erzaq

Mağazalardan evimizə ərzaq sifariş edə biləcəyikmi?

Baxış sayı: 1. 646

Son vaxtlar dünyanı təşvişə salan koronavirus təhlükəsi bütün dövlətləri əlavə tədbirlər görməyə məcbur edir. Azərbaycan da bu prosesdən geri qalmır və müəyyən tədbirlər planı həyata keçirir. İlk növbədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri davam etdirilir. Digər vacib məqam isə insanların sıx toplaşdığı məkanların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır. Alış-veriş mərkəzləri, əyləncə məkanlarının fəaliyyəti ilə bağlı müəyyən qərarlar qəbul edilib. Bu günlərdə insanların çoxu ofislərdə deyil, artıq evindən işləyir.

Eyni zamanda, qarşıdan 10 günlük Novruz tətili gəlir. Belə bir məqamda hər kəsi ən çox düşündürən sual mağaza və böyük supermarketlərin fəaliyyəti ilə bağlıdır. Artıq bu məsələ ilə bağlı da müəyyən təkliflər var. Belə ki, Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətləri işə salınacaq. Trend-in məlumatına görə, bu, koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydalarda öz əksini tapıb. Qaydaya əsasən, alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətləri işə salınır. Bu tədbirlərə əməl edilmədiyi təqdirdə, cavabdeh şəxslər barədə ciddi tədbirlər görüləcək. Qeyd edək ki, koronavirus infeksiyası (COVID-19) ilə mübarizə sahəsində 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri həyata keçirilir. Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir.

Bəs görəsən supermarketlərimiz buna hazırdırmı? Ümumiyyətlə, mağazaların bunun üçün potensialı varmı? Nəzərə alaq ki, çatdırılma xidməti həm də əlavə işçi tələb edir. Mağazalar bu problemi necə həll edəcək?

“Oba” marketlər şəbəkəsindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ ilə bağlı mağazalarda məhsulun təminatı, sifarişlərin qəbul edilməsi, müştərilərə çatdırılması ilə bağlı proses sürətləndirilib: “Bildiyiniz kimi, bütün rayonlarda fəaliyyət göstərən market şəbəkəsi olduğumuz üçün bu məsələdə də yüksək aktivliklə iştirak etmək imkanımız var. Məhsulların təminatı ilə bağlı ciddi işlər aparılır və bütün proses nəzarətimizdədir. Çatdırılma xidmətinin düzgün formada aparılması üçün əlimizdən gələni edəcəyik”.

“Araz” supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova bildirdi ki, onlar artıq bu təşəbbüsə qoşulublar: “Belə ki, yaşayış binalarının altında, məhəllələrdə yerləşən marketlərdə evlərə çatdırılma xidməti artıq fəaliyyətə başlayıb. Xüsusi təyin olunmuş mobil nömrələr mənzillərə paylanılır. Müştərilər bu nömrələr vasitəsilə sifarişlərini verə bilirlər. “Araz” supermarketlər şəbəkəsində ərzaq kifayət qədərdir. İstər anbarda, istərsə də marketlərimizdə kifayət qədər ərzaq var. Məhsul çatışmazlığı probleminin olmayacağını düşünürük”.

“Rahat Market”  supermarketlər şəbəkəsinin marketinq müdiri Kənan Şirinov söylədi ki, hazırda bu məsələ ilə bağlı tədbirlər planı hazırlanır: “Bu günlərdə təqribən 10-a yaxın mağazamızda çatdırılma xidməti göstəririk. Bütün mağazalara mobil nömrələr təyin etmişik. Bütün mağazaların ünvanları və qarşısında mobil nömrələr qeyd olunacaq. Sifariş etmək istəyən hər kəs özünə ən yaxın ünvana zəng edib istədiyi məhsulu sifariş edə bilər. 30 manata qədər və 30 manatdan çox olan sifarişlər qəbul olunur və çatdırılır. Çünki test mərhələsində gördük ki, bəzən insanlar adi bir içki, siqaret sifariş edir. Belə bir dövrdə vəziyyəti nəzərə alıb, bəlli bir məbləği tələb olaraq qoyduq. Çalışacağıq ki, vacib olan bütün sifarişlər vaxtında ünvanına çatdırılsın. Çatdırılma xidmətimiz səhər saat 9-dan axşam saat 9-a qədər aktiv olacaq. Qeyd etdiyim kimi, biz artıq bu xidmətə başlamışıq. 40 filialımız fəaliyyət göstərir. Bu filialların hamısı Bakı şəhərində yerləşir. Hazırki vəziyyəti qiymətləndirsək, deyə bilərəm ki, çatdırılma xidməti üçün işçilər ayrılıb. Amma müştəri sifarişləri çoxalarsa, əlavə işçiyə ehtiyac yaranacaq ki, bu da tərəfimizdən təmin ediləcək”.

“Bizim market” marketlər şəbəkəsinin marketinq direktoru Pərviz Əzimov söylədi ki, ölkəmizdə bu sahədə vəziyyət qaneedici deyil: “Ərzaq çatdırılması ilə bağlı fəaliyyət göstərən kuryer şirkətləri yox səviyyəsindədir. Hal-hazırda biz gündəlik tələbat mallarının da daxil olduğu 400-ə yaxın məhsulun siyahısını çıxarmışıq. Bütün mağazaların nömrələri qeyd olunacaq. Bayrama qədər 1.5-2 km radius civarında çatdırılma xidmətini həyata keçirmək niyyətindəyik. Bu günlərdə 10-a yaxın kuryer şirkəti ilə əlaqə yaratmağa çalışdıq. Heç birinin bunun üçün potensialı yoxdur. Ona görə də məcbur olub özümüz həllər planı hazırlayacağıq. Yəqin ki, müvəqqəti olaraq kirayə avtomobil vasitəsilə bu problemi həll etməyə çalışacağıq. Elə bir məqamdır ki, indiki halda bizim məqsədimiz qazanc əldə etmək deyil. Sadəcə olaraq, tətil günlərində insanları zəruri ərzaq məhsulları təmin etməyə çalışırıq. Ola bilsin ki, bunun üçün əlavə büdcə ayırmalı olduq. Yeni işçilər götürə bilərik. Amma istənilən halda, çatdırılma bütün məhsullara şamil edilə bilməyəcək. Çünki bu sahədə startap layihələr yoxdur. Məsələn, qardaş ölkə Türkiyədə beşə yaxın startap kuryer xidməti fəaliyyət göstərir. Bildiyim qədəri ilə, bizdə də təzəlikcə belə bir layihə olacaq. Əgər bu xidmət olarsa, mütləq şəkildə əməkdaşlıq edəcəyik. O zamana qədər özümüz bütün mağazalarımızda operativ şöbələr yaradırıq. Mağazaların önündə əlaqə nömrələri qeyd olunacaq. Sosial media vasitəsilə vətəndaşlara müraciət edəcəyik. Öz müştəri bazamıza mesaj vasitəsilə bildiriş göndərəcəyik. Hələlik, məhsul və ərzaq qıtlığı yaşanmır. Bu məsələ ilə bağlı panikaya düşmək lazım deyil. Anbarımızda kifayət qədər məhsul var. Ümid edirəm ki, bu müddətdə heç bir sıxıntı olmayacaq. Ən azından, gündəlik qida rasionuna daxil olan məhsulların çatdırılmasında problem olmayacaq”.

Qeyd edək ki, ölkənin ən böyük supermarketlər şəbəkəsi olan “Bravo”dan iş günü ərzində sualımıza cavab ala bilmədik.

 

Şəbnəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir