıc olaraq X – Z AZN arası bir maaş mənim üçün uyğundur”.
•    “Maaş məsələsində elastikəm, lakin sahədə kifayət qədər təcrübəm olduğunu nəzərə alsaq, X – Z AZN aralığında bir maaş gözləyirəm”.

 

Günay




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir