Ölkəmizdəki marketlərdə eyni firmaya məxsus məhsul alıcılara fərqli qiymətə təklif edilir. Yəqin ki, çoxlarımız müxtəlif marketlərdə bunun şahidi olmuşuq. Xüsusilə də böyük marketlər şəbəkəsində eyni məhsullar arasında 50 qəpik, hətta bir manata qədər fərq olduğu müşahidə edilir. Əslində, bu qədər fərqin olması böyük alıcı kütləsinin narazılığına səbəb olmurdu. Lakin “Araz” marketlər şəbəkəsindəki qiymət fərqi nəzərəçarpan dərəcədədir.
Məhsulların bir əldən paylandığını düşünəndə, insanda belə bir təəssürat yaranır ki, məhsulun qiyməti bütün marketlərdə eyni qiymətə satılmalıdır.Yeni Günəşli qəsəbəsi V massivində yerləşən “Araz” marketdə 5 kiloluq “Ariel” yuyucu tozu 14.99 AZN olduğu halda, həmin məhsul eyni massivdəki “Xəzər” marketdə 12.48 AZN təşkil edir. Bundan başqa, “Xəzər” marketdə “Colgate Herbal” diş pastası 1.84 AZN, “Araz” marketdə isə 2.99 AZN-dir.
Fuad İbrahimov: “Müştərilər bəzi hallarda qiymətlər arasındakı fərqi başa düşmürlər. Amma bu fərqlər ticarət fəndlərinin istifadəsindən əmələ gəlir”
İqtisadçı-ekspert Fuad İbrahimov bildirir ki, hər bir məhsulun istifadə müddəti var. Bəzi hallarda elə məqamlar olur ki, istifadə müddətinin bitməsinə az qalanda məhsulu aşağı qiymətə satırlar.
İqtisadçının sözlərinə görə, marketlərdə eyni məhsulun fərqli qiymətlərlə təklif edilməsində qanun pozuntusu yoxdur:
“Araz” marketdəki qiymət fərqliliyinə gəlincə, bu mağazada ticarətin digər növündən istifadə edirlər. Məsələn, 50 manatdan çox alış-veriş edənlərə yuyucu tozunu maya dəyərinə verirlər. Həmçinin elə marketlər var ki, baxmayaraq ticarət obyektidir, eyni zamanda respublikaya mal idxal edirlər. Məsələn, spirtli içkilər. Həmin marketlərdə görürük ki, spirtli içkilərin qiyməti digər marketlərdən fərqlənir. Bütün bunlar marketin holding kimi fəaliyyət göstərməsi ilə bağlıdır. Yəni, şirkətin bir qolu idxal edir, digəri isə topdan və ya pərakəndə satışla məşğul olur. Bunların hər biri ticarət fəndləridir. Təəssüf ki, müştərilər bəzi hallarda qiymətlər arasındakı fərqi başa düşmürlər. Amma bu fərqlər qeyd etdiyim ticarət fəndlərinin istifadəsindən əmələ gəlir”.
Eyyub Hüseynov: “Liberal bazar iqtisadiyyatından sui-istifadə edib, istehlakçıların hüquqlarını pozanlar var”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, hazırda bazarda anormal vəziyyət hökm sürür:
“Demək olar ki, hər gün istehlakçılar qiymətlərin bu vəziyyətindən şikayət üçün bizim birliyə zəng vururlar. Təbii ki, azad bazar iqtisadiyyatıdır, vergiləri vaxtında və tam həcmdə ödəmək şərti ilə kim nəyi neçəyə istəsə, həmin qiymətə də sata bilər. Heç kim buna mane ola bilməz. Lakin ölkəmizdə olan liberal bazar iqtisadiyyatından, həmçinin biznesmenlərə yaradılmış rahat şəraitdən sui-istifadə edib, istehlakçıların hüquqlarını pozanlar var. Bəzi satış müəssisələri brend malları imitasiya edib, üzərinə etiket vurmaqla və ya həmin məhsulu ölkəyə qaçaqmal yolu ilə gətirərək aşağı qiymətə satırlar. Əslində, bu həm istehlakçı, həm də istehsalçı hüquqlarının pozulmasıdır. Son dövrlər bu hal xüsusilə də kosmetika məhsullarında müşahidə olunur. Təsəvvür edin, bir firma heç bir qanuna uymadan, vergi vermədən, sənədsiz şəkildə həmin malların satışı ilə məşğul olur və bazarda haqsız rəqabət yaradır”.
E.Hüseynov qeyd edir ki, Azərbaycan bazarının bütün seqmentlərində bu problem var:
“Lakin bunu da vurğulamaq istəyirəm ki, bahalı mal heç də keyfiyyətli məhsul demək deyil. Hətta bəzən bahalı brendlərdə belə saxta, keyfiyyət göstəricisi aşağı olan məhsullar ola bilər. Azad İstehlakçılar Birliyi vətəndaşların ucuz və keyfiyyətli mal almaları üçün çalışır. Və bunun üçün bəzi keyfiyyətsiz malların bazardan çıxarılması istiqamətində bir sıra işlər görür. Vətəndaşlara məsləhət görərdim ki, məhsul alarkən satış müəssisəsindən məhsulun sertifikatını soruşsunlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna görə, alıcıların malın bütün sənədlərini soruşmaq, bu haqda məlumat əldə etmək hüququ var”.